1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. bərpa olunan enerji mənbələri – ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.);
1.1.2. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsi – bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı və istehlakını əhatə edən fəaliyyət sahəsi;
1.1.3. hərrac – bərpa olunan enerji mənbələri ərazisində müəyyən edilmiş güc üzrə elektrik enerjisi istehsal edəcək istehsalçının seçilməsi və elektrik enerjisinin satınalma müqaviləsində tətbiq ediləcək zəmanətli tarifin müəyyən edilməsi üçün auksion və ya müsabiqə formasında keçirilən prosedur;
1.1.4. elektrik stansiyası – bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üçün lazım olan qarşılıqlı əlaqəli avadanlıq və onlara aid tikililərin kompleksi;
1.1.5. istehsalçı – elektrik stansiyasında elektrik enerjisi istehsalını həyata keçirən şəxs;
1.1.6. bərpa olunan enerji mənbələrinin ərazisi – bərpa olunan enerji mənbələri potensialına malik olan və elektrik enerjisinin istehsalı üçün uyğun olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş torpaq sahəsi (su obyekti);
1.1.7. elektrik şəbəkəsi – elektrik enerjisinin ötürülməsi və paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu;
1.1.8. istehlakçı – alqı-satqı müqaviləsi əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs;
1.1.9. elektrik şəbəkəsinə qoşulma müqaviləsi – istehsalçı ilə ötürücü şəbəkə üzrə ötürücü sistem operatoru, paylayıcı şəbəkə üzrə paylayıcı sistem operatoru arasında bağlanılan, elektrik stansiyasının elektrik şəbəkəsinə qoşulmasının təmin edilməsi və buna dair xidmətin göstərilməsi haqqında müqavilə;
1.1.10. zəmanətli alıcı – elektrik enerjisinin zəmanətli tariflərlə satın alınmasını, həmçinin onun elektrik enerjisinin topdansatış bazarında satışını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.11. zəmanətli tarif – elektrik şəbəkəsinə verilən elektrik enerjisinin hər kilovat-saatı üçün dəstək mexanizmi çərçivəsində bərpa olunan enerji mənbələrinin əraziləri üzrə hərrac və ya birbaşa cəlbetmə yolu ilə müəyyənləşdirilmiş istehsalçılara münasibətdə müəyyən edilən tarif;
1.1.12. aktiv istehlakçı – elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına 150 kVt-dək (150 kVt daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs;
1.1.13. elektrik enerjisinin satınalma müqaviləsi – bərpa olunan enerji mənbələri ərazilərində istehsal edilmiş elektrik enerjisinin alqı-satqısına dair istehsalçı ilə zəmanətli alıcı arasında bağlanılan müqavilə;
1.1.14. fəaliyyət planı – bərpa olunan enerji mənbələrinin təbiətdə mövcud potensialı, müasir texnologiyaları, elektrik şəbəkəsinin inkişafı, elektrik enerjisinin istehlakı proqnozları və elektrik enerjisi istehlakçılarının maarifləndirilməsi istiqamətində aparılmış tədqiqatlara əsaslanan ümumdövlət, yerli və digər tədbirləri, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə dair hədəfləri müəyyən edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sənəd;
1.1.15. balanslaşdırma – ötürücü sistem operatoru tərəfindən keyfiyyət göstəricilərinə uyğun elektrik enerjisinin istehsalı, idxalı, ixracı və istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslər;
1.1.16. balanslaşdırma məsuliyyəti – elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, saxlanmasının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərə uyğun olaraq balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin onların ötürücü sistem operatoru qarşısında elektrik enerjisinin qeyri-balansının tənzimlənməsindən irəli gələn maliyyə öhdəlikləri üzrə məsuliyyəti.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.