Qanunvericilik › Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın hüquqi qüvvəsi

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarixdən:

7.1.1. həmin torpaq sahəsi (su obyekti) bərpa olunan enerji mənbələrinin ərazisi kimi tanınır;

7.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 8-ci maddəsinə uyğun olaraq bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalı üçün istehsalçının seçilməsi ilə bağlı tədbirlər görür;

7.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 6.7-ci maddəsində müəyyən edilmiş müddət nəzərə alınmaqla, torpaq sahəsi (su obyekti) üzərində hüquqların ötürülməsi ilə bağlı müvafiq tədbirlər görür.

7.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini bu Qanunun 6.4.7-ci maddəsində nəzərdə tutulan şəxslərin diqqətinə çatdırmaq vəzifəsi daşıyır.

7.3. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarixdən bu Qanunun 6.7-ci maddəsində müəyyən edilmiş müddətədək elektrik stansiyası istisna olmaqla, digər tikinti obyektlərinin tikintisinə icazə, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində (su obyektində) tikinti obyektinin inşasına razılıq verilə bilməz.

7.4. Bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilən torpaq sahəsində (su obyektində) elektrik stansiyasının tikintisinə və quraşdırılmasına Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verildiyi andan həmin torpaq sahəsinin kateqoriyası və torpaq sahəsindən yol verilən istifadə növü dəyişdirilmiş hesab edilir.

7.5. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərar qüvvəsini itirdikdə və ya bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddət sona çatanadək bərpa olunan enerji mənbələri ərazisində elektrik stansiyasının tikintisinə və quraşdırılmasına icazə alınmadıqda, hər hansı hərəkət zərurəti olmadan torpaq sahəsi (su obyekti), o cümlədən torpaq sahəsində yerləşən tikinti obyektləri üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslərin həmin daşınmaz əmlakla bağlı hüquqları bərpa olunmuş hesab edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver