12.1. Elektrik enerjisi istehsalçısının aşağıdakı vəzifələri vardır:
12.1.1. “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun elektrik enerjisi istehsal etmək;
12.1.2. icazə şərtlərinə uyğun olaraq ötürücü və paylayıcı şəbəkələrə qoşulma nöqtəsində güc həcmlərini təmin etmək;
12.1.3. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
12.1.4. elektrik enerjisi bazarında iştirak etmək üçün bu Qanunun 29-cu maddəsində nəzərdə tutulan müvafiq müqavilələri bağlamaq və onların şərtlərinə əməl etmək;
12.1.5. balanslaşdırma və köməkçi xidmətlər bazarlarında iştirak etmək, habelə balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırma məsuliyyətini daşımaq;
12.1.6. elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
12.1.7. elektrik stansiyasının etibarlı və fasiləsiz işini təmin etmək;
12.1.8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək.
12.2. Elektrik enerjisinin istehsalçısı aşağıdakı hüquqlara malikdir:
12.2.1. topdansatış bazarında elektrik enerjisini almaq və satmaq;
12.2.2. bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisini satmaq;
12.2.3. elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək;
12.2.4. istehsal etdiyi elektrik enerjisini saxlamaq.