Qanunvericilik › Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Elektrik enerjisinin təchizatı

Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir.

18.2. Elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməz.

18.3. Elektrik enerjisinin təchizatı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətinə münasibətdə hüquqi və iqtisadi baxımdan müstəqil fəaliyyətdir.

18.4. Ötürücü və paylayıcı sistem operatoru, habelə onun idarəetmə və ya qərar qəbuletmə prosesində iştirak edən şəxslər elektrik enerjisi təchizatçısının əmlakı üzərində mülkiyyət və ya istifadə hüququna, yaxud elektrik enerjisi təchizatçısının idarəetmə orqanlarının tərkibinin formalaşdırılmasında və ya həmin orqanların qərar qəbuletmə prosesində iştirak etmək hüququna malik ola və bu məqsədlə əqdlər bağlaya bilməzlər.

18.5. Elektrik enerjisi təchizatçısının vəzifələri aşağıdakılardır:

18.5.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

18.5.2. istehlakçı qrupları üzrə elektrik enerjisi təchizatının şərtlərini rəsmi internet saytında dərc etmək;

18.5.3. istehlakçılara onların hüquqlarını, vəzifələrini, habelə sərbəst istehlakçılara elektrik enerjisinin təchizatçısını seçmək hüququnu izah etmək;

18.5.4. öz təşəbbüsü ilə istehlakçı (sərbəst olmayan istehlakçılar istisna olmaqla) ilə bağlanılmış müqavilə şərtlərinin dəyişdirilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl istehlakçıya bu barədə bildiriş təqdim etmək (göndərmək);

18.5.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, bazar operatoruna, bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq müqavilə bağladığı ötürücü və (və ya) paylayıcı sistem operatoruna və elektrik enerjisinin istehsalçısına elektrik enerjisi bazarında fəaliyyətinə dair topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatlar və məlumatlar təqdim etmək;

18.5.6. bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq ötürücü və ya paylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş elektrik enerjisinin dəyəri və sabit tarif barədə hesab təqdim etmək;

18.5.7. istehlakçı ilə bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək.

18.6. Elektrik enerjisi təchizatçısının hüquqları aşağıdakılardır:

18.6.1. ötürücü və (və ya) paylayıcı sistem operatorlarından müvafiq olaraq ötürmə, yaxud paylama xidmətlərinin göstərilməsini tələb etmək;

18.6.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan istehlak etdiyi elektrik enerjisinin dəyərinin və sabit tarifin ödənilməsini tələb etmək.

18.7. Sərbəst olmayan istehlakçıların, habelə bu Qanunun 19.8-ci maddəsində nəzərdə tutulan sərbəst istehlakçıların elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli təchizatçı müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver