Qanunvericilik › “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 16.07.2018) › Tam mətn

“Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 16.07.2018)

“Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 16.07.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. yerli və xarici ekspertləri, habelə beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, aşağıdakıları doqquz ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.3.1. elektrik qurğularının quraşdırılması qaydasını;

2.3.2. elektrik və istilik qurğularının texniki istismar qaydasını;

2.3.3. elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydasını;

2.3.4. elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını;

2.3.5. yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2018-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikasında elektroenergetika, istilik və qaz təchizatı sektorlarında (bundan sonra – müvafiq sahə) nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Müvafiq sahədə nəzarətin məqsədi vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasını, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik enerjisi, habelə istilik və qaz ilə təchiz edilməsini, nəzarət edilən subyektlər tərəfindən müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

1.3. Müvafiq sahədə nəzarət edilən subyektlər aşağıdakılardır:

1.3.1. elektrik və istilik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları, təchizatçıları və istehlakçıları (məişət abonentləri istisna olmaqla);

1.3.2. qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı fəaliyyətini həyata keçirən hüquqi şəxslər (bundan sonra – qaz təchizatı subyektləri), istehlakçılar, o cümlədən iri istehlakçılar.

1.4. Müvafiq sahədə nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

1.5. Agentlik tərəfindən müvafiq sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

2.1. Elektroenergetika və istilik təchizatı sektorlarında nəzarətin həyata keçirilməsi ilə bağlı Agentliyin aşağıdakı səlahiyyətləri vardır:

2.1.1. ötürücü və paylayıcı sistem operatorlarının, habelə istilik təchizatı sektorunda təbii inhisar subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

2.1.2. ötürücü və paylayıcı sistem operatorlarının, habelə istilik təchizatı subyektlərinin enerji resurslarından səmərəli istifadəsinə və enerji effektivliyinə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun tədbirlər görülməsinə nəzarət etmək;

2.1.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada yoxlamalar aparmaq;

2.1.5. 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək.

2.1-1. 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

2.2. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinə dair tələblərə əməl olunmasına nəzarət həyata keçirilərkən Agentlik aşağıdakıları araşdırır:

2.2.1. dövlət müəssisələrində elektrik və istilik enerjisindən istifadə üzrə istehlak limitlərinə əməl olunması;

2.2.2. ötürücü və paylayıcı sistem operatorlarında, habelə istilik təchizatı sektorunda təbii inhisar subyektlərində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarına əməl edilməsi, bu normaların azaldılması üzrə tapşırıqların, habelə elektrik və istilik enerjisinə qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi;

2.2.3. ötürücü və paylayıcı sistem operatorlarında, habelə istilik təchizatı subyektləri tərəfindən enerji istehsalına sərf olunan yanacaq normalarının azaldılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;

2.2.4. elektrik və istilik şəbəkələrində, habelə enerji verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi;

2.2.5. istehlak olunan elektrik və istilik enerjisinə görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılması;

2.2.6. effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi.

2.3. Agentlik tərəfindən bu Qaydanın 2.1.5-ci yarımbəndinə uyğun olaraq 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və aşağıdakı sənədlər əsasında keçirilir:

2.3.1. ötürücü və ya paylayıcı sistem operatorunun verdiyi texniki şərtlər;

2.3.2. ötürücü və paylayıcı sistem operatorları ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

2.3.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

2.3.4. elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;

2.3.5. kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;

2.3.6. transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;

2.3.7. elektrik veriliş xəttinin sınaq protokolu və qapalı işlər aktı;

2.3.8. elektrik sayğacının quraşdırılması aktı;

2.3.9. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1 – 18.2.4-cü maddələrində göstərilən sənədlər.

2.4. Agentlik bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulmuş halda texniki baxış keçirərkən aşağıdakılar müəyyən edilir:

2.4.1. elektrik xətlərinin çəkilməsinin və tikinti-quraşdırma işlərinin texniki şərtlərin və enerji təchizatı layihəsinin tələblərinə uyğunluğu;

2.4.2. elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işlərinin elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğunluğu.

2.5. Bu Qaydanın 2.4.1-ci və 2.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş uyğunluq halları müəyyən edildiyi təqdirdə, Agentlik istismara buraxılış aktının verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə sifarişçiyə şifahi və ya yazılı formada məlumat verir. Sifarişçi bu barədə məlumat aldığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi Agentliyə təqdim edir. Sifarişçi dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi təqdim etdikdən sonra istismara buraxılış aktı 2 (iki) iş günündən gec olmayaraq, Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilərək sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydanın 2.5-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətdə Agentliyə təqdim edilmədikdə, Agentlik tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində göstərilmiş tədbirlər görülür.

2.6. Agentlik tərəfindən nəzarət həyata keçirilərkən bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da araşdırılır:

2.6.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavəsinin 57-ci hissəsində nəzərdə tutulmuş icazəni almış şəxs tərəfindən icazə şərtlərinə əməl olunması;

2.6.2. ötürücü və paylayıcı sistem operatorları, eləcə də istilik enerjisinin paylayıcıları tərəfindən texniki şərtlərin qanunvericiliyə uyğun verilməsi;

2.6.3. ötürücü və paylayıcı sistem operatorları tərəfindən mərkəzi operativ-dispetçer idarəetməsinin mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunması;

2.6.4. elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar elektrik enerjisinin istehsalçısının, habelə ötürücü və paylayıcı sistem operatorlarının tətbiq etdikləri məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunması və yerinə yetirilməsi;

2.6.5. elektrik və istilik təchizatı sahələrində qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, habelə iqtisadi, texniki və təşkilati tələblərə, təlimatlara əməl olunması;

2.6.6. elektrik və istilik enerjisi istehsalı və istilik təchizatı subyektləri, habelə elektrik enerjisinin ötürücü və paylayıcı sistem operatorları tərəfindən payız-qış mövsümünə hazırlıq işlərinin aparılması;

2.6.7. elektrik və istilik enerjisinə tələbatın tam ödənilməsi məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi;

2.6.8. istehlakçılara elektrik və istilik enerjisinin verilməsinin dayandırılmasının qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirilməsi.

3.1. Qaz təchizatı sektorunda nəzarətin həyata keçirilməsi ilə bağlı Agentliyin aşağıdakı səlahiyyətləri vardır:

3.1.1. qaz təchizatı subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

3.1.2. sənaye qaz qurğusunun istismarına icazə vermək;

3.1.3. müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada qaz qurğularının etibarlı istismarı sahəsi üzrə monitorinq keçirmək;

3.1.4. qaz təchizatı sektorunda fəaliyyət göstərən müəssisələrin enerji resurslarından səmərəli istifadəsinin və enerji effektivliyinin təmin edilməsinə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə müvafiq normalara uyğun tədbirlər görülməsinə nəzarət etmək;

3.1.5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada yoxlamalar aparmaq;

3.1.6. istehlakçıya satılan qazın keyfiyyət göstəricilərini – tərkibini, sıxlığını, rütubətliliyini, istilik yaratmaq qabiliyyətini və digər göstəricilərini laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlamaq;

3.1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulunda və qaz şəbəkəsinə qoşulmasında, habelə sənaye qaz qurğusu olan istehlakçının qaza tələbatında dəyişiklik baş verdikdə qaz sayğaclarının dəyişdirilməsində iştirak etmək;

3.2. Qazdan səmərəli istifadə və enerji effektivliyinə dair tələblərə əməl olunmasına nəzarət həyata keçirilərkən Agentlik aşağıdakıları araşdırır:

3.2.1. dövlət müəssisələrində qazın istehlakı limitlərinə əməl olunması;

3.2.2. qaz təchizatı subyektlərində hər il üçün qazın istifadəsi, itkisi və texnoloji sərfi normalarına əməl edilməsi, bu normaların azaldılması üzrə tapşırıqların, habelə qaza qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi;

3.2.3. qazpaylayıcı şəbəkələrdə, habelə qaz verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi;

3.2.4. istehlak olunan təbii qaza görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılması;

3.2.5. qazdan səmərəli və qənaətlə istifadə olunması məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi.

3.3. Agentlik tərəfindən bu Qaydanın 3.1.2-ci yarımbəndinə uyğun olaraq texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və aşağıdakı sənədlər əsasında həyata keçirilir:

3.3.1. qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun verdiyi texniki şərt;

3.3.2. qaz nəqli sistem operatoru və qazpaylayıcı sistem operatoru ilə razılaşdırılmış qaz təchizatı layihəsi;

3.3.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

3.3.4. buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt;

3.3.5. quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları;

3.3.6. qaz sayğacının quraşdırılması aktı;

3.3.7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1 – 18.2.4-cü maddələrində göstərilən sənədlər.

3.4. Agentlik tərəfindən bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş halda texniki baxış keçirilərkən aşağıdakılar müəyyən edilir:

3.4.1. tikinti-quraşdırma işlərinin texniki şərtlərin və qaz təchizatı layihəsinin tələblərinə uyğunluğu;

3.4.2. tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğunluğu.

3.5. Bu Qaydanın 3.4.1-ci və 3.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş uyğunluq halları müəyyən edildiyi təqdirdə, icazə Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilərək sifarişçiyə təqdim edilir.

3.6. Agentlik tərəfindən nəzarət həyata keçirilərkən bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da araşdırılır:

3.6.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavəsinin 62-ci hissəsində nəzərdə tutulmuş icazəni almış şəxs tərəfindən icazə şərtlərinə əməl olunması;

3.6.2. qaz təchizatı sektorunda qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, habelə iqtisadi, texniki və təşkilati tələblərə, təlimatlara əməl olunması.

3.7. Agentlik tərəfindən qaz təchizatı subyektlərinin fəaliyyətinə nəzarət həyata keçirilərkən bu Qaydanın 3.2-ci və 3.6-cı bəndlərində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da araşdırılır:

3.7.1. qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən qaz təchizatı üçün texniki şərtlərin qanunvericiliyə uyğun verilməsi;

3.7.2. qaza olan tələbatın tam ödənilməsi məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi;

3.7.3. istehlakçılara qazın verilməsinin dayandırılmasının qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirilməsi;

3.7.4. qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı və istehlakı haqqında uçot və hesabatın qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun aparılması;

3.7.5. qaz nəqli sistem operatoru, qazın saxlanması sistem operatoru və qazpaylayıcı sistem operatoru tərəfindən təmir-profilaktika işlərinin illik iş planında göstərilən müddətlərdə aparılması;

3.7.6. istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunun aparılması;

3.7.7. istehlakçılara qazın verilməsində təzyiq rejimlərinə əməl edilməsi;

3.7.8. payız-qış mövsümünə hazırlıq işlərinin aparılması.

Nəzarətin nəticələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.

1. 30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896)

2. 13 iyul 2021-ci il tarixli 1395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 729)

3. 20 avqust 2021-ci il tarixli 1434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 926)

4. 29 dekabr 2021-ci il tarixli 1540 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1405)

5. 8 aprel 2022-ci il tarixli 1660 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 321)

6. 16 iyul 2022-ci il tarixli 1750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 739)

7. 25 iyul 2022-ci il tarixli 1761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7, maddə 750)

8. 20 aprel 2023-cü il tarixli 2112 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 21 aprel 2023-cü il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 497)

9. 20 may 2024-cü il tarixli 63 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 may 2024-cü il, “Xalq” qəzeti, 21 may 2024-cü il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 515)

10. 15 yanvar 2025-ci il tarixli 283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 16 yanvar 2025-ci il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 23)

11. 2 iyun 2025-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 iyun 2025-ci il, “Azərbaycan” qəzeti, 3 iyun 2025-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 540)

12. 3 iyul 2026-cı il tarixli 708 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyul 2026-cı il, “Xalq” qəzeti, 4 iyul 2026-cı il, № 116)

13. 13 avqust 2026-cı il tarixli 762 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 avqust 2026-cı il, “Xalq” qəzeti, 14 avqust 2026-cı il, № 145)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver