Qanunvericilik › “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.03.2017) › Tam mətn

“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.03.2017)

“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.03.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 14 mart 2017-ci il

1.1. Bu Qayda elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən yanacağın və elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə qarşılıqlı hesablaşmaların aparılması və daxil olmuş vəsaitlərdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi (bundan sonra – Qaz İxrac İdarəsi), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi (bundan sonra – “Azneft” İB), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra – “Azəriqaz” İB), “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərenerji” ASC) və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərişıq” ASC) başa düşülür.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. “Azneft” İB-in xüsusi bank hesabı – ”Azneft” İB tərəfindən ölkə daxilində təbii qazın satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.2. “Azəriqaz” İB-in xüsusi bank hesabı – “Azəriqaz” İB tərəfindən təbii qazın pərakəndə satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.3. “Azərenerji” ASC-nin xüsusi bank hesabı – “Azərenerji” ASC tərəfindən ölkə daxilində elektrik enerjisinin satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.4. “Azərişıq” ASC-nin xüsusi bank hesabı – “Azərişıq” ASC tərəfindən ölkə daxilində elektrik enerjisinin satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.5. Qaz İxrac İdarəsinin xüsusi bank hesabı – Qaz İxrac İdarəsi tərəfindən “Azərenerji” ASC-yə təbii qaz satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab.

2.1. “Azərişıq” ASC tərəfindən istehlakçılara satılan elektrik enerjisinə görə ödənilən vəsait bu Qaydanın 1.3.4-cü yarımbəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,2 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – EMTA) cari bank hesabına, 65 faizi “Azərenerji” ASC-nin xüsusi bank hesabına, 15 faizi isə “Azərişıq” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərişıq” ASC-yə məlumat verilir.

2.3. “Azərişıq” ASC müvəkkil bank tərəfindən bu Qaydanın 2.2-ci bəndinə əsasən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun əlavə dəyər vergisini (ƏDV) öz əlavə dəyər vergisinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin öz xüsusi bank hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiyadan (bundan sonra – Komissiya) əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna “Azərişıq” ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – Dövlət Vergi Xidməti) məlumat verilir.

2.5. Dövlət Vergi Xidməti bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə müvafiq olan ƏDV məbləğinin “Azərişıq” ASC-nin ƏDV-sinin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

2.6. Hər ayın 15-dək əvvəlki ay ərzində “Azərişıq” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği üzrə qalıq borc barədə, həmçinin “Azərişıq” ASC tərəfindən “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyəri barədə tutuşdurma aktları tərtib edilir və həmin tutuşdurma aktlarının bir nüsxəsi Komissiyaya təqdim olunur. Müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra qalıq borcun məbləği EMTA-nın cari bank hesabına, qalan məbləğ isə “Azərenerji” ASC-nin xüsusi bank hesabına (o cümlədən aparılmış ödəniş məbləğinə uyğun ƏDV-nin məbləği “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına) köçürülür.

2.7. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərişıq” ASC-nin EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını əks etdirən tutuşdurma aktı), habelə “Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azərişıq” ASC-nin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalığını EMTA-nın hesab-fakturasına uyğun məbləğdə EMTA-nın cari hesabına, qalan məbləği isə “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

2.8. Dövlət Vergi Xidməti bu Qaydanın 2.7-ci bəndinə əsasən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azərişıq” ASC-nin ƏDV-sinin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

2.9. Bu Qaydanın 2.2-2.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərişıq” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulan qaydada istifadə olunur.

2.10. Bu Qaydanın 2.9-cu bəndində nəzərdə tutulan ardıcıllıqla ödənişlər həyata keçirildikdən sonra “Azərişıq” ASC xüsusi bank hesabında qalan vəsaiti “Azərişıq” ASC-nin cari il üzrə təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq və ya xüsusi layihələrin icrası məqsədilə özünün cari bank hesabına köçürür.

3.1. “Azərenerji” ASC tərəfindən satılmış elektrik enerjisinə görə daxil olan vəsait bu Qaydanın 1.3.3-cü yarımbəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən EMTA-nın cari bank hesabına, 50 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində Qaz İxrac İdarəsinin xüsusi bank hesabına, 15 faizi isə “Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərenerji” ASC-yə məlumat verilir.

3.3. “Azərenerji” ASC müvəkkil bank tərəfindən Qaz İxrac İdarəsinin xüsusi bank hesabına köçürülən məbləğlərə uyğun ƏDV məbləğini öz ƏDV-sinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından Qaz İxrac İdarəsinin ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

3.4. Komissiyadan bu barədə müraciət daxil olduğu təqdirdə, müvəkkil bank tərəfindən hesabat ayının son 5 (beş) iş günü (və ya iş günlərindən biri və ya bir neçəsi) ərzində bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq EMTA-nın cari bank hesabına və Qaz İxrac İdarəsinin xüsusi bank hesabına məbləğlərin köçürülməsi həmin müraciətdə nəzərdə tutulan xüsusi məbləğə uyğun həyata keçirilir.

3.5. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərenerji” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği barədə, habelə Qaz İxrac İdarəsindən alınmış təbii qazın həcmi və dəyəri barədə tutuşdurma aktlar tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim olunur. Aparılmış dəqiqləşdirmələr əsasında qalıq borc məbləğləri müvafiq olaraq EMTA-nın cari bank hesabına və Qaz İxrac İdarəsinin xüsusi bank hesabına (o cümlədən, ödəniş məbləğinə uyğun ƏDV-nin məbləği Qaz İxrac İdarəsinin ƏDV-sinin depozit hesabına) köçürülür.

3.6. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərenerji” ASC-nin EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını özündə əks etdirən təsdiq edilmiş tutuşdurma aktı), habelə “Azərenerji” ASC tərəfindən Qaz İxrac İdarəsindən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını özündə əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azərenerji” ASC-nin xüsusi bank hesabında həmin ayın ilk iş gününə olan məbləğdən EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləğini EMTA-nın cari bank hesabına, qalan məbləği isə Qaz İxrac İdarəsinin xüsusi bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

3.7. Dövlət Vergi Xidməti bu Qaydanın 3.6-cı bəndinə əsasən müvəkkil bank tərəfindən Qaz İxrac İdarəsinin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabından Qaz İxrac İdarəsinin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

3.8. Bu Qaydanın 3.2-3.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulan qaydada istifadə olunur.

3.9. Bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulan ardıcıllıqla vəsaitlər ödənildikdən sonra, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsait “Azərenerji” ASC-nin cari il üzrə təsdiq olunmuş gəlirlər və xərclər smetasına uyğun həcmdə özünün cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.

4.1. “Azneft” İB tərəfindən ölkə daxilində satılmış təbii qaza görə daxil olan vəsait bu Qaydanın 1.3.1-ci yarımbəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.2. “Azəriqaz” İB tərəfindən ölkə daxilində təbii qazın pərakəndə satışına görə ödənilən vəsait bu Qaydanın 1.3.2-ci yarımbəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.2-1. Qaz İxrac İdarəsi tərəfindən “Azərenerji” ASC-yə satılmış təbii qaza görə ödənilən vəsait bu Qaydanın 1.3.5-ci yarımbəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.3. Bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına, 50 faizi “Azneft” İB-in xüsusi bank hesabına, 15 faizi isə “Azəriqaz” İB-nin cari bank hesabına köçürülür və bu barədə “Azəriqaz” İB-ə məlumat verilir.

4.4. “Azəriqaz” İB müvəkkil bank tərəfindən “Azneft” İB-in xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini öz ƏDV-sinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından “Azneft” İB-in ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

4.5. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azəriqaz” İB tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği üzrə qalıq borc barədə, habelə “Azneft” İB-dən alınmış təbii qazın həcmi və dəyəri barədə tutuşdurma aktları tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim edilir. Aparılmış dəqiqləşdirmələrə əsasən EMTA-ya ödənilən haqqın məbləği və “Azneft” İB-dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun məbləği müvafiq olaraq EMTA-nın cari bank hesabına, qalan məbləğ isə “Azneft” İB-in xüsusi bank hesabına (o cümlədən ödəniş məbləğinə uyğun ƏDV-sinin məbləği “Azneft” İB-in ƏDV-sinin depozit hesabına) köçürülür.

4.6. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azəriqaz” İB-in EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya əvvəlki ay üzrə borcun olmadığını əks etdirən tutuşdurma aktı), habelə “Azəriqaz” İB tərəfindən “Azneft” İB-dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun ödənilməsinə dair ödəniş tapşırığı (və ya əvvəlki ay üzrə borcun olmadığını əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azəriqaz” İB-in xüsusi bank hesabının həmin ayın ilk iş gününə olan qalığını EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləğində EMTA-nın cari hesabına, qalan məbləği isə “Azneft” İB-in xüsusi bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

4.7. Dövlət Vergi Xidməti bu Qaydanın 4.6-ci bəndinə əsasən “Azneft” İB-in xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azəriqaz” İB-in ƏDV-sinin depozit hesabından “Azneft” İB-in ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

4.8. Bu Qaydanın 4.3-4.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azəriqaz” İB-in xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə Komissiyaya məlumat verilməklə, “Azəriqaz” İB-in cari bank hesabına köçürülür.

4.9. Müvəkkil bank tərəfindən mütəmadi olaraq bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 40 faizi “Azneft” İB-in cari bank hesabına, bu Qaydanın 4.2-1-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 15 faizi Qaz İxrac İdarəsinin cari bank hesabına köçürülür.

4.10. Bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulan vəsaitlər ödənildikdən sonra, “Azneft” İB-in və Qaz İxrac İdarəsinin xüsusi bank hesabında qalan vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cari il üzrə təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun həcmlərdə “Azneft” İB-in və Qaz İxrac İdarəsinin cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.

1. 9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6, maddə 1229)

2. 14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 642)

3. 9 fevral 2021-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 197)

4. 16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271)

5. 20 dekabr 2024-cü il tarixli 533 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 25 dekabr 2024-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1438)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver