“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 avqust tarixli 230 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Elektron notariat” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılsın və Milli Depozit Mərkəzinə, İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, bu Qərarla təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin 12.3-cü bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 12 oktyabr 2021-ci il
1.1. Bu Əsasnamə “Elektron notariat” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) təşkilini, fəaliyyətini, digər qurumların informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasını, habelə informasiya sistemindən istifadə qaydalarını, bununla bağlı təhlükəsizlik və mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. İnformasiya sistemi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Notariat haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” və digər normativ hüquqi aktlar əsasında fəaliyyət göstərir.
1.3. İnformasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.
1.4. İnformasiya sistemi notariat hərəkətlərinin elektron məlumat bazasının yaradılması, fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi, dövlət informasiya ehtiyatlarında olan sənədləri aidiyyəti sistemlərdən əldə etməklə dövlət qurumları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılması və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılması məqsədilə formalaşdırılmışdır.
1.5. İnformasiya sisteminin saxlanılması, fəaliyyəti və inkişaf etdirilməsi üçün zəruri xərclər dövlət büdcəsindən ayrılan, habelə normativ hüquqi aktlarda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
2.1. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq informasiya ehtiyatından informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;
2.1.2. iştirakçı – notariuslar, xüsusi notariusun köməkçiləri və notariat ofisinin əməkdaşları, Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri və notariat ofisləri olmayan yaşayış məntəqələrinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri;
2.1.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
2.1.4. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə informasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi struktur bölmə;
2.1.5. şəxsi elektron kabinet – istifadəçinin və ya iştirakçının özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, həmçinin özünün sahib və ya operatorla qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.
3.1. İnformasiya sisteminin fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
3.1.1. informasiyanın vahid məlumat bazasında toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi;
3.1.2. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi;
3.1.3. informasiya sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
3.1.4. notariat sənədlərinə dair kağız daşıyıcılardakı məlumatların təhrif olunmasının və saxtalaşdırılmasının qarşısının alınması;
3.1.5. informasiya sistemindən eyni zamanda çoxsaylı istifadənin mümkünlüyü;
3.1.6. təhlükəsizliyin və məlumatların mühafizəsinin təmin edilməsi;
3.1.7. informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiq edilməsi;
3.1.8. məlumat mübadiləsi və sənəd dövriyyəsinin təşkil edilməsi.
4.1. İnformasiya sistemi aşağıdakı elementlərdən ibarətdir:
4.1.1. informasiya sisteminin proqram kompleksi;
4.1.2. informasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi;
4.1.3. informasiya sisteminin şəbəkə infrastrukturu;
4.1.4. informasiya sistemi iştirakçılarının iş yerlərinin texniki vasitələri;
4.1.5. informasiya sisteminin məlumat bazası.
4.2. İnformasiya sisteminin proqram kompleksinə əməliyyat sistemləri, tətbiqi proqram təminatı, informasiyanın mühafizəsi və digər proqram vasitələri aiddir.
4.3. İnformasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksinə serverlər, yaddaş qurğuları, soyutma sistemləri, fasiləsiz enerji mənbəyi və digər texniki vasitələr aiddir. İnformasiya sisteminin ehtiyat mərkəzi yaradılır və sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Sistemin mərkəzi və ehtiyat avadanlıq kompleksi operatorun nəzarəti altında fəaliyyət göstərir.
4.4. İnformasiya sisteminin şəbəkə infrastrukturunu kommunikasiya avadanlıqları və mühafizə olunan rabitə kanalları təşkil edir.
4.5. İnformasiya sistemi iştirakçılarının iş yerlərinin texniki vasitələrinə kompüter dəsti, çap qurğusu, veb kamera, barkod və sənəd oxuyucu skanerlər, habelə digər zəruri elektron cihazlar daxildir. Bu texniki vasitələrin mühafizəsi və onlardan aidiyyəti üzrə istifadə iştirakçı tərəfindən təmin edilməlidir.
4.6. Məlumat bazası notariuslar, xüsusi notariusun köməkçiləri, Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri və notariat ofisləri olmayan yaşayış məntəqələrinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, habelə bilavasitə notariat əməliyyatları barədə məlumatları ehtiva edir. Məlumat bazasında, həmçinin notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan əlavə məlumat və sənədlər, o cümlədən foto və video yazılar, elektron informasiya resurslarından çıxarışlar və digər zəruri məlumatlar yerləşir. Məlumat bazasının əsas və ehtiyat nüsxələri mövcuddur.
5.1. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönəldilən təhdidlərin müəyyən edilməsi və ehtimal olunan təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin hazırlanması, tətbiqi və daim təkmilləşdirilməsi informasiya sisteminin təhlükəsizliyinin vacib elementidir.
5.2. İnformasiya sistemində məlumatların işlənilməsi zamanı proqram-texniki vasitələrin işinin pozulmasına səbəb olan təsirlərə yol verilməməlidir.
5.3. İnformasiya sistemi üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, silinməsi, saxlanılması, ötürülməsi və məhv edilməsi üçün mühafizə vasitələri sertifikatlaşdırılmalı, texniki tələblərə uyğun quraşdırılmalı və istismara verilməlidir.
5.4. İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sistem iştirakçıları yalnız Vahid Giriş Sistemindən (“ASAN Login”) istifadə etməklə sistemdə identifikasiya olunmalı və eyniləşdirilməlidirlər. İnformasiya sistemində elektron sənədlərin təsdiqi və göndərilməsi gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilməlidir.
5.5. İnformasiya sisteminin yaradılması və istifadəsi prosesində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, informasiyanın mühafizəsinə dair tələblərə riayət edilməlidir.
6.1. İnformasiya sistemi vasitəsilə aşağıdakılar təmin edilir:
6.1.1. notariat hərəkətlərinin aparılmasına dair zəruri məlumatların real vaxt rejimində yoxlanılması;
6.1.2. notariat hərəkətlərinin aparılması üçün arayış və sənədlərə dair məlumatların bu Əsasnamənin 12-ci hissəsində qeyd olunmuş elektron qaydada əldə edilməsi;
6.1.3. notariat hərəkətləri üzrə sənədlərin hazırlanması;
6.1.4. notariat hərəkətlərinin reyestrinin elektron formada aparılması və sənədlərə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsinin verilməsi;
6.1.5. notariat hərəkətinə dair tərtib edilmiş sənədlər üzərində barkodların və QR-kodların əks olunması;
6.1.6. məlumat bazasında axtarışın aparılması;
6.1.7. aparılmış notariat hərəkətləri üzrə statistik hesabatların avtomatlaşdırılmış qaydada hazırlanması və digər qurumlara elektron formada göndərilməsi;
6.1.8. notariat hərəkətlərinə dair məlumatların qanunla müəyyən edilmiş qaydada avtomatlaşdırılmış rejimdə və ya sorğular əsasında digər informasiya sistemlərinə və ehtiyatlarına ötürülməsi;
6.1.9. sahib və iştirakçılar arasında məlumat və sənəd dövriyyəsinin şəxsi elektron kabinet vasitəsilə həyata keçirilməsi;
6.1.10. arxiv notariat sənədlərinin elektron bazasının yaradılması;
6.1.11. informasiya sisteminin istifadəçiləri və iştirakçıları üçün şəxsi elektron kabinetin təşkili;
6.1.12. torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş verginin hesablanması;
6.1.13. informasiya sisteminə icra qeydinin aparılması üçün daxil edilmiş müraciətlərin və qoşma sənədlərinin müvafiq notariat ofislərinə yönəldilməsi;
6.1.14. video əlaqə vasitəsilə məsafədən notariat hərəkətlərinin aparılması.
7.1. İnformasiya sistemi vasitəsilə, həmçinin aşağıda qeyd olunan köməkçi tədbirlər həyata keçirilir:
7.1.1. elektron bəyannamələr – torpaq, yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə hesablanmış sadələşdirilmiş vergiyə dair bəyannamələrin avtomatlaşdırılmış formada tərtibi, aidiyyəti üzrə elektron formada göndərilməsi (iştirakçılar tərəfindən) və saxlanılması üçün nəzərdə tutulmuşdur;
7.1.2. tərcümənin təşkili xidməti – sənədlərin ixtisaslı tərcüməçilər tərəfindən tərcümə olunması məqsədilə onların elektron formada onlayn ötürülməsi və qəbulu üçün nəzərdə tutulmuşdur;
7.1.3. apostillərin elektron reyestri – bu altsistem vasitəsilə xaricdə istifadəsi nəzərdə tutulmuş sənədlərə verilmiş apostillərin elektron reyestri aparılır (bölmə yalnız reyestri aparan iştirakçılar üçün nəzərdə tutulmuşdur).
8.1. İnformasiya sisteminin iştirakçısının aşağıdakı hüquqları vardır:
8.1.1. informasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
8.1.2. notariat hərəkətlərinin aparılması zamanı digər informasiya sistemlərindən məlumatları yoxlamaq, zəruri sənəd və arayışları əldə etmək.
8.2. İnformasiya sisteminin iştirakçısının aşağıdakı vəzifələri vardır:
8.2.1.məlumatları dolğun şəkildə sistemə daxil etmək, bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;
8.2.2. informasiya sistemində aşkar olunan çatışmazlıqlar və nasazlıqlar barədə sahibə məlumat vermək;
8.2.3. informasiyanın mühafizəsi üçün proqram təminatının tələblərinə riayət etmək;
8.2.4. informasiya sistemindən yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.2.5. sahib tərəfindən informasiya sisteminə yeni məlumat və məktubların daxil olmasını nəzarətdə saxlamaq;
8.2.6. notariat hərəkətləri üzrə tərtib edilmiş sənədlərə dair informasiya sistemində saxlanılan məlumatlarda aşkar olunmuş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə yazılı, o cümlədən elektron qaydada məlumat vermək;
8.2.7. informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini və bacarıqlarını mütəmadi təkmilləşdirmək;
8.2.8. bu Əsasnamənin tələblərinə riayət etmək.
8.3. İştirakçı tərəfindən aşağıdakılara yol verilmir:
8.3.1. informasiya sistemindən notariat hərəkətləri və bununla əlaqədar göstərilən xidmətlərdən kənar istifadə etmək;
8.3.2. informasiya sisteminin istifadəsi ilə bağlı əldə olunan məlumatları yaymaq;
8.3.3. məlumatların mühafizəsini təmin edən vasitələrə müdaxilə etmək;
8.3.4. informasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər gətirən və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlər etmək;
8.3.5. notariat hərəkətləri üzrə sənədləri informasiya sistemindən kənar tərtib edərək çap etmək və ötürülməsini təmin etmək;
8.3.6. informasiya sisteminə girişə imkan verən iş yerini nəzarətdən kənar qoymaq;
8.3.7. informasiya sisteminin istifadəçisi və ya iştirakçısı olmayan şəxslərə ondan istifadə etmək imkanı yaratmaq;
8.3.8. informasiya sistemindən istifadə zamanı kompüterin monitorunda əks olunan məlumatların kənar şəxslər tərəfindən oxunmasına imkan vermək, eləcə də informasiya sistemindən əldə olunan məlumatları özündə əks etdirən kağız daşıyıcıları nəzarətdən kənar qoymaq;
8.3.9. informasiya sistemindən əldə olunan məlumatları, eləcə də çıxarışları digər şəxslərə vermək və ya informasiya sistemindən kənar internet şəbəkəsi vasitəsilə göndərmək;
8.3.10. məlumatların mühafizəsi ilə bağlı tədbirlərin yoxlanılmasını həyata keçirən şəxslərə maneələr yaratmaq.
9.1. İnformasiya sistemi istifadəçilərinin aşağıdakı hüquqları vardır:
9.1.1.normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya sistemindən məlumat əldə etmək;
9.1.2. elektron kabinet yaratmaq;
9.1.3. apardıqları notariat əməliyyatları ilə tanış olmaq;
9.1.4. ərizə, şikayət və digər sənədləri notariuslara elektron qaydada göndərmək;
9.1.5. informasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
9.1.6. bu Əsasnamədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
9.2. İnformasiya sisteminin istifadəçiləri informasiya sisteminə məlumatları düzgün daxil etməlidirlər.
10.1. Sahib aşağıdakı funksiyaları həyata keçirir:
10.1.1. informasiya sisteminin fəaliyyətini bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunan normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, onun formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına, arxivləşdirilməsinə, dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsinə nəzarət edir;
10.1.2. informasiya sisteminin bu Əsasnamənin 12-ci hissəsində nəzərdə tutulmuş digər informasiya sistemləri və ehtiyatları ilə məlumat mübadiləsi üçün tədbirlər görür;
10.1.3. operator tərəfindən öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;
10.1.4. informasiya sisteminin iştirakçılarının fəaliyyətinə nəzarət edir və onların qiymətləndirilməsini aparır;
10.1.5. informasiya sisteminin iştirakçıları tərəfindən məlumatların sistemə tam və vaxtında daxil edilməsinə nəzarət edir;
10.1.6. istifadəçinin və iştirakçının yazılı, o cümlədən elektron müraciəti əsasında informasiya sistemində saxlanılan məlumatlar üzərində dəyişikliklər edilməsini təmin edir;
10.1.7. informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarına, texniki xidmətinə, təmirinə və saxlanılmasına, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlərin aparılmasına nəzarət edir;
10.1.8. mərkəzi və ehtiyat avadanlıq komplekslərində hər hansı qəza (xəta) baş verdiyi və ya informasiya sisteminin fəaliyyətində fasilə yarandığı halda informasiya sisteminin iştirakçılarını bu barədə məlumatlandırır;
10.1.9. sistemdəki məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin edir;
10.1.10. iştirakçılara informasiya sisteminə giriş hüququnu müəyyən edir, onlara giriş imkanı yaradır, həmçinin onların sistemə giriş imkanını ləğv edir;
10.1.11. informasiya sistemi üzrə statistik hesabatlar hazırlayır və onlar üzrə təhlillər aparır;
10.1.12. məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, qanunsuz müdaxilənin, məlumatların surətlərinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin edir;
10.1.13. Qaydalarda nəzərdə tutulmuş digər funksiyaları.
11.1. Operator aşağıdakı funksiyaları həyata keçirir:
11.1.1. informasiya sistemi vasitəsilə dayanıqlı, fasiləsiz, etibarlı və təhlükəsiz məlumat mübadiləsinın aparılmasını təmin edir;
11.1.2. informasiya sistemindən istifadəsi zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görür;
11.1.3. informasiya sistemi ilə məlumat mübadiləsində iştirak edəcək sahibin informasiya ehtiyatları müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması məqsədilə sahibə təkliflər verir;
11.1.4. informasiya sisteminin proqram kompleksi üzərində mütəmadi olaraq nəzarət və texniki baxış həyata keçirir;
11.1.5. informasiya sistemində toplanılan texniki vasitələrin əməliyyatlarının qeydiyyat fayllarının (loq-faylların) monitorinqini həyata keçirir və baş verən xətalar üzrə təhlillər aparır;
11.1.6. sahibin müraciəti əsasında qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən ən qısa müddətdə proqram təminatında uyğunlaşdırma aparır, eləcə də yeni proqram modulları yazır və sınaqlar keçirərək tətbiq edir;
11.1.7. saxlanılan məlumatlar üzrə sürətli axtarışların həyata keçirilməsi məqsədilə məlumat bazasının mütəmadi optimallaşdırılmasını təşkil edir;
11.1.8. məlumat bazasının ehtiyat nüsxəsinin sahib tərəfindən müəyyənləşdirilmiş qaydada saxlanılmasını təmin edir;
11.1.9. məlumat bazası üzrə sahibin tələb etdiyi məzmunda hesabatlar hazırlayır;
11.1.10. bu Əsasnamənin 12-ci hissəsində nəzərdə tutulmuş digər informasiya ehtiyatları ilə məlumat mübadiləsinin təşkili üçün zəruri elektron servislər yazır və sazlayır;
11.1.11. avadanlıqların proqram təminatının yenilənməsini təmin edir;
11.1.12. proqram təminatının lisenziyalaşdırılmasını təmin edir, lisenziyalı proqram təminatlarının işlək vəziyyətdə olmasını yoxlayır və yenilənmələr həyata keçirir;
11.1.13. müəyyən edilmiş qrafik üzrə, eləcə də sahibin müraciəti əsasında informasiya sisteminin yerləşdiyi server və şəbəkə avadanlıqlarına profilaktik baxış keçirilməsini təmin edir və aktlaşdırır;
11.1.14. mərkəzi və ehtiyat avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi və informasiya sisteminin fəaliyyətində hər hansı fasilə yarandığı halda sahibi bu barədə məlumatlandırır;
11.1.15. mərkəzi və ehtiyat avadanlıqlarında yaranan nasazlıqların təxirə salınmadan aradan qaldırması istiqamətində işlər aparır;
11.1.16. mütəmadi olaraq şəbəkə infrastrukturunda məlumatötürmə sürətini ölçür və fasilələrin yaranmasının müəyyən edilməsi məqsədilə monitorinqlər keçirir;
11.1.17. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını alır, habelə giriş və əməliyyat tarixçələrini (loqları) saxlayır;
11.1.18. server və şəbəkə avadanlıqlarının yerləşdiyi otaqlarda fasiləsiz elektrik enerjisinin, yanğın təhlükəsizliyinin və tələb olunan 13 temperaturu tənzimləyən avadanlıqlarla müəyyən edilmiş qaydada texniki baxış keçirir və aşkar olunmuş nasazlıqları aradan qaldırır;
11.1.19. informasiya sistemində edilməli olan dəyişiklik barədə dərhal sahibi məlumatlandırır;
11.1.20. informasiya sistemində mövcud olan məlumatların konfidensiallığının qorunması üçün tədbirlər görür;
11.1.21. dövlət informasiya ehtiyatının və sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin edir, informasiya ehtiyatının və sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin edir, sahibin tələbinə əsasən sistemin fəaliyyətini təşkil edir, dəyişiklik, təkmilləşdirmələr və profilaktik işlər aparır;
11.1.22. sahibin müraciəti əsasında informasiya sistemində digər texniki işlər görür.
12.1. Məlumat-axtarış işinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə informasiya sistemi Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir.
12.2. Sistemə informasiya ehtiyatları və sistemlərinin inteqrasiyası və məlumat mübadiləsinin təşkili Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Qaydalara uyğun olaraq həyata keçirilir.
12.3. Notariusun və ya xüsusi notariusun köməkçisinin, Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinin və notariat ofisləri olmayan yaşayış məntəqələrinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin sorğusu əsasında əldə olunan məlumatlar aşağıdakılardır:
12.3.1. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə dair məlumatlar;
12.3.2. nəqliyyat vasitəsi üzərində qadağa və məhdudiyyətlərə dair məlumatlar;
12.3.3. nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə ödənilməmiş cərimələrə dair məlumatlar;
12.3.4. sürücülük vəsiqələrinə dair məlumatlar;
12.3.5. yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və ata adı haqqında elektron sənəd;
12.3.6. daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair arayışlar (məlumatlar);
12.3.7. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışlar;
12.3.8. daşınmaz əmlakın kadastr məlumatları, yerləşdiyi zonalar və kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qruplarına dair məlumatlar;
12.3.9. hüquqi və fiziki şəxslərin vergi ödəyicisi kimi uçotda olmasına dair məlumatlar;
12.3.10. kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı paylarına, habelə kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələrinə dair məlumatlar;
12.3.11. icbari sığorta müqavilələrinə dair məlumatlar;
12.3.12. qiymətli kağızlar və onların yüklülüyünə dair məlumatlar;
12.3.13. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən vətəndaşlar və vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar;
12.3.14. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslərə dair məlumatlar;
12.3.15. “Elektron məhkəmə” informasiya sistemindən - notariat hərəkətləri ilə bağlı çıxarılmış məhkəmə qərarlarına dair məlumatlar;
12.3.16. “Elektron icra” informasiya sistemindən - icra qeydlərinə dair məlumatlar, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi üçün protokol və notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olan əmlak barədə icra məmurunun qərarı;
12.3.17. müştəri vəfat etdikdə onun hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə məlumatlar (icraatında olan vərəsəlik işləri üzrə – notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə münasibətdə).
13.1. İnformasiya sisteminin fəaliyyətinin və təhlükəsizliyinin təşkili, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətinin təmini sahib tərəfindən həyata keçirilir.
13.2. İnformasiya sistemi daxilində informasiya ehtiyatlarından istifadəyə buraxılış həddi sahib tərəfindən müəyyən edilir.
13.3. İnformasiya sisteminə məlumatlar iştirakçı və istifadəçi tərəfindən Vahid Giriş Sistemindən (“ASAN Login”) istifadə etməklə daxil olunmalı və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır.
13.4. Notariat hərəkətlərinin aparılması üçün tələb olunan məlumatlar informasiya sistemi vasitəsilə yoxlanılır, sənəd və arayışlara dair məlumatlar bu Əsasnamənin 12-ci hissəsində nəzərdə tutulmuş digər informasiya ehtiyatlarından real vaxt rejimində əldə edilir.
13.5. Notariat hərəkətləri üzrə sənədlərin layihəsi informasiya sistemi vasitəsilə tərtib olunur. İştirakçı tərəfindən informasiya sistemində hər notariat hərəkəti üzrə mövcud səhifələrdə zəruri xanalar doldurulduqdan sonra sənəd layihəsi avtomatlaşdırılmış formada generasiya olunur.
13.6. Notariat ofisinin işçisi (iştirakçı) tərəfindən tərtib edilən və informasiya sistemi vasitəsilə notariusa ötürülən notariat sənədi qanunvericilik aktlarının tələblərinə uyğunluq baxımından notarius tərəfindən yoxlanıldıqdan sonra yalnız notariusun özü tərəfindən təsdiq edilir. Sənəd təsdiq edilərkən avtomatik qaydada informasiya sisteminin məlumat bazasına daxil edilir, ona vahid nömrə verilir, çap olunan zaman üzərində, həmçinin barkod və QR-kod yerləşdirilir.
13.7. İnformasiya sisteminə daxil edilən məlumatlar dolğun olmalı, zəruri xanalar tam doldurulmalı və sözlər ixtisarla ifadə edilməməlidir.
13.8. Məlumatlar informasiya sisteminə Azərbaycan dilində daxil edilir.
13.9. İnformasiya sisteminə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar olunduqda, onların aradan qaldırılması sahib tərəfindən iştirakçının yazılı, o cümlədən elektron müraciəti əsasında həyata keçirilir.
14.1. İnformasiya sistemindən istifadə elektron kabinet vasitəsilə həyata keçirilir.
14.2. İstifadəçilər və iştirakçılar Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.
14.3. İstifadəçilər informasiya sistemində yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanılan məlumatlarda dəyişiklik edilməsi barədə müraciət edə, habelə həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) bilərlər.
14.4. Sahib istifadəçinin informasiya sistemindəki məlumatlarına (elektron kabinetə) giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdıra bilər:
14.4.1. informasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
14.4.2. bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.
1. 8 iyul 2023-cü il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 iyul 2023-cü il, “Xalq” qəzeti, 13 iyul 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1064)
2. 13 sentyabr 2023-cü il tarixli 321 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1342)
3. 29 yanvar 2024-cü il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 31 yanvar 2024-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 119)
4. 28 fevral 2024-cü il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 fevral 2024-cü il, “Xalq” qəzeti, 2 mart 2024-cü il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 241)
5. 20 aprel 2026-cı il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 aprel 2026-cı il, “Xalq” qəzeti, 23 aprel 2026-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 374)