Qanunvericilik › “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”in təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 06.07.2023) › Tam mətn

“Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”in təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 06.07.2023)

“Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”in təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 06.07.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.80-1-ci yarımbəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədilə həmin Əsasnamənin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1. “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

1.1. “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər” (bunan sonra – Texniki Tələblər) mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları (bundan sonra – dövlət qurumları) tərəfindən elektron xidmətlərin təşkili və həyata keçirilməsi üzrə texniki tələbləri müəyyən edir.

1.2. Bu Texniki Tələblərdə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Elektron xidmət dövlət qurumları tərəfindən səlahiyyətlərinin icrası ilə bağlı təşkil edilməli, zaman və məkan asılılığı olmadan çoxkanallı müraciət imkanları təmin etməlidir.

2.2. Elektron xidmət bütün istifadəçi qrupları üçün əlçatan olmalıdır. Elektron xidmətlərin təqdim edildiyi internet informasiya ehtiyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə uyğun olmalı, o cümlədən onların əlilliyi olan şəxslər üçün müyəssərliyi təmin edilməlidir.

2.3. Elektron xidmətin istifadəçini identikləşdirmə imkanı olmalıdır. İstifadəçi seçiminə uyğun olaraq müvafiq yolla identikləşdirilməklə xidmətdən istifadə imkanını əldə etməlidir. Xidmətin göstərilməsində Vahid Giriş Sistemi tətbiq edilməlidir.

2.4. Elektron xidmətlərdən istifadə zamanı dövlət informasiya sisteminə bir dəfə giriş edilməli (elektron xidmətlərə hər dəfə giriş olunduqda və ya xidmətdən istifadə zamanı digər dövlət informasiya sistemlərinə keçid edildikdə təkrar identikləşdirmə tələb edilməməli) və istifadəçilər onlara verilən hüquqlara uyğun olaraq xidmətlərdən istifadə etməlidir.

2.5. Elektron xidmətlər fasiləsiz olmalıdır. Elektron xidmətin fasiləsizliyi aşağıdakıları əhatə etməlidir:

2.5.1. xidmət prosesi bütün mərhələləri (müraciət, emal və nəticə) əhatə etməli və dayanıqlı (elektron xidmətin göstərilməsi zamanı hər hansı texniki dayanmanın baş verməməsi) olmalıdır;

2.5.2. xidmətə müraciət mərhələsində daxil edilmiş məlumatların emal mərhələsinədək yekun formatda nəzərdən keçirilməsi imkanı olmalıdır;

2.5.3. xidmətə müraciət mərhələsində daxil edilmiş, lakin emal mərhələsinədək göndərilməmiş məlumatlar sonradan işlənilməsi üçün yaddaşda saxlanılmalıdır;

2.5.4. emal mərhələsində imtina edilmiş müraciətlər üzrə imtina səbəbləri göstərilməli və müraciətlərin redaktə edildikdən sonra yenidən göndərilməsi imkanı olmalıdır;

2.5.5. xidmətin hər hansı bir mərhələsində istifadəçinin fiziki iştirakı tələb olunduqda istifadəçiyə mövcud elektron növbə sistemindən növbə götürmək imkanı yaradılmalı, elektron növbə sistemi mövcud olmadıqda isə xidmətə fiziki olaraq müraciət vaxtı və yeri təyin edilməlidir;

2.5.6. fiziki müraciət tamamlandıqdan sonra xidmətin nəticəsi Elektron Hökumət İnformasiya Sistemində (bundan sonra – EHİS) öz əksini tapmalıdır.

2.6. İstifadəçinin EHİS-də yaradılan şəxsi kabineti, elektron poçtu və ya telefonu (mobil və stasionar) vasitəsilə aşağıdakılar barədə məlumatlandırılması təmin edilməlidir:

2.6.1. elektron xidmətin icra müddəti;

2.6.2. elektron xidmətin göstərilməsinin gedişatı;

2.6.3. elektron xidmətin nəticəsi.

2.7. Elektron xidmətin nəticəsi olaraq elektron sənəd verilməlidir (elektron xidmətin göstərilməsinin nəticəsi olaraq sənədlərin və məlumatların verildiyi hallarda).

2.8. Elektron xidmətin göstərilməsi üçün nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi imkanı olmalıdır. Elektron ödəmə imkanı aşağıdakıları əhatə etməlidir:

2.8.1. ödənişlərin real vaxt rejimində və onlayn həyata keçirilməsi;

2.8.2. ödənişlərin xidməti tərk etmədən həyata keçirilməsi;

2.8.3. ödənişlərin statusu barədə bildirişin (uğursuz və ya uğurlu olması, mədaxil qəbzi və s.) arxivdə mühafizəsi və istifadəçinin EHİS-də yaradılan şəxsi kabinetinə, elektron poçtuna və ya telefonuna (mobil və stasionar) göndərilməsi.

2.9. İstifadəçiyə aşağıdakı məlumatları əldə etmək imkanı təmin edilməlidir:

2.9.1. müraciət edilmiş xidmətlər;

2.9.2. sorğu edilmiş məlumatlar;

2.9.3 xidmət nəticəsində əldə olunmuş sənədlər (hüquqlar).

2.10. Elektron xidmətin təşkili zamanı aşağıdakı vasitələrdən istifadə edilərək istifadəçilərin ehtiyacları müəyyən edilməlidir:

2.10.1. istifadəçilərin xidmətlərə dair rəylərinin, təkliflərinin və şikayətlərinin təhlil edilməsi;

2.10.2. istifadəçilər arasında müşahidələrin, müsahibələrin və rəy sorğularının aparılması;

2.10.3. yaradılması nəzərdə tutulan elektron xidmətin layihəsinin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” vasitəsilə ictimai müzakirəyə çıxarılması.

2.11. Elektron xidmətin nəticəsində təqdim edilən elektron sənədin identikliyinin və etibarlılığının Bar kod, QR kod, Ştrix kod və ya digər məlumatlar ilə yoxlanılması imkanı təmin edilməlidir.

3.1. Elektron xidmətdən istifadə rahatlığının təmin olunması üçün aşağıdakı tədbirlər görülməlidir:

3.1.1. elektron xidmətin dizaynı istifadəçi ekranının ölçülərinə avtomatik uyğunlaşmalıdır;

3.1.2. istifadəçilərin fiziki imkanları, sağlamlıq vəziyyəti və məhdudiyyətləri nəzərə alınmalıdır;

3.1.3. bütün mümkün olan informasiya və kommunikasiya vasitələri ilə (kompüter, planşet, mobil telefon və s.) elektron xidmətdən istifadə imkanı təmin edilməlidir;

3.1.4. məlumatların daxil edilməsi üçün verilmiş komponentlər onların tipinə uyğun olmalı və köməkçi imkanlar (məsələn: tarix formatı, seçim imkanı və s.) təmin edilməlidir;

3.1.5. tələb olunan məlumatlar EHİS vasitəsilə məlumatın ilkin mənbəyindən əldə olunmalıdır.

3.2. Elektron xidmətin işləkliyi aşağıdakı tələblər gözlənilməklə təmin edilməlidir:

3.2.1. elektron xidmət təqvimin bütün günlərində fasiləsiz olaraq işlək vəziyyətdə olmalıdır;

3.2.2. müəyyən dövrlər üzrə göstərilən elektron xidmətin aktiv olmadığı (həyata keçirilmədiyi) müddətlər barədə istifadəçilərə müvafiq məlumat verilməlidir.

3.3. İstifadə rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətdən istifadənin bütün mərhələlərini əhatə edən və aktual olan istifadə təlimatı, o cümlədən video təlimat hazırlanmalıdır. Elektron xidmətdə dəyişikliklər edilərkən istifadə təlimatı da yenilənməlidir.

4.1. Elektron xidmətin təşkili və göstərilməsi zamanı istifadə edilən informasiya texnologiyaları istifadəçilərin xidmətdən sürətli, təhlükəsiz və rahat istifadəsinə imkan yaratmalıdır. Elektron xidmətin təşkili və göstərilməsi zamanı yeni informasiya texnologiyalarından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəyi əsasında istifadə edilməlidir.

4.2. Əməliyyat sistemlərinin, veb brauzerlərin və rəqəmsal mühitin müxtəlifliyi xidmətdən istifadəyə əngəl yaratmamalıdır.

4.3. Elektron xidmətin dövlət informasiya sistemi aşağıdakı minimum imkanları təmin etməlidir:

4.3.1. daxil edilən məlumatların düzgünlüyü interaktiv şəkildə yoxlanılmalı və bununla əlaqədar olaraq zəruri bildirişlər göndərilməlidir;

4.3.2. nasazlıqların qısa zamanda aradan qaldırılması, elektron xidmətin həyata keçirilməsi ilə bağlı edilən dəyişikliklərin tətbiq edilməsi, yeni informasiya sistemləri ilə inteqrasiya, digər dəyişiklik və əlavələrin tətbiq olunması üçün mütəmadi texniki dəstək göstərilməlidir;

4.3.3. proqram təminatı test edildikdən sonra ortaya çıxan xətalar həll edilərək istifadəyə verilməlidir;

4.3.4. istifadəçiyə xidmətdən istifadə zamanı təsdiqləmə, imtina etmə və digər əməliyyatları icra etdikdə nəticə, o cümlədən baş vermiş xətalar barədə müvafiq bildiriş göndərilməlidir. Baş vermiş xətalar barədə məlumat istifadəçiyə oxunaqlı və anlaşılan şəkildə təqdim edilməli, sistem məlumatlarının görünməsinin qarşısı alınmalıdır;

4.3.5. EHİS vasitəsilə inteqrasiya mümkün olmadıqda istifadəçi xidmət üçün tələb olunan məlumatları yalnız bir dəfə təqdim etməli, həmin məlumatlar təkrar tələb olunmamalıdır;

4.3.6. elektron xidmətdən istifadə ilə bağlı istifadəçi addımları saxlanılmalıdır;

4.3.7. elektron xidmətin təşkili zamanı şaquli (qurum daxili) və üfüqi (qurumlararası) inteqrasiya təmin edilməlidir;

4.3.8. xidmət təminatçısı sahibi olduğu məlumatı istifadəçidən təkrar tələb etmədən, identik kod vasitəsilə öz daxili mənbələrindən və ya EHİS vasitəsilə digər dövlət qurumlarının dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə etməlidir;

4.3.9. elektron xidmət EHİS-ə inteqrasiya olunaraq göstərilməlidir;

4.3.10. elektron xidmət üzrə EHİS-in “əks əlaqə” moduluna müraciət imkanı təmin edilməlidir.

5.0. Elektron xidmətin göstərilməsi üçün zəruri olan məlumatların təhlükəsizliyi ilə bağlı aşağıdakı texniki tələblər təmin edilməlidir:

5.0.1. elektron xidmətin həyata keçirilməsi üçün toplanılacaq və saxlanacaq istifadəçi məlumatlarının dairəsi dəqiq müəyyən olunmalı və qeydiyyatı aparılmalıdır;

5.0.2. məlumatlar Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında” qanunlarına və digər normativ hüquqi aktlarına uyğun olaraq, eləcə də əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanılmalı və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilməlidir;

5.0.3. məlumatların təhlükəsizliyi ilə bağlı potensial təhlükələrin, risklərin analizi və qiymətləndirilməsi aparılmalı, nəticələrə əsasən təhlükəsizlik tədbirləri müəyyən olunaraq həyata keçirilməlidir;

5.0.4. istifadəçi məlumatlarının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız həmin şəxs tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq əsasında yol verilir;

5.0.5. xidmət təminatçısı istifadəçini identikləşdirdikdən sonra onun sorğusuna əsasən xidmətdən istifadə imkanlarını təmin etməlidir;

5.0.6. istifadəçi identikləşdirildikdən sonra onun barəsində olan məlumatlar müvafiq dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməli və bu zaman məlumatların mühafizəsi təmin edilməlidir;

5.0.7. istifadəçinin məlumatları yalnız istifadəçi və müvafiq səlahiyyətli şəxslər üçün əlçatan olmalıdır;

5.0.8. məlumat mübadiləsi zamanı konfidensial məlumatların gizliliyini təmin etmək üçün müxtəlif şifrələmə metodlarından (məsələn: MD-5, SHA1, SHA2 ) və SSL (Secure Sockets Layer) protokolundan istifadə edilməlidir;

5.0.9. istifadəçi elektron xidmətdən istifadə etməzdən əvvəl xidmət təminatçısı tərəfindən xidmətin gizlilik siyasəti ilə tanış edilməlidir;

5.0.10. xidmət təminatçısı tərəfindən hər bir əməliyyatın tarixçəsi (log) yadda saxlanılmalı və arxivləşdirilməlidir;

5.0.11. hər bir istifadəçinin onunla bağlı toplanan və arxivləşdirilən məlumatlara çıxışı olmalıdır;

5.0.12. xidmət təminatçısı barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən şəxsə onun haqqında məlumatları ödənişsiz olaraq təqdim etməlidir;

5.0.13. fərdi məlumatların müvafiq dövlət informasiya ehtiyatında və sistemində müəyyən olunmuş saxlanma müddəti başa çatdıqdan və ya şəxsin ölümündən sonra onun barəsində toplanılmış fərdi məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda və digər sahəvi normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada məhv edilməli və ya arxivləşdirilməlidir.

6.0. Elektron xidmətin monitorinqi və keyfiyyətinə nəzarət ilə bağlı xidmət təminatçısı tərəfindən aşağıdakı texniki tələblər təmin edilməlidir:

6.0.1. Nazirlik tərəfindən elektron xidmətin qiymətləndirilməsinin nəticələri əsasında təqdim edilən təkliflərə uyğun olaraq müvafiq tədbirlər görülməlidir;

6.0.2. elektron xidmətin aktuallığının təmin edilməsi məqsədilə xidmətdən istifadə göstəricilərinin monitorinqi təşkil olunmalıdır;

6.0.3. elektron xidmətin nəticəsindən asılı olmayaraq istifadəçi məmnunluğu ilə bağlı dövri rəy sorğuları keçirilməlidir. Rəy sorğularının nəticələrinin toplanması, təhlili və görüləcək tədbirlər xidmət təminatçısının daxili qaydaları ilə müəyyən edilməlidir;

6.0.4. istifadəçilərin təklif və şikayətlərinin kağız və elektron daşıyıcılarda göndərilməsi üçün imkan yaradılmalı, daxil olan müraciətlərin emalı müddətləri və prosedurları müəyyən edilməlidir;

6.0.5. elektron xidmətdən istifadənin təşviq edilməsi ilə bağlı planlaşdırılmış tədbirlər görülməlidir;

6.0.6. xidmətlərin və onların göstərilməsində istifadə olunan veb-servislərin dayanıqlığının izlənilməsi üçün 24/7 monitorinqlər aparılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver