Qanunvericilik › Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Developerin vəzifələri və hüquqları

Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Developerin vəzifələri aşağıdakılardır:

11.1.1. Azad Zona ərazisinin və (və ya) developer ərazisinin baş planını tərtib etmək;

11.1.2. developer ərazisində infrastrukturun (o cümlədən zəruri daşınmaz əmlak obyektləri də daxil olmaqla) yaradılmasını və inkişafını təmin etmək;

11.1.3. developer ərazisində infrastrukturdan, daşınmaz əmlakdan və digər aktivlərdən istifadə etmək və onların saxlanmasını təmin etmək;

11.1.4. developer ərazisində kommunal və digər təchizatçıların fəaliyyətini əlaqələndirmək;

11.1.5. developer ərazisində qabaqcıl texnoloji vasitələrdən istifadə etmək;

11.1.6. Azad Zonaya yerli və xarici investisiyaları, xüsusən əsas infrastrukturun (o cümlədən zəruri daşınmaz əmlak obyektləri də daxil olmaqla) yaradılması və inkişafı ilə bağlı özəl sektordan və digər mənbələrdən investisiyaları cəlb etmək;

11.1.7. özünün və iştirak etdiyi hər hansı digər hüquqi şəxsin öz vəzifə və öhdəliklərini yerinə yetirməsi üçün kifayət qədər maliyyə vəsaitinə malik olmasını təmin etmək;

11.1.8. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər vəzifələr.

11.2. Developer öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

11.2.1. developer ərazisinin idarə olunması, istifadəsi və saxlanması ilə əlaqədar idarəetmə, əməliyyat və təminat müqavilələri və ya oxşar tipli digər kommersiya müqavilələri bağlamaq;

11.2.2. developer ərazisini icarəyə vermək və ya üzərində başqa şəkildə sərəncam vermək;

11.2.3. hüquqi şəxslər təsis etmək və ya hüquqi şəxslərdə iştirak etmək (payçı, səhmdar və s. kimi), birgə inkişaf razılaşmaları, konsessiya müqavilələri və ya oxşar tipli digər kommersiya müqavilələri bağlamaq;

11.2.4. Azad Zona daxilində və ya xaricində hüquqi şəxslər təsis etmək, onlara investisiya qoymaq və digər investisiya fəaliyyətlərini həyata keçirmək;

11.2.5. hüquq və vəzifələrini ötürmək (müqavilə və ya hər hansı digər əsasla) və ya seçilmiş podratçılara vermək;

11.2.6. kənar məsləhətçilər cəlb etmək və ya məsləhət komitəsi yaratmaq;

11.2.7. banklardan, maliyyə institutlarından və digər qurumlardan maliyyə vəsaitləri cəlb etmək;

11.2.8. hər hansı maliyyə vəsaitlərini cəlb etmək məqsədi ilə əmlak və aktivləri üzərində ipoteka və ya hər hansı digər formada yüklülük yaratmaq;

11.2.9. bank hesabları açmaq;

11.2.10. özünün iştirak etdiyi hüquqi şəxslərin və ya üçüncü şəxslərin öhdəliklərinə zəmanət vermək;

11.2.11. Azad Zona səlahiyyətli qurumu tərəfindən müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

11.3. Developer öz hüquqlarını və vəzifələrini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver