16.1. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda Azad Zonada fəaliyyət göstərən Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Əsas iqtisadiyyatdan Azad Zonaya və Azad Zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin idxalına və ixracına bərabər tutulur.
16.1-1. Azad Zona rezidentlərinin, Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydası Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarla və həmin qaydalarda nəzərdə tutulan hallarda əsas iqtisadiyyatın qanunvericiliyi ilə tənzimlənir.
16. 2. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri əsas iqtisadiyyatın vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, yaxud əsas iqtisadiyyatın vergi ödəyicisi Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər və xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir. Əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı aparılan ödəmələrdən ödəmə mənbəyində vergilərin tutulması həyata keçirilmir.
16.4. Əsas iqtisadiyyatın vergi ödəyicisində aparılan vergi yoxlamaları zamanı vergi orqanları tərəfindən üçüncü şəxslər qismində Azad Zona hüquqi şəxsi ilə aparılmış əməliyyatlar barədə məlumatların əldə edilməsi Azad Zona səlahiyyətli qurumu vasitəsi ilə həyata keçirilir. Azad Zona səlahiyyətli qurumu tərəfindən məlumatlar əsas iqtisadiyyat qanunvericiliyinə uyğun təqdim edilir.