17.1. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallara və nəqliyyat vasitələrinə görə gömrük rəsmiləşdirilməsi üçün ödənilən yığımlardan başqa digər gömrük ödənişləri, o cümlədən gömrük rüsumu və vergilər tətbiq edilmir.
17.2. Mallar və nəqliyyat vasitələri əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zonadan əsas iqtisadiyyata gətirildikdə və əsas iqtisadiyyatdan Azad Zonaya aparıldıqda, belə mallara və nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi zamanı əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
17.3. Əsas iqtisadiyyatın gömrük qurumu Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün müvafiq gömrük qurumu yaradır. Müvafiq gömrük qurumu öz fəaliyyətini Azad Zona qanunvericiliyinə, və həmin qanunvericilikdə nəzərdə tutulduğu halda və qaydada əsas iqtisadiyyat qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir.
17.4. Azad Zona səlahiyyətli qurumu Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallar və nəqliyyat vasitələri ilə bağlı tənzimləməni təmin etmək üçün gömrük tələblərini əhatə edən daxili qaydalar qəbul edir. Daxili qaydalarda aşağıdakılar göstərilir:
17.4.1. Azad Zonaya gətirilən və Azad Zonadan aparılan malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi və nişanlanması qaydaları və tələbləri;
17.4.2. malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi ilə bağlı prosedurlar və icra qaydaları;
17.4.3. sadə və səmərəli gömrük rəsmiləşdirilməsi qaydalarını təmin etmək məqsədi ilə müvafiq gömrük qurumunun və əsas iqtisadiyyatın gömrük qurumunun birgə fəaliyyəti ilə bağlı qaydalar;
17.4.4. gömrük sahəsində tətbiq oluna biləcək hər hansı sənəd və ya xidmət üçün haqq;
17.4.5. gömrük agentlərinin və ya brokerlərin xidmətlərindən istifadə qaydaları;
17.4.6. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər.