19.1. Müvafiq icra hakimiyyəti orqanı Azad Zona səlahiyyətli qurumuna Azad Zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verir.
19.2. Azad Zona səlahiyyətli qurumunun Azad Zona ərazisinin istənilən hissəsini istifadəyə, icarəyə vermək və ya barəsində başqa şəkildə sərəncam vermək hüququ vardır. Azad Zona səlahiyyətli qurumu bu Qanunun 16.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan subyektlərin fəaliyyəti üçün təminedici xarakter daşıyan əsas iqtisadiyyatın vergi ödəyicilərinin fəaliyyət göstərməsi üçün Azad Zona ərazisinin bir hissəsini Azad Zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin Azad Zonanın maraq və mənafelərinə xələl gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilər.
19.3. Azad Zona səlahiyyətli qurumu Azad Zonada torpaq münasibətlərinin tənzimlənməsi məqsədi ilə daxili qaydalar formasında torpaq qaydaları qəbul edir. Torpaq qaydalarında aşağıdakılar göstərilir:
19.3.1. Azad Zona torpağının inkişafı ilə bağlı qaydalar və prosedurlar;
19.3.2. Azad Zona torpağının inkişaf potensialını artırmaq məqsədi ilə Azad Zona torpağına dair sərəncam, o cümlədən istifadə, icarə, təminat və yüklülük hüquqlarının yaradılması və onlara xitam verilməsi qaydaları və tələbləri;
19.3.3. bu Qanunun 14.1.3-cü maddəsinə əsasən yaradılan, Azad Zona torpağına dair hüquqların yaradılmasını və onlara xitam verilməsini təsdiq edən reyestrin aparılması;
19.3.4. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər.
19.4. Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və Azad Zona rezidentlərinə Azad Zona ərazisində əmlak, icarə və digər hüquqlara malik olmağa icazə verilir.
19.5. Azad Zona torpağına dair bütün hüquqlar reyestrdə qeydiyyata alınır.