Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. alim – elmi dərəcəsi və elmi əsərləri olan tədqiqatçı;

1.0.2. assistent – elmi köməkçi və ya elmi vəzifə;

1.0.3. eksperimental tədqiqatlar – elmi araşdırmalar nəticəsində və ya əməli təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan, insan həyatı və sağlamlığının qorunması, yeni istehsal prosesi, material, məhsul, qurğu, xidmət və idarəetmə sistemlərinin yaradılması və onların təkmilləşdirilməsi məqsədilə aparılan tədqiqat;

1.0.4. elm – hadisələrin və gerçəkliyin mahiyyəti haqqında obyektiv biliklərin və informasiyaların əldə edilməsi, toplanması, sistemləşdirilməsi, işlənməsi, yayılması və tətbiqindən ibarət olan insan fəaliyyəti sahəsi;

1.0.5. elmi ekspertiza – elmi işin, elmi-texniki fəaliyyətin elmi, texniki və ictimai-siyasi tələblərə uyğunluğunun müəyyən edilməsi, rəyləndirilməsi və qiymətləndirilməsi;

1.0.6. elmi ekspertizanın subyektləri – ekspertizanın sifarişçiləri, icraçıları (dövlət idarəetmə orqanları, ictimai və beynəlxalq təşkilatlar), hüquqi və fiziki şəxslər (ekspertlər) və digər iştirakçılar;

1.0.7. elmi ekspertizanın obyektləri – elmi və elmi-texniki fəaliyyətinin yoxlanılması nəticəsinə uyğun informasiyalar, bu informasiyaları özündə əks etdirən sənədlər, fiziki predmetlər və digər maddi məlumat daşıyıcıları;

1.0.8. elmi etika – elmi, elmi-texniki və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi işçilərin, müstəqil elmi araşdırmalarla məşğul olan digər şəxslərin elmi ictimaiyyət tərəfindən qəbul edilmiş davranış normalarının, prinsiplərinin və əxlaq qaydalarının məcmusu;

1.0.9. elmi fəaliyyət – elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi;

1.0.10. elmi fəaliyyətin istiqamətləri – fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması, elmi tədqiqatların nəticələrinin ekspertizası, tətbiqi, aprobasiyası və yüksəkixtisaslı elmi kadrların hazırlanması;

1.0.11. elmi fəaliyyət subyektləri – elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları;

1.0.12. elmin və elmi fəaliyyətin növləri – fundamental, tətbiqi və eksperimental (məzmununa görə); təbiət, texniki, humanitar və ictimai (predmetinə görə); akademik, empirik, innovativ, nəzəri və tətbiqi (istiqamətinə görə);

1.0.13. elmi innovasiya– elmi fəaliyyətin məzmun və vasitələrinin (tədqiqat metodları, üsulları və digər), elmi nəticə və məhsulların, həmçinin onların tətbiqi texnologiyalarının və istifadə üsullarının yenilik xarakterinə malik olması;

1.0.14. elmi innovasiya fəaliyyəti – elmi tədqiqatlar əsasında formalaşan, idarəetmə sisteminin təkmilləşdirilməsini və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən mütərəqqi xarakterli yeniliklərin və əqli mülkiyyət obyektlərinin (elmi nəticələr, ixtiralar, kəşflər, sistemlər, orijinal texnologiyalar, brendlər, ticarət və əmtəə nişanları və digər) yaradılmasına və onların tətbiq edilməsinə yönəlmiş fəaliyyət;

1.0.15. elm və innovasiya fondları – elmi tədqiqatların qrant şəklində məqsədli maliyyələşdirilməsini həyata keçirən hüquqi şəxs;

1.0.16. elmi innovasiya subyektləri – əsas funksiyaları və təyinatı mütərəqqi xarakterli yeniliklər yaratmaq və reallaşdırmaqdan ibarət olan hüquqi və fiziki şəxslər;

1.0.17. elmi iş – elmi nəticə əldə etmək məqsədilə aparılan sistemli tədqiqat;

1.0.18. elmi işçi – elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan tədqiqatçı və ya seçkili vəzifə;

1.0.19. elmi məhsul (elmi nəticə) – elmi və elmi-texniki fəaliyyətin tətbiqi üçün nəzərdə tutulan, konkret informasiya daşıyıcısında əks olunan, maddi və ictimai dəyərə malik nəticə (yeni biliklər, texniki həllər, işləmələr və digər);

1.0.20. elmi məhsullar və xidmətlər bazarı – elmi fəaliyyətin nəticələrinin və məhsullarının mübadiləsi prosesində yaranan münasibətlər sistemi və onların reallaşdırıldığı xüsusi bazar;

1.0.21. elmi məktəb – uzunmüddətli dövr ərzində formalaşan özünəməxsus elmi baxışlara, ənənələr və dəyərlər sisteminə malik olan, elmin müəyyən istiqaməti üzrə yeni biliklər yaratmaq, yaymaq, ötürmək və tətbiq etmək funksiyalarını yerinə yetirən, yaradıcıları və davamçıları ilə tanınan, özünü inkişaf qabiliyyətli elmi fəaliyyət subyekti;

1.0.22. elmi müəssisə və təşkilat – elm və elmi-texniki fəaliyyətlə məşğul olan hüquqi şəxs;

1.0.23. elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək;

1.0.24. elmi tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə;

1.0.25. elm-təhsil və innovasiya kompleksi (klaster) – elmtutumlu məhsulların istehsalını və satışını həyata keçirmək məqsədilə fundamental və tətbiqi tədqiqatları, təcrübi-konstruktor işləmələrini, təhsil və sahibkarlıq fəaliyyətini özündə birləşdirən innovasiya strukturu;

1.0.26. elmi yaradıcılıq – bilavasitə elmi tədqiqat, elmi-texniki, elmi-təcrübi və elmi innovasiya prosesi;

1.0.27. fundamental elmi tədqiqatlar – təbiətin və cəmiyyətin quruluşu və inkişafı haqqında yeni biliklərin əldə edilməsinə yönəlmiş nəzəri və təcrübi elmi tədqiqatlar;

1.0.28. impakt faktor – dövri elmi nəşrin reytinqini müəyyən edən təsir göstəricisi;

1.0.29. istinad indeksi – tədqiqatçının elmi əsərlərinə edilən istinadların sayı ilə müəyyən edilən göstərici;

1.0.30. milli innovasiya sistemi – ölkə hüdudunda elmi bilik və texnologiyaların istehsalı və kommersiya və ya qeyri-kommersiya əsasında reallaşdırılması ilə məşğul olan təşkilatların məcmusu;

1.0.31. nostrifikasiya və təkrar attestasiya – xarici ölkədə alınmış elmi dərəcə və ya elmi adlar haqqında sənədlərin ekvivalentliyinin müəyyən edilməsi və tanınması proseduru;

1.0.32. rəsmi opponent – dissertasiyanın aktuallığını, elmi yeniliyinin orijinallıq dərəcəsini və əhəmiyyətini qiymətləndirmək məqsədilə dissertasiya şurası tərəfindən təyin edilən və müvafiq elmi dərəcəyə malik olan şəxs;

1.0.33. texnoloji inkubator – innovasiya fəaliyyəti subyektlərinə elmi, istehsal, kadr, hüquqi, marketinq, lizinq, məsləhət və digər xidmətlərin təqdim edilməsini təmin edən hüquqi şəxs;

* (1.0.33-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

1.0.34. texnopark – yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını kompleks şəkildə həyata keçirən qabaqcıl texnologiyalara malik struktur (ərazi) və ya hüquqi şəxs;

1.0.35. texnopolis – elmtutumlu yeni texnologiyaların və yüksək texniki səviyyəli məhsulların işlənib hazırlanması və istehsalata tətbiq edilməsi məqsədilə yaradılan çoxprofilli, inkişaf etmiş sənaye sahələrinə və infrastruktura, elmi tədqiqat və təhsil komplekslərinə, “beyin mərkəzlərinə”, zavodlara, firma və şirkətlərə, geniş və xüsusi güzəştli şəraitin yaradıldığı əraziyə malik olan elm-sənaye kompleksi və ya sənaye şəhərciyi;

1.0.36. tədqiqatçı – elmi-nəzəri və elmi-texniki tədqiqatlar aparan, bilikləri inkişaf etdirən və elmi tədqiqat layihələrində iştirak edən ali təhsilli şəxs;

1.0.37. tədqiqat universiteti – elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsi və ya elm-təhsil mərkəzi;

1.0.38. tətbiqi elmi tədqiqatlar – əsasən praktik məqsədlərin həyata keçirilməsi və konkret məsələlərin həlli üçün yeni biliklərin əldə edilməsi və tətbiqini nəzərdə tutan elmi tədqiqatlar;

1.0.39. yüksəkixtisaslı elmi kadr – fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxs;

1.0.40. ali attestasiya orqanı – yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver