Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Elmi dərəcələr və elmi adlar

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Azərbaycan Respublikasında elmi dərəcələr elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində ali attestasiya orqanı tərəfindən yaradılan dissertasiya şurasının vəsatəti, elmi adlar isə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti əsasında ali attestasiya orqanı tərəfindən verilir.

18.2. Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi qaydaları və şərtləri bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18.3. Elmi dərəcəsi olan, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahəsində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə edən, lakin elmi dərəcəsi olmayan elmi və pedaqoji kadrlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dosent və professor elmi adları verilir.

18.4. Elmi müəssisələr və ali təhsil müəssisələri fəxri professor (fəxri doktor) adı vermək hüququna malikdir. Fəxri professor (fəxri doktor) adının verilməsi qaydaları və şərtləri elmi müəssisə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

18.5. Elmi dərəcələr və elmi adlar ömürlük verilir. Elmi dərəcələrdən və elmi adlardan məhrumetmə elmi etikanın, müdafiə prosedurunun pozulduğu və elmi plagiat aşkar edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver