20.1. Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin doktoranturasını (dissertantlığını, adyunkturasını) müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom verilir.
20.2. Elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin vəsatəti əsasında ali attestasiya orqanı tərəfindən verilmiş elmi adı təsdiq edən attestatlar həmin müəssisə və təşkilatın elmi və elmi-pedaqoji kadrlarına aid edilməklə, ölkə ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda tanınır.
20.3. Elmi dərəcələr və elmi adlar haqqında dövlət sənədinin verilməsi qaydaları və şərtləri bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına əsasən müəyyən edilir.
20.4. Xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlara dair sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nostrifikasiya və ya təkrar attestasiya əsasında həyata keçirilir.