Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Elmi fəaliyyətin tənzimlənməsi və elmi müəssisənin (təşkilatın) akkreditasiyası

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Azərbaycan Respublikasında elmi fəaliyyət bu Qanunda müəyyən edilmiş prinsiplərə, elmi müəssisələrin (təşkilatların) və ali təhsil müəssisəsinin elmi fəaliyyəti eyni zamanda onların nizamnamələrinə uyğun olaraq tənzimlənir.

24.2. Ölkənin təhlükəsizliyi, vətəndaşların sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə törədə bilən, milli-mənəvi dəyərlərə, xalqın tarixinə xələl gətirən elmi tədqiqatların aparılmasına və ya bu cür elmi nəticələrdən istifadə olunmasına yol verilmir.

24.3. Хarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikası ərazisində elmi və elmi-texniki fəaliyyətinə onların Azərbaycan Respublikasında dövlət qeydiyyatına alındığı halda yol verilir.

24.4. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçirilir.

24.5. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin (təşkilatların) maddi-texniki bazasının və infrastrukturunun, elmi proqramların, elmi tədqiqatların nəticələrinin və səmərəliliyinin, kadr potensialının, maliyyə resurslarının normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.

24.6. Akkreditasiyadan keçən elmi müəssisələrə (təşkilatlara) akkreditasiya haqqında şəhadətnamə verilir. Akkreditasiyadan keçə bilməyən elmi müəssisə (təşkilat) 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdir. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

24.7. Elmi müəssisələr (təşkilatlar) dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver