27.1. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası ekspertiza obyektlərinin elmi və elmi-texniki səviyyəsinin tədqiqi, təhlili, yoxlanılması və qiymətləndirilməsi, bu obyektlər haqqında müvafiq qərarların qəbul edilməsinin əsaslandırılması üçün ekspert rəylərinin hazırlanması və rəsmiləşdirilməsi məqsədilə həyata keçirilir.
27.2. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası bu sahədə təcrübəsi olan ixtisaslı ekspert təşkilatları və fiziki şəxslər (ekspertlər) tərəfindən aparılır.
27.3. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası aşağıdakı hallarda aparılır:
27.3.1. elmi fəaliyyət sahəsində dövlət siyasəti və elmin inkişafının prioritet istiqamətləri müəyyən edildikdə;
27.3.2. dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən elmi proqram və layihələr hazırlandıqda;
27.3.3. elmi proqram və layihələrdə iştirak etmək üçün müsabiqələr keçirildikdə;
27.3.4. ekspertiza obyektinin (elmi tədqiqat işlərinin, elmi proqram və layihələrin, elmi əsərlərin, elmi-metodik vəsaitlərin və digər) müasir elmi-texniki, texnoloji biliklər və tələblər səviyyəsinə uyğunluğu və onların iqtisadi faydalılığı qiymətləndirildikdə;
27.3.5. ekspertiza obyekti olan proqram, layihə və təkliflərin reallaşdırılmasının elmi-texniki, sosial-iqtisadi və ekoloji nəticələrinin proqnozlaşdırılması və istehsalata tətbiqinin elmi cəhətdən əsaslandırılmasında;
27.3.6. ekspertiza obyektinin dövlət maraqlarına uyğunluğunun, ekoloji, texnoloji və ictimai təhlükəsizliyinin qiymətləndirilməsində;
27.3.7. mövcud elmi-texniki potensialdan istifadənin təhlili və səmərəliliyinin qiymətləndirilməsində;
27.3.8. elmi dərəcələr və elmi adlar almaq üçün təqdim edilmiş dissertasiyaların, elmi əsərlərin, tədris və elmi-metodiki vəsaitlərin müvafiq tələblərə uyğunluğunun müəyyən edilməsində;
27.3.9. xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya keçirildikdə;
27.3.10. elmi əsərlərin, mühüm elmi nəticələrin dövlət mükafatlarına və ya beynəlxalq mükafatlara təqdim olunması;
27.3.11. müvafiq icra hakimiyyəti orqanlarının və ya məhkəmənin qərarı olduqda.
27.4. Elmi dərəcələr və elmi adlar almaq üçün təqdim edilmiş dissertasiyaların və sənədlərin, eləcə də xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin ekspertizası bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ali attestasiya orqanı tərəfindən aparılır.
27.5. Elmi və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələrində maraqlı olan fiziki və ya hüquqi şəxsin ekspertizada iştirak etməsinə yol verilmir.
27.6. Elmi və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələri əldə olunması qanunla məhdudlaşdırılan informasiya qorunmaqla, ictimaiyyətə açıqlanır və internet resurslarında yerləşdirilir.