Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Elmi işçilərin hüquqları

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Elmi işçilərin hüquqları aşağıdakılardır:

31.1.1. elmi nəticələrin müəllifi olmaq, əqli mülkiyyət hüquqlarının tanınması və qorunması üçün vəsatət qaldırmaq;

31.1.2. müəllifi və ya hüquqi sahibi olduğu elmi nəticələrin tətbiqindən gəlir əldə etmək və müəllif qonorarı almaq;

31.1.3. elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinə nail olmaq, mükafatlar almaq, imtiyazlardan istifadə etmək;

31.1.4. elmi nəticələrə əsaslanaraq, elmi dərəcə və elmi ad almaq üçün müraciət etmək;

31.1.5. elmi konfrans və simpoziumlarda, qurultay və seminarlarda, digər kollektiv müzakirələrdə iştirak etmək;

31.1.6. elmi tədqiqatların dövlət büdcəsinin vəsaitləri və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi üzrə müsabiqələrdə iştirak etmək;

31.1.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq elmi əməkdaşlıqda iştirak etmək (xarici ölkələrdə təcrübə keçmək, elmi nəticələri dərc etdirmək, birgə elmi tədqiqatlar aparmaq və digər);

31.1.8. insana, cəmiyyətə və ətraf mühitə mənfi təsir göstərən elmi tədqiqatlarda iştirak etməkdən əsaslandırılmış şəkildə imtina etmək;

31.1.9. birgə elmi fəaliyyət barədə müqavilə bağlamaq;

31.1.10. elmi ixtisas səviyyəsini artırmaq və müsabiqələrdə iştirak etmək;

31.1.11. ödənişli yaradıcılıq məzuniyyətindən istifadə etmək;

31.1.12. elmi tədqiqatların aparılması üçün normal iş şəraiti ilə təmin olunmaq;

31.1.13. həmkarlar ittifaqlarında, assosiasiyalarda və digər ictimai birliklərdə təmsil olunmaq;

31.1.14. pedaqoji fəaliyyətlə məşğul olmaq;

31.1.15. işlədiyi elmi müəssisə və təşkilatın tədqiqat istiqamətləri çərçivəsində və özünün elmi maraqlarına uyğun olaraq sərbəst tədqiqat istiqaməti və metodu seçmək;

31.1.16. qrant almaq və gəlir əldə etmək;

31.1.17. proqram və layihələrin elmi ekspertizasının aparılmasında, sosial-iqtisadi nəticələrin proqnozlaşdırılmasında və qiymətləndirilməsində iştirak etmək;

31.1.18. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elmi nəticələr haqqında informasiya əldə etmək, əldə olunması qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla, elmi nəticələr haqqında ictimaiyyəti məlumatlandırmaq;

31.1.19. elmi müəssisə və təşkilatlarda vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

31.1.20. bu Qanuna uyğun olaraq digər hüquqları həyata keçirmək.

31.2. Elmi işçilərin hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun, elmi müəssisə və təşkilatların nizamnaməsi və işəgötürənlə elmi işçi arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver