Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

38.1. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi qurumları iqtisadi və sosial səmərə əldə etmək məqsədi ilə elmi tədqiqat və təcrübə-konstruktor işləri hesabına və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş məhsullar əldə etmək, texnoloji prosesləri yenidən qurmaq və istiqamətləndirmək – innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

38.2. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi işçilərinin və mütəxəssislərinin innovasiya fəaliyyətinin nəticələri elmi ekspertizadan keçirilir və innovasiya fəaliyyətinin daşıyıcısı olan şəxs stimullaşdırılır.

38.3. Elmi müəssisələrin innovasiya fəaliyyəti ölkədə elmlə istehsalat sahələrinin, elmi işçilərlə sahibkarlıq subyektlərinin əlaqələrinin möhkəmləndirilməsinə və elm tutumlu layihələrin işlənib hazırlanmasına, rəqabət qabiliyyətli elmi-texnoloji inkişafın təmin olunmasına xidmət edir.

38.4. Dövlət elmi müəssisələrin və təşkilatların innovasiya və istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.

38.5. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi işçiləri və mütəxəssisləri ölkə daxilində və xarici ölkələrdə elmi innovasiya və elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

38.6. Elmi müəssisələrdə və ali təhsil müəssisələrində ölkədə rəqabət qabiliyyətli inkişafın formalaşdırılması məqsədilə innovasiya təşəbbüsləri əsasında yüksək texnologiyalara əsaslanan təcrübə-sınaq xarakterli sənaye müəssisələri, təsərrüfat sahələri, alternativ enerji stansiyaları, elmi-informasiya, texnoloji və ekspertiza mərkəzləri yaradıla bilər.

38.7. Elmi işçilər elmi informasiya, innovasiya və elmi ekspertiza xidməti ilə məşğul olurlar.

38.8. Elmi müəssisələrin və ali təhsil müəssisəsinin elmi işçilərinin və mütəxəssislərinin öz səmərəliləşdirici təkliflərini, ixtiralarını və patentlərini bazara, auksiona çıxarmaq, müsabiqələrə təqdim etmək, istehsalatda tətbiq edilmək üçün müqavilələr bağlamaq hüququ vardır.

38.9. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin işçiləri çalışdıqları təşkilatın istehsalat və digər sahələrində elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

38.10. Elmi tədqiqat işlərinin nəticələrinin, səmərələşdirici təkliflərin, ixtiraların istehsalata tətbiqindən əldə olunan gəlirlərdən, müqaviləyə uyğun olaraq, elmi müəssisələrə və elmi işçilərə haqq ödənilir.

38.11. Elmi tədqiqatların nəticələrinin, səmərələşdirici təkliflərin və ixtiraların tətbiqinə görə fərqlənən, elmin inkişafına dəstək verən müəssisə və təşkilatların fəaliyyəti təbliğ edilir.

38.12. Azərbaycan Respublikasında elmi araşdırmaların keyfiyyətini və səmərəliliyini yüksəltmək, ölkənin elmi potensialını və innovasiya imkanlarını genişləndirmək, alim və tədqiqatçıların elmi fəaliyyətlərini stimullaşdırmaq, beynəlxalq təcrübəni öyrənmək, müxtəlif elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək məqsədilə elm, təhsil və innovasiya fondları yaradıla bilər.

38.13. Elm və innovasiya fondları elmi müəssisə və təşkilatlar və elmi fəaliyyətlə məşğul olan digər hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən mühüm dövlət və cəmiyyət əhəmiyyətli fundamental, tətbiqi və innovasiya xarakterli elmi proqram və layihələrin ünvanlı maliyyələşdirilməsini həyata keçirir.

38.14. Elm və innovasiya fondlarının maliyyələşdirilməsi mənbələri, proqram və layihələrin seçilməsi, ekspertizası, müsabiqələrin təşkili, qrantların alınması və vəsaitlərindən istifadə olunması qaydaları həmin fondların nizamnaməsi ilə müəyyən edilir.

38.15. Elmi müəssisələrdə və ali təhsil müəssisələrinin elmi qurumlarında çalışan elmi işçilərin elmi innovasiya və elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.

38.16. Elmi müəssisə və təşkilatlar, elm və innovasiya fondları (eləcə də xarici tərəfdaşların birgə müqavilələri əsasında) Azərbaycan Respublikasına elmi tədqiqatlar aparmaq və qrant layihələrində istifadə olunmaq məqsədilə elmi avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və elmi fəaliyyət məqsədli digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver