Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.0. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. elmin inkişafına dair vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

6.0.2. elmin inkişaf strategiyası və konsepsiyasının hazırlanması;

6.0.3. elmin prioritet inkişaf sahələrinin və istiqamətlərinin müəyyən edilməsi, həmin istiqamətlər üzrə dövlət proqramlarının və layihələrinin hazırlanması və həyata keçirilməsi;

6.0.4. regionların kompleks iqtisadi, sosial və mədəni inkişaf proqramlarının hazırlanması və elmi cəhətdən əsaslandırılması; regionlarda elmi fəaliyyətin inkişafı üçün müvafiq infrastrukturun və digər zəruri şəraitin yaradılması;

6.0.5. ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı olan elmi fəaliyyət sahələrinin himayə edilməsi;

6.0.6. elmi fəaliyyət subyektləri üçün azad, ədalətli, bərabərhüquqlu, sağlam və keyfiyyətli elmi fəaliyyət mühitinin yaradılması, elmi qabiliyyəti olan hər bir vətəndaşa elmlə məşğul olmaq, elmi səviyyəsini yüksəltmək və yaradıcılığını təkmilləşdirmək üçün şəraitin yaradılması;

6.0.7. Azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların prioritetliyinin və həyata keçirilməsinin təmin edilməsi;

6.0.8. Azərbaycan xalqının özünəməxsusluğunun, milli və mənəvi dəyərlərinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin, maddi və mədəni irsin, abidələrin və Azərbaycan xalqının etnogenezinin öyrənilməsinə xüsusi diqqət yetirilməsinin təmin edilməsi;

6.0.9. elmi fəaliyyətin cəmiyyətin və iqtisadiyyatın inkişafına istiqamətləndirilməsi, onun açıqlığının, dünya elmi məkanına inteqrasiyasının təmin edilməsi, ölkədə biliklər cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasında və möhkəmləndirilməsində, davamlı, dayanıqlı, dinamik və rəqabətqabiliyyətli inkişafın təmin edilməsində elmin prioritet rolunun müəyyən edilməsi;

6.0.10. elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafına, maddi-texniki baza, infrastruktur, avadanlıqlar, yüksəkixtisaslı elmi kadrlar, informasiya və digər zəruri vasitələrlə təmin olunmasına şəraitin yaradılması;

6.0.11. müdafiə təyinatlı elmi-istehsal, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-sınaq və layihə-texnoloji müəssisələrin inkişafının və elmi potensialının yüksəldilməsinin prioritetliyinin təmin edilməsi;

6.0.12. təhsilin fasiləsizliyi prinsipinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsilalanların hərbi xidmətdən möhlət hüququnun təmin edilməsi;

6.0.13. yüksək ixtisaslı elmi kadr hazırlığının və elmin nailiyyətlərinin stimullaşdırılması, ölkənin maliyyə-iqtisadi imkanlarına uyğun olaraq elmi işçilərin, o cümlədən gənc alimlərin sosial müdafiəsinin yaxşılaşdırılması;

6.0.14. yüksək elmi səviyyəsi və praktik əhəmiyyəti olan, müstəqil dövlətçiliyin və milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə imkan yaradan, ölkənin iqtisadi inkişafına kömək edən, yeni texnologiyaların tətbiqi yolu ilə mühüm irəliləyişə səbəb olan elmi tədqiqat işlərinin dəstəklənməsi və mükafatlandırılması;

6.0.15. elmi fəaliyyət sahəsinə investisiyaların, о cümlədən хarici investisiyaların cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılması və bu məqsədlə investorlara “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş güzəştlərin verilməsi;

6.0.16. müxtəlif elm sahələri üzrə çöl təcrübələrinin və ekspedisiyaların təşkili və onların işinə nəzarətin təmin edilməsi;

6.0.17. elm sahəsinin inkişafına ayrılan dövlət büdcə vəsaitlərinin həcminin və qrantların məbləğinin müəyyən edilməsi və bu vəsaitlərdən səmərəli istifadə olunmasına dövlət nəzarətinin təmin edilməsi;

6.0.18. fundamental, tətbiqi və innovasiya xarakterli tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi;

6.0.19. müxtəlif statuslu dövlət elmi müəssisə və təşkilatlarının yaradılması;

6.0.20. əqli mülkiyyət hüququnun qorunmasının təmin edilməsi;

6.0.21. elmi nəticələrin və məhsulların mənimsənilməsi halları üzrə məsuliyyətin müəyyən edilməsi;

6.0.22. əqli mülkiyyət hüquqlarının təmin edilməsinə nail olmaq;

6.0.23. elmi işçilərin sosial müdafiəsinin təmin edilməsi, o cümlədən elm sahəsində xidmətləri olan görkəmli elm xadimlərinə xüsusi qayğı göstərilməsi və onların elmi fəaliyyətləri üçün lazımi şərait yaradılması;

6.0.24. elmi müəssisə və təşkilatların akkreditasiyasının, elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyasının təmin edilməsi;

6.0.25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qanuna uyğun olaraq, xarici ölkələrin elmi dərəcə və elmi adlar haqqında sənədlərinin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və təkrar attestasiya əsasında tanınması;

6.0.26. elmi fəaliyyətin informasiya təminatının və informasiya resurslarına çıxışın və statistik məlumat sisteminin yaradılmasının təmin edilməsi;

6.0.27. dövlət orqanları, elmi müəssisə, təşkilat və ali təhsil müəssisələrinin və fəaliyyətinin əlaqələndirilməsi;

6.0.28. elmi dərəcələrin və elmi adların, o cümlədən onları təsdiq edən vahid formalı dövlət sənədlərinin verilmə qaydalarının müəyyən edilməsi;

6.0.29. elmi fəaliyyət subyektlərinin haqsız rəqabətdən müdafiə edilməsi;

6.0.30. elmi nəticələrin və müasir texnologiyaların tətbiqinə şərait yaradılması;

6.0.31. elmi kadr tələbatının müəyyən olunması, dövlət sifarişi əsasında elmi və elmi-pedaqoji kadrların hazırlanması, stajkeçmə və ixtisasartırmanın təmin edilməsi;

6.0.32. humanizmə, insan həyatına və cəmiyyətin sabitliyinə zidd olan, ölkənin milli təhlükəsizliyinin və ekoloji tarazlığın pozulmasına səbəb ola bilən elmi texnologiyaların hazırlanmasının və tətbiqinin qarşısının alınması;

6.0.33. elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan Respublikasının elm sahəsi üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsi;

6.0.34. beynəlxalq müqavilələrin icrasında ölkənin elmi potensialından istifadə edilməsinə üstünlük verilməsi;

6.0.35. elm sahəsində ölkədə toplanmış təcrübəyə, mövcud elmi ənənələrə, dayanıqlı inkişaf proseslərinə uyğun olaraq elmi fəaliyyətin milli və müasir inkişaf modelinin formalaşdırılması;

6.0.36. elmi fəaliyyət sahəsində proqnozlaşdırma, nəzarət, əlaqələndirmə qaydalarının, ekspertiza və təchizat normativlərinin müəyyənləşdirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver