“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Elmi müəssisələrin təşkilatların akkreditasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 dekabr 2017-ci il
1.1. Bu Qayda “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 24.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən elmi müəssisələrin (təşkilatların) akkreditasiyasının keçirilməsi, akkreditasiya barədə şəhadətnamələrin verilməsi qaydasını müəyyən edir.
1.2. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin (təşkilatların) maddi-teхniki bazasının və infrastrukturunun, elmi prоqramlarının, elmi tədqiqatlarının nəticələrinin və səmərəliliyinin, kadr pоtensialının, maliyyə resurslarının normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.
1.3. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında ali attestasiya orqanı – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.
1.4. Akkreditasiyadan keçmiş elmi müəssisələrin (təşkilatların) siyahısı Komissiyanın rəsmi internet saytında yerləşdirilir.
2.1. Akkreditasiya elmi müəssisələrin (təşkilatların) son 5 (beş) illik fəaliyyətini qiymətləndirməklə aparılır.
2.2. Akkreditasiya Komissiya tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilir.
2.3. Akkreditasiya bu barədə rəsmi müraciətin edildiyi vaxtdan 3 (üç) ay müddətində həyata keçirilir.
2.4. Akkreditasiya sənədlərin ekspertizası, elmi müəssisələrdə (təşkilatlarda) yerində baxış keçirilməsi yolu ilə həyata keçirilir. Akkreditasiya edilən elmi müəssisələr (təşkilatlar) Komissiyanın normal fəaliyyəti üçün şərait yaradır.
2.5. Elmi müəssisə (təşkilat) Komissiyaya aşağıdakı sənədləri təqdim edir:
2.5.1. akkreditasiyadan keçmə barədə ərizə;
2.5.2. elmi müəssisənin (təşkilatın) - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri;
2.5.3. kadr potensialı, maddi-texniki bazası, infrastrukturu, beynəlxalq əlaqələri, elmi nəticələrin istehsalatda tətbiqi, nəşr olunmuş məqalələrin sayı haqqında məlumat;
2.5.4. elmi müəssisənin (təşkilatın) fəaliyyətinin əsas göstəriciləri barədə məlumatları özündə əks etdirən sənədlərin müəssisənin (təşkilatın) rəhbəri tərəfindən təsdiq edilmiş surətləri;
2.5.5. təqdim edilmiş sənədlərin siyahısı.
2.6. Akkreditasiya qaydası və akkreditasiya üçün tələb olunan sənədlərin siyahısı Komissiyanın internet saytında yerləşdirilir.
2.7. Komissiya 10 (on) iş günü müddətində sənədlərin düzgünlüyünü və tamlığını yoxlayır. Sənədlər bu Qaydanın 2.5-ci bəndinə uyğun olduqda, Komissiya sənədlərin düzgünlüyü və akkreditasiya prosedurunun başlanma tarixi barədə ərizəçiyə bildiriş göndərir.
2.8. Bu Qaydanın 2.5-ci bəndində göstərilən bütün sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq və ya natamam məlumatlar olduqda, Komissiya bu barədə müşayiət məktubu ilə sənədləri ərizəçiyə qaytarır. Ərizəçinin sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət etmək hüququ vardır.
2.9. Komissiya bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq elmi müəssisənin (təşkilatın) fəaliyyətini qiymətləndirərək, müəssisənin (təşkilatın) akkreditasiyadan keçib keçməməsi barədə müvafiq qərar qəbul edir.
2.10. Akkreditasiyadan keçmiş elmi müəssisəyə (təşkilata) Komissiya tərəfindən akkreditasiya haqqında şəhadətnamə verilir (əlavə olunur).
2.11. Elmi müəssisənin (təşkilatın) akkreditasiyadan keçməsi barədə qərar qəbul edildiyi gündən etibarən 10 (on) iş günü müddətində Komissiya akkreditasiya haqqında şəhadətnaməni ərizəçiyə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Şəhadətnaməni 10 (on) iş günü müddətində təqdim etmək mümkün olmadıqda, o, poçt vasitəsilə ərizəçiyə göndərilir.
2.12. Akkreditasiyadan keçməmiş elmi müəssisələrə (təşkilatlara) bu barədə Komissiyanın qərarının əsli ilə düzgünlüyünün təsdiq edilmiş surəti göndərilir.
2.13. Akkreditasiyadan keçə bilməyən elmi müəssisələr (təşkilatlar) 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdirlər. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.
2.14. Elmi müəssisə (təşkilat) ləğv edildikdə və ya yenidən təşkil olunduqda, həmin müəssisənin (təşkilatın) akkreditasiya barədə şəhadətnaməsi qüvvədən düşür.
3.1. Akkreditasiyadan keçmiş elmi müəssisənin (təşkilatın) adı və ya hüquqi ünvanı dəyişdikdə, həmin elmi müəssisə (təşkilat) akkreditasiya haqqında şəhadətnamənin dəyişdirilməsi üçün Komissiyaya ərizə ilə müraciət etməlidir. Dəyişikliyi əks etdirən təsdiqedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri və əvvəlki şəhadətnamə ərizəyə əlavə olunur.
3.2. Komissiya ərizənin verildiyi gündən 10 (on) iş günü müddətində akkreditasiya haqqında şəhadətnaməni dəyişdirir.
3.3. Akkreditasiya haqqında şəhadətnamə itirildikdə, akkreditasiyadan keçmiş elmi müəssisənin (təşkilatın) müvafiq ərizə ilə Komissiyaya müraciəti əsasında 10 (on) iş günü müddətində ona akkreditasiya haqqında şəhadətnamənin dublikatı verilir.
3.4. Komissiya akkreditasiya haqqında şəhadətnamələrin hazırlanmasını, qeydiyyatını və qorunmasını təmin edir.
“___” __________ 20___ il
Bu Şəhadətnamə ilə təsdiq edilir ki, ______________________________________________
_____________________________________________________________________________
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçmişdir.
Əsas: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin “___” ________ 20___ il tarixli ____ nömrəli qərarı.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
______________________________ _____________
(soyadı, adı, atasının adı) (imza)
1. 12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107)