Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Fondun Mərkəzi Bank və dövlət orqanları ilə qarşılıqlı münasibətləri

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Fond öz funksiyalarını yerinə yetirərkən:

21.1.1. hər bir iştirakçı bankda qorunan əmanətlərin məbləği haqqında Mərkəzi Banka məlumat verir;

21.1.2. iştirakçı bankların bu qanunla, Fondun qaydaları və Himayəçilik Şurasının qərarı ilə müəyyən olunmuş tələbləri pozması, habelə əmanətlər üzrə öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirməməsi barədə ona məlum olan faktlar haqqında Mərkəzi Banka məlumat verir.

21.2. Fond Himayəçilik Şurasında təmsil olunan dövlət orqanlarının və Mərkəzi Bankın müraciəti ilə öz fəaliyyəti barədə sorğu edilən məlumatları onlara verir.

21.3. Mərkəzi Bank bir və ya bir neçə iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ehtimalı yarandıqda, bu barədə Fonda məlumat göndərir.

21.4. Bank və ya banklarla bağlı aşağıdakı qərarlardan hər hansı biri qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq, Mərkəzi Bank bu barədə Fonda məlumat göndərir:

21.4.1. bank lisenziyasının verilməsi;

21.4.2. bankın yenidən təşkil olunması;

21.4.3. iştirakçı banka müvəqqəti inzibatçının təyin edilməsi;

21.4.4. iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnun dayandırılması;

21.4.5. iştirakçı bankın öhdəlikləri üzrə ödənişlərin aparılmasına moratoriumun tətbiq edilməsi;

21.4.6. məcburi ləğv edilən və ya müflis elan olunmuş iştirakçı bankın əmanət üzrə öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirə bilməməsi.

21.5. Mərkəzi Bank iştirakçı banklar üzərində nəzarət funksiyalarını həyata keçirərkən, onların Fonda ödədikləri sığorta haqlarının hesablanması, əmanətçilərin ümumiləşdirilmiş uçotunun aparılması vəziyyətini yoxlayır və iştirakçı bankların Fond qarşısında bu qanunla müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiklərini aşkar etdikdə, pozuntuların aradan qaldırılması və düzgün hesablanmamış sığorta haqlarının ödənilməsi barədə həmin banka göstəriş verərək, bu haqda Fonda məlumat verir.

21.6. Mərkəzi Bankın müəyyən etdiyi müddətdə pozuntuları aradan qaldırmayan və sığorta haqlarının çatışmayan məbləğini Fondun hesabına köçürməyən iştirakçı bankların inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimə tətbiq edilir. Belə pozuntulara 1 il ərzində təkrar yol verildikdə, Mərkəzi Bank iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver