Qanunvericilik › “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.09.2019) › Tam mətn

“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.09.2019)

“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.09.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 16 sentyabr 2019-cu il

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək birjalarının (bundan sonra – Birja) və əmək yarmarkalarının (bundan sonra – Yarmarka) təşkili və fəaliyyəti qaydasını müəyyən edir.

1.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən birjalar və yarmarkalar əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması, işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. yarmarka – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir;

1.3.2. birja – hüquqi və ya fiziki şəxslərdən (bundan sonra – Sifarişçi) daxil olan sifarişlər əsasında işsiz və işaxtaran şəxslərin müvəqqəti məşğulluğunun təmin olunması məqsədilə Agentliyin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən elektron qaydada həyata keçirilən xidmətdir.

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.1. Yarmarkanın təşkili məqsədləri aşağıdakılardır:

2.1.1. işəgötürənlərə yarmarka iştirakçıları arasından lazımi kadr seçmək, həmçinin işaxtaranlarla birbaşa müsahibələr keçirmək imkanının yaradılması;

2.1.2. işsiz və işaxtaran şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, iş axtarışı üsulu, əmək bazarında özünü təqdimetmə, peşə istiqamətinin seçilməsi ilə bağlı məsləhətlərin verilməsi.

2.2. Yarmarkanın təşkili formaları aşağıdakılardır:

2.2.1. iqtisadiyyatın bütün sahələrini əhatə edən peşə və ixtisaslar üzrə ümumi yarmarkalar;

2.2.2. ayrı-ayrı regionlar üzrə yerli əmək bazarının tələblərinə uyğun keçirilən mini yarmarkalar;

2.2.3. əmək bazarının tələbləri nəzərə alınmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış yarmarkalar.

3.1. Yarmarkanın təşkil edilməsi üçün Agentliyin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.

3.2. Tələbat nəzərə alınaraq, hər bir inzibati ərazi vahidi üzrə Yarmarkanın təşkili qrafiki Agentlik tərəfindən təsdiq edilir. Yarmarka təsdiq edilmiş qrafikə uyğun, lakin üç ayda bir dəfədən az olmayaraq təşkil olunur.

3.3. Yarmarkanın təşkili məqsədilə müvafiq Yarmarkanın təşkil edildiyi aydan əvvəlki ayın 20-dən gec olmayaraq Agentlik tərəfindən fəaliyyət planı hazırlanır və təsdiq edilir. Fəaliyyət planında aşağıdakı məlumatlar öz əksini tapır:

3.3.1. Yarmarkanın yeri, tarixi və vaxtı;

3.3.2. Yarmarkada iştirak edəcək işsiz və işaxtaran şəxslərin sayı, təhsil səviyyəsi, peşə və ixtisaslar üzrə bölgüsü;

3.3.3. Yarmarkada iştirak edəcək işəgötürənlərin (müəssisələrin) sayı, iqtisadi fəaliyyət sahəsi;

3.3.4. Yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar üzrə bölgüsü;

3.3.5. Yarmarkanın keçirilməsi üzrə xərclər smetası.

3.4. Bu Qaydanın 3.3.1-ci və 3.3.4-cü yarımbəndlərində göstərilən məlumatlar Nazirliyin rəsmi internet səhifəsində dərc edilir və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.

3.5. Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:

3.5.1. karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;

3.5.2. peşə seçiminə istiqamətləndirilir;

3.5.3. peşə hazırlığına cəlb edilir;

3.5.4. haqqı ödənilən ictimai işlərə cəlb edilir;

3.5.5. iş yerlərinə göndəriş verilir.

4.1. Birja Sifarişçinin müraciəti əsasında işsiz və işaxtaran şəxsləri birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb etməklə onların məşğulluğunu təmin edir.

4.2. İşaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs Birjada qeydiyyata alınmaq hüququna malikdir. Bunun üçün həmin şəxs Elektron Hökumət İnformasiya Sisteminin və ya “e-sosial” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə ƏMAS-da bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun “Müraciət-Ərizə”ni dolduraraq təsdiq edir.

4.3. Birja tərəfindən sifarişlərin qəbulu Sifarişçi tərəfindən ƏMAS-da bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun doldurularaq təsdiq edilmiş “Müraciət-Ərizə” əsasında, telefon vasitəsilə və ya birbaşa Agentliyin müvafiq yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməklə qəbul olunur. Telefon vasitəsilə daxil olan hər bir sifariş və onu yerinə yetirən şəxs barədə məlumatlar Agentliyin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən ƏMAS-a daxil edilir.

4.4. Birjada sifarişlərin qəbul edilməsi, işaxtaran və işsiz şəxslərin qeydiyyatı və müvəqqəti işlə təmin edilməsi, habelə məlumat verilməsi, məsləhət xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir.

4.5. Sifarişçi və işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər arasında münasibətlər onlar arasında bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi xarakterli müqavilə əsasında tənzimlənir.

İşaxtaran və işsiz şəxsin:

Fərdi identifikasiya nömrəsi

İşaxtaran kimi qeydiyyat nömrəsi*

İşsiz kimi qeydiyyat nömrəsi*

Soyadı, adı, atasının adı*

Elektron poçt ünvanı (olduğu halda)*

* MEİS tərəfindən avtomatik müəyyən edilən məlumatlar.

- hüquqi və faktiki ünvanı

- elektron poçt ünvanı (olduğu halda)

- fərdi identifikasiya nömrəsi

- VÖEN-i (olduğu halda)

- soyadı, adı, atasının adı

- elektron poçt ünvanı (olduğu halda)

Tələb olunan işçilərin sayı

İşin yerinə yetirilməsi vaxtı və müddəti

1. 5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 666)

2. 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873)

3. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

4. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

5. 9 fevral 2026-cı il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2026-cı il, “Xalq” qəzeti, 12 fevral 2026-cı il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 183)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver