13.1.
13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir.
13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
SH = PSK/(TxK), burada:
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K - sığorta davamiyyəti əmsalıdır.
13.3-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin fərdi şəxsi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi şəxsi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi şəxsi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir.
13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir.
13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P = SH+YH, burada:
P - əlilliyə görə əmək pensiyasıdır;
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.