"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı"na aşağıdakı redaksiyada qeyd əlavə edilsin:
"Qeyd. Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır".
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 22 aprel 2003-cü il № 54