Qanunvericilik › Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarəti

Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.

II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə materiallar, məlumatlar və ya vətəndaşların yazılı ərizələri daxil olduqda, habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müəyyən olunmuş qaydalar və qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslarına dair sənədləri təqdim etməlidirlər.

III. Cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdan kənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə bilər.

IV. Əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar (korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla) prokuror nəzarətinin predmetinə daxil deyil.

V. Əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver