4.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda energetika sahəsində fəaliyyət növləri icazə əsasında həyata keçirilir. İcazələrin verilməsi və ləğvi qaydası, icazələrin müddəti bu Qanun, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarla müəyyən edilir.
4.1-1. Neft və qaz yataqlarının kəşfiyyatına, işlənməsinə və hasilatına, neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
4.2. Karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənilməsi, hasilatı, neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəqli, elektrik enerjisinin paylayıcı şəbəkəsinin, qazpaylayıcı şəbəkənin və yeraltı qaz anbarlarının idarəetməyə verilməsi, habelə energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarla müəyyən edilmiş digər hallarda energetika sahəsində fəaliyyət həmin fəaliyyətə icazə almış energetika subyekti və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.