2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. enerji (enerji resursları) – bütün növ enerji məhsulları, o cümlədən yanacaq növləri, bərpa olunan enerji, elektrik, istilik, su enerjisi və digər enerji formaları;
2.1.2. enerji effektivliyi – məhsulun (işin, xidmətin) və ya enerjinin istehlak olunan enerjiyə nisbəti;
2.1.3. təsərrüfat subyekti – hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
2.1.4. enerji resurslarından səmərəli istifadə – ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarının (enerjinin) iqtisadi cəhətdən daha faydalı istifadəsi;
2.1.5. enerji effektivliyi üzrə tədbirlər – enerji resurslarından səmərəli istifadəyə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu;
2.1.6. enerjiyə qənaət – enerji effektivliyi üzrə tədbirlərin tətbiqi nəticəsində istehlak olunan enerji miqdarının azaldılması;
2.1.7. enerji auditi – enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsi;
2.1.8. enerji auditoru – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən və enerji auditini həyata keçirən, energetika və iqtisadi sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan fiziki şəxs;
2.1.9. enerji effektivliyi üzrə xidmətlər – istehlak olunan enerjinin həcminin ölçülməsi, təhlili və səmərəliliyin qiymətləndirilməsi, habelə enerji effektivliyi üzrə tədbirlərin tətbiqi ilə bağlı xidmətlərin məcmusu;
2.1.10. enerji istehlakı üzrə məhsulların etiketlənməsi – enerji və digər resurslarından istifadənin effektivliyinin səviyyəsi barədə istehlakçının enerji etiketi vasitəsilə məlumatlandırılması;
2.1.11. enerji etiketi – enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların enerji istehlakı həcminə dair sənəd;
2.1.12. enerji menecmenti sistemi – enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sistemi;
2.1.13. enerji idarəçisi (meneceri) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verən, energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan, enerjidən səmərəli istifadəyə cavabdeh fiziki şəxs;
2.1.14. ağıllı sayğac – istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazı;
2.1.15. kogenerasiya – bir proses çərçivəsində istilik enerjisi ilə elektrik və ya mexaniki enerjinin eyni zamanda yaradılması;
2.1.16. kogenerasiya qurğusu – kogenerasiya rejimində işləyə bilən qurğu;
2.1.17. yüksək effektiv kogenerasiya qurğusu – istilik və elektrik enerjisinin ayrılıqda istehsalı ilə müqayisədə ilkin enerji resursuna ən azı 10 faiz qənaət edən kogenerasiya qurğusu;
2.1.18. ekoloji dizayn tələbi – enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsulun ətraf mühitə təsir göstəricilərinin ekoloji tələblərə uyğunluğunu təmin etmək üçün məhsula və ya onun konstruksiyasına dair tələblər;
2.1.19. ekoloji dizayn – ekoloji dizayn tələblərinin enerji istehlak edən və ya enerji istehlakına təsir göstərən məhsulun dizaynına inteqrasiyası;
2.1.20. effektivlik potensialı – texniki cəhətdən mümkünlüyü və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınmaqla enerji effektivliyi üzrə tədbirlərin tətbiqi nəticəsində qənaət oluna biləcək enerjinin miqdarı.
2.2. Bu Qanunda istifadə olunan digər anlayışlar energetika sahəsində Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.