4.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikasının energetika sisteminin etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi;
4.1.2. enerji resurslarından səmərəli istifadə etməklə rəqabətə davamlı iqtisadi inkişafın təmin edilməsi;
4.1.3. enerji resurslarından səmərəli istifadəyə xidmət edəcək əlverişli mühitin yaradılması, enerji effektivliyi üzrə tədbirlərə və yüksək effektiv texnologiyalara investisiyaların cəlbinin təşviq edilməsi;
4.1.4. enerji istehsalçıları, ötürücüləri, nəql edənləri, paylayıcıları, təchizatçıları və istehlakçıları, habelə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi.
4.2. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.2.1. bu sahədə normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
4.2.2. enerji effektivliyi üzrə stimullaşdırıcı və təşviqedici mexanizmlərin həyata keçirilməsi, enerjiyə qənaət edən texnologiyalara və xidmətlərə investisiya qoyuluşunun dəstəklənməsi;
4.2.3. enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin faydası, iqtisadi, ekoloji və sosial üstünlükləri haqqında enerji istehlakçılarının maarifləndirilməsi və məlumatlandırılması;
4.2.4. energetika sistemlərinin iş rejiminin optimallaşdırılması, enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması, habelə satışında və istehlakında normadan artıq enerji sərfinin və itkilərin aradan qaldırılması, enerji resurslarının istehsalı və istehlakı sahəsində tarif siyasətinin optimallaşdırılması;
4.2.5. yüksək effektiv texnologiyalardan və müasir ölçmə vasitələrindən istifadə edilməsi;
4.2.6. ayrı-seçkiliyə yol vermədən şəffaf və enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması, satışında və istehlakında iştirak edən tərəflərin maraqlarına uyğun enerji audit sisteminin fəaliyyətinin təmin edilməsi;
4.2.7. enerji effektivliyi üzrə xidmət bazarının inkişaf etdirilməsi;
4.2.8. enerjidən səmərəli istifadə sahəsində elmi tədqiqatların aparılmasının və innovasiyaların tətbiqinin təşviq edilməsi;
4.2.9. binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının həyata keçirilməsi;
4.2.10. enerji menecmenti sisteminin formalaşdırılması və tətbiqi;
4.2.11. enerji effektivliyi üzrə tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi;
4.2.12. enerji resurslarından səmərəli istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsi;
4.2.13. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində kadr hazırlığının həyata keçirilməsi.