Qanunvericilik › Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin yayılmasına nəzarət

Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Nəzarət markalarının verilməsi məqsədi ilə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) yayılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum təmin edir.

15.2. Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayım məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş audiovizual əsərlərin (filmlərin) nüsxələrinə nəzarət markaları həmin film “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındıqdan və filmlərin dövlət reyestrinə daxil edildikdən sonra yapışdırılır.

15.3. Nəzarət markası olmayan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin yayılmasına yol verilmir.

15.4. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrini aparır, həmin nüsxələrin yaradılmasının qanuniliyini müəyyənləşdirir, müvafiq məlumatları dərc edir və bu Qanunun 3-cü fəslinin müddəalarından irəli gələn məsələlərin tənzimlənməsi ilə bağlı tədbirlər görür.

15.5. Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

15.6. Ölkəyə idxal edilən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə nəzarət markalarının yapışdırılması proseduru gömrük rəsmiləşdirilməsindən sonra həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver