Qanunvericilik › Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar

Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Ərazi quruluşu – Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 11-ci maddələrinə və bu Qanunda nəzərdə tutulmuş meyarlara əsasən Azərbaycan Respublikasının unitar, vahid əraziyə malik olan dövlət kimi müvafiq hissələrə bölünməsidir.

2.2. İnzibati ərazi bölgüsü – idarəetmənin, qanunçuluğun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin dövlət hakimiyyəti orqanları tərəfindən təmin edilməsinin səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikasının ərazisinin unitar dövlət kimi müəyyən hissələrə bölünməsidir.

2.3. Yaşayış məntəqəsi – əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsidir (şəhər, qəsəbə, kənd).

2.4. Ərazi vahidi – müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd).

2.5. İnzibati ərazi vahidi – hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (rayon, şəhər, şəhər rayonu).

2.6. İnzibati ərazi dairəsi – hüdudlarında yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (şəhər, qəsəbə, kənd).

2.7. Rayon – Azərbaycan Respublikasının ümumi ərazisinin idarə edilməsinin mərkəzləşdirilməsi, dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliləşdirilməsi, habelə dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması məqsədi ilə tarixən yaranmış, sabit və davamlı iqtisadi, mədəni və sosial əlaqələri olan ərazilərdən təşkil edilmiş, bir neçə inzibati ərazi dairələrini birləşdirən Azərbaycan Respublikasının inzibati ərazi vahididir.

2.8. Şəhər – əhalisinin sayı 15.000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahididir.

2.9. Şəhər rayonu – böyük ərazilərə malik olan şəhərlərin idarə edilməsinin səmərəliləşdirilməsi, o cümlədən əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının təşkil edilməsi məqsədilə həmin şəhərlərin ərazilərinin müəyyən hissələrə bölünməsi əsasında yaradılan inzibati ərazi vahididir.

2.10. Qəsəbə – əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahididir.

2.11. Kənd – əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir.

2.12. Ərazi vahidlərinin Dövlət reyestri – Azərbaycan Respublikasının ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə inzibati ərazi dairələrinə dair sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.

2.13. sahə inzibati ərazi dairəsi – rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver