Erməni silahlı qüvvələrinin hərbi təcavüzünə məruz qalmış ərazilərin yaşayış məntəqələrindəki fiziki və hüquqi şəxslərin 1998-ci ilin yanvarın 1-dən 2002-ci ilin yanvarın 1-dək əmlak vergisini ödəməkdən azad edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi ölkədə erməni silahlı qüvvələrinin hərbi təcavüzünə məruz qalmış ərazilərin yaşayış məntəqələrində iqtisadiyyatı dirçəltmək, sahibkarlıq fəaliyyətini həvəsləndirmək və əhalinin məskunlaşmasını möhkəmləndirmək məqsədi ilə fiziki və hüquqi şəxslərin müəyyən müddətdə əmlak vergisini ödəməkdən azad edilməsi zəruriliyini nəzərə alaraq qərara alır:
1. Erməni silahlı qüvvələrinin hərbi təcavüzünə məruz qalmış ərazilərin yaşayış məntəqələrindəki fiziki və hüquqi şəxslər 1998-ci ilin yanvarın 1-dən 2002-ci ilin yanvarın 1-dək əmlak vergisini ödəməkdən azad edilirlər.
2. Həmin ərazilərin yaşayış məntəqələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının prezidenti Həydər Əliyev
Bakı şəhəri, 20 aprel 1999-cu il № 657-IQ