Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 noyabr tarixli 536 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Ərzaq təminatı xəritəsi” informasiya sisteminə ötürülməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 iyul 2026-cı il
1.1. Bu Əsasnamə “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. İnformasiya sistemi ölkənin ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanmasını, işlənməsini, saxlanmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edir.
1.3. İnformasiya sistemində yaradılan, əldə edilən və toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.4. İnformasiya sisteminin sahibi və operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.
1.5. Fərdi məlumatların informasiya sistemində toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların informasiya sistemində toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. İnformasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.7. Bu Əsasnamə əldə edilməsi qanunla məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektinə həmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.8. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
1.9. İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2.1. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onun idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. İnformasiya sistemi onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.3. İnformasiya sistemində qurulma topologiyasına uyğun olaraq, telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.3.1. informasiya sisteminin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – sahibin struktur bölmələri tərəfindən;
2.3.2. informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.4. İnformasiya sistemində formalaşdırılan, informasiya sisteminə daxil edilən və ötürülən məlumatlar informasiya sisteminin informasiya ehtiyatında saxlanılır.
2.5. İdarəetmə paneli informasiya sisteminin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.6. Fəaliyyətinin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə informasiya sistemi, o cümlədən informasiya sistemində toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.7. İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitində həyata keçirilir.
3.1. İnformasiya sisteminin strukturuna aşağıdakı altsistemlər daxildir:
3.1.1. sahib və iştirakçılar tərəfindən ərzaq balansı barədə məlumatların daxil edilməsi üçün “ərzaq balansı” altsistemi;
3.1.2. sahib və iştirakçılar tərəfindən ərzaq təminatı barədə məlumatların daxil edilməsi üçün “ərzaq təminatı” altsistemi.
3.2. İnformasiya sisteminin altsistemləri təyinatı üzrə müvafiq sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanılmasını və emalını, informasiya sisteminin inteqrasiyasını, monitorinq və təhlil aparılmasını, habelə müvafiq sahədə mərkəzləşdirilmiş elektron xidmətlər göstərilməsini təmin edir.
4.1. İnformasiya sisteminə daxil edilən və ötürülən (sahib və ya operatorun normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası, habelə dövlət xidmətlərinin göstərilməsi zamanı tələb olunan) məlumatların tərkibi Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunur.
4.2. İnformasiya sisteminə iştirakçılar tərəfindən aşağıdakı məlumatlar daxil edilir (ötürülür):
4.2.1. ölkə üzrə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi (bitki növləri üzrə ayrı-ayrılıqda);
4.2.2. ölkə üzrə kənd təsərrüfatı bitkilərinin yığımı (bitki növləri üzrə ayrı-ayrılıqda);
4.2.3. kənd təsərrüfatı bitkiləri üzrə orta məhsuldarlıq (bitki növləri üzrə ayrı-ayrılıqda);
4.2.4. ölkə üzrə əsas növ heyvandarlıq məhsullarının istehsalı (diri çəkidə ət, süd, yumurta);
4.2.5. ölkə üzrə mal-qara (inək, camış, qoyun, keçi) və quşların sayı;
4.2.6. sənaye emalından keçmiş əsas növ qida məhsullarının natura ifadəsində həcmi (məhsul növü üzrə istehsalın ümumi həcmi, əmtəəlik məhsulun həcmi, göndərilmiş məhsulun həcmi və hesabat dövrünün sonuna istehsalçı müəssisələrin anbarlarında ehtiyatın həcmi);
4.2.7. ərzaq məhsulları üzrə adambaşına istehlak (əsas növ bitkiçilik, heyvandarlıq və sənaye məhsulları üzrə ayrı-ayrılıqda);
4.2.8. əsas növ bitkiçilik məhsullarının balansları;
4.2.9. əsas növ heyvandarlıq məhsullarının balansları;
4.2.10. sənaye emalından keçmiş əsas növ ərzaq məhsullarının balansları;
4.2.11. ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi (əsas növ bitkiçilik, heyvandarlıq və sənaye məhsulları üzrə ayrı-ayrılıqda);
4.2.12. ərzaq məhsulları üzrə idxal və ixrac (miqdar və dəyər ifadəsində);
4.2.13. “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmiş fermerlər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsulları üzrə mövcud məlumatlar əsasında, ölkə üzrə ümumiləşdirilmiş qaydada bəyan olunmuş əkin sahələri, bitki növü və sortu barədə məlumatlar;
4.2.14. istixana, taxıl elevatorları, soyuducu və saxlanc anbarlarına dair mövcud məlumatlar (yeri, sahəsi, tutumu və cari vəziyyəti);
4.2.15. ölkəyə idxal olunmuş, lakin istifadəyə yararsız və təhlükəli hesab edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və utilizasiyasına dair məlumatlar;
4.2.16. ölkədə aparılan nəzarət tədbirləri zamanı istehsal olunmuş qida və yem məhsullarının istifadəyə yararsız və təhlükəli hesab edilən hissəsinin məhv edilməsinə dair məlumatlar;
4.2.17. baytarlıq icazə sənədləri ilə təmin olunmuş kəsimə verilən heyvanların baş sayına görə məlumatlar;
4.2.18. bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli ərzaq malları barədə məlumatlar;
4.2.19. ərzaq məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinin elektron qaimə-faktura üzrə təqdim etdikləri məhsulların mal kodları üzrə dəyərinə dair məlumatlar;
4.2.20. kənd təsərrüfatına yararlı torpaqlara (əkin yeri, çoxillik əkmələr, biçənək, örüş, otlaq sahələri) dair məlumatlar;
4.2.21. suvarılan torpaqlara (suvarılan torpaqlar, kənd təsərrüfatına yararlı, əkin yerlərinin suvarılan hissəsi, çoxillik əkmələr) dair məlumatlar;
4.2.22. təbii və texnogen mənşəli hadisələrin ərzaq təhlükəsizliyinə mümkün təsirləri ilə bağlı məlumatlar.
4.3. İnformasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.4. İnformasiya sistemi ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.5. İnformasiya sistemində formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
4.6. Əsasnamənin 4.2-ci bəndində qeyd edilən məlumatların sistemə daxil edilməsi hazırlanma müddətindən asılı olaraq aylıq, rüblük və illik dövrlər üzrə aparılır.
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların informasiya sistemindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin informasiya sistemindən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən dövlət informasiya ehtiyatlarında və sistemlərində qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq informasiya sistemindən istifadə edirlər.
5.3. Fiziki şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə informasiya sistemində identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq informasiya sistemindən istifadə edirlər.
5.4. İstifadəçilər açıqlanan informasiya sisteminin məlumatları ilə tanış olmaq və mənbəyinə istinad verməklə açıqlanan məlumatlardan təkrar istifadə imkanına malikdirlər.
5.5. İnformasiya sistemi vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə informasiya sisteminin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə həyata keçirilir.
6.1. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. informasiya sisteminin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. informasiya sisteminin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların informasiya sistemlərinin, həmçinin fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. informasiya sisteminin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə informasiya sisteminə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
6.1.5. informasiya sisteminin monitorinqi və auditi üçün XRİTDX-nin yerində baxış keçirməsinə şərait yaratmaq, bu məqsədlə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məlumatları (sənədləri) XRİTDX-ə təqdim etmək, habelə XRİTDX tərəfindən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək;
6.1.6. informasiya sisteminin informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
6.1.7. informasiya sisteminin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-ə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.8. informasiya sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.9. informasiya sisteminin, o cümlədən onların ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
6.1.10. informasiya sistemində toplanan məlumatlar əsasında ölkə üzrə ərzaq təminatının dayanıqlığının və qiymət sabitliyinin, habelə idxal ehtiyaclarının davamlılığının və ixrac təşviqinin təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə planlaşdırma, tənzimləmə və koordinasiya tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
6.1.11. informasiya sisteminə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.12. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.13. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.14. informasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.15. aidiyyəti qurumların informasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.16. dövlət xidmətlərinin göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;
6.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) informasiya sisteminə daxil etmək;
6.1.18. informasiya sistemindən sərbəst və maneəsiz istifadənin, habelə onların dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.19. informasiya sistemində dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.20. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.21. informasiya sisteminin funksiyaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərmək, bu sahədə mütəmadi olaraq bilik və bacarıqlarının artırılması məqsədilə iştirakçılar üçün təlimlər təşkil etmək;
6.1.22. informasiya sistemində statistik hesabatlar hazırlamaq və onların əsasında təhlillər aparmaq;
6.1.23. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. informasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. informasiya sistemindən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. informasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. informasiya sisteminin informasiya təhlükəsizliyini XRİTDX və sahib ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
7.1.2. informasiya sisteminin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, XRİTDX-ə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. informasiya sisteminə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. informasiya sisteminin, o cümlədən onların ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. informasiya sisteminin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə həmin informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. informasiya sisteminin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə həmin informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. informasiya sistemindən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə informasiya sisteminin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) informasiya sisteminə daxil etmək;
7.1.9. informasiya sistemini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. informasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
7.1.12. Nazirliyin və sahibin Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında informasiya sistemində dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırma aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqların keçirilməsini təmin etmək;
7.1.14. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
7.1.15. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;
7.1.16. aidiyyəti qurumların informasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.17. informasiya sistemində “açar söz” əsasında axtarış imkanı yaratmaq;
7.1.18. informasiya sisteminin monitorinqi və auditi üçün XRİTDX-nin yerində baxış keçirməsinə şərait yaratmaq, bu məqsədlə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məlumatları (sənədləri) XRİTDX-ə təqdim etmək, habelə XRİTDX tərəfindən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək;
7.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. informasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. informasiya sistemi ilə məlumat mübadiləsində iştirak edəcək digər dövlət informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. informasiya sisteminin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər informasiya sisteminin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, informasiya ehtiyatlarına və sistemlərinə giriş imkanlarını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. informasiya sisteminə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. informasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə informasiya sisteminə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. informasiya sistemindən, habelə həmin sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. informasiya sistemində saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun informasiya sisteminə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;
8.1.8. informasiya sisteminin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək və bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu informasiya sistemində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. informasiya sisteminin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9.1. İstifadəçilərin informasiya sistemindən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. informasiya sistemindəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barədə məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
9.1.3. EHİS-dəki elektron kabinetləri üzərindən müraciətlərini göndərmək və elektron xidmətlərdən istifadə etmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. informasiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. informasiya sistemindən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.