Qanunvericilik › “Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası və müddəti”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.09.2022) › Tam mətn

“Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası və müddəti”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.09.2022)

“Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası və müddəti”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.09.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli 193 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası və müddəti” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 sentyabr 2022-ci il

1.1. Bu Qayda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən hazırlanmışdır və ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması qaydasını və müddətini müəyyən edir.

1.2. Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması qaydası və müddəti “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İnzibati icraat haqqında” və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının mülki, şəhərsalma və tikinti qanunvericiliyinin və bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktların, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə və bu Qaydaya uyğun olaraq tənzimlənir.

1.3. Ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) üzrə fəaliyyətə ümumi nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik), transsərhəd təsirin qiymətləndirilməsi üzrə fəaliyyətə nəzarəti isə Nazirlik Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə əlaqələndirməklə həyata keçirir.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. ƏMTQ ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) Əlavədə nəzərdə tutulan fəaliyyət növlərinə (bundan sonra – nəzərdə tutulan fəaliyyət) münasibətdə məcburi, Qanuna Əlavədə nəzərdə tutulmayan fəaliyyət növlərinə münasibətdə isə könüllü həyata keçirilir.

2.2. Sifarişçi nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-ni Nazirliyin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) ilə ilkin məsləhətləşmələrdən sonra nəzərdə tutulan fəaliyyətin layihələndirmə mərhələsində həyata keçirir.

2.3. ƏMTQ üzrə qiymətləndiricilər ƏMTQ üzrə təşkilatla sifarişçi arasında bağlanılan müqavilə əsasında qiymətləndirməni aparır və ƏMTQ sənədini hazırlayır.

2.4. Qanun qüvvəyə minənədək həyata keçirilən nəzərdə tutulan fəaliyyət ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin fəaliyyətlə bağlı obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin fəaliyyətə dair Nazirlik tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

2.5. Qanun qüvvəyə minənədək həyata keçirilən nəzərdə tutulan fəaliyyət zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.

2.6. Nəzərdə tutulan fəaliyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazidə həyata keçirildikdə həmin fəaliyyətə dair ƏMTQ Nazirliyin, müalicə-sağlamlaşdırma yerləri və kurortlara münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə aparılır.

2.7. Nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ həyata keçirilərkən onun transsərhəd təsiri müəyyən edildikdə, həmin fəaliyyətlə bağlı transsərhəd təsirin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll edilir.

2.8. ƏMTQ-nin həyata keçirilməsi müddəti sifarişçi ilə ƏMTQ üzrə təşkilat arasında bağlanılmış müqavilədə işin həcmindən asılı olaraq müəyyən edilir və müqavilənin imzalandığı tarixdən hesablanır.

2.9. ƏMTQ sənədinin dövlət ekoloji ekspertizasının aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekspertizanın həyata keçirilməsi Qaydası”na uyğun olaraq tənzimlənir.

2.10. Transsərhəd təsirin qiymətləndirilməsi həyata keçirildikdə, qiymətləndirilmənin müddəti bu Qaydanın 6-cı hissəsinə əsasən transsərhəd təsirə məruz qalan ölkə ilə ilkin məsləhətləşmələrin nəticələrinə uyğun olaraq müəyyən edilir.

3.1. Sifarişçi nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-nin həyata keçirilməsi ilə bağlı Agentliklə ilkin məsləhətləşmələr aparılması məqsədilə özü, onun adından ƏMTQ üzrə qiymətləndirici və ya ƏMTQ üzrə təşkilat nəzərdə tutulan fəaliyyətə dair layihələndirmə niyyəti və aparılacaq ƏMTQ-nin həcmi barədə Agentliyə ərizə ilə müraciət edir.

3.2. Sifarişçi qiymətləndirilməsi aparılacaq layihə barədə məlumatı və qiymətləndirmə həcminə dair sənədi də ərizəsinə əlavə edir.

3.3. Ərizəyə əlavə edilən layihə barədə məlumata aşağıdakılar daxil edilir:

3.3.1. sifarişçi və ƏMTQ-ni aparacaq təşkilat barədə məlumat;

3.3.2. nəzərdə tutulan fəaliyyətin məqsədi, həyata keçirilmə mərhələləri, ümumi təsviri (yerləşmə ərazisi (rayonu), miqyası, texniki-iqtisadi göstəriciləri və mahiyyəti);

3.3.3. nəzərdə tutulan fəaliyyətə dair ən azı 2 (iki) alternativ layihənin qısa təhlili;

3.3.4. ətraf mühitə gözlənilən potensial təsirlərin, habelə mümkün transsərhəd təsirlərin ümumi həcmi (sxem və ya izahatla).

3.4. Qiymətləndirmə həcminə dair sənədə aşağıdakılar daxil edilir:

3.4.1. istinad olunan normativ hüquqi aktlar, qiymətləndirmənin məlumat bazası və məsul qurumlar;

3.4.2. araşdırılmalı olan alternativlər;

3.4.3. ətraflı təhlil tələb edən təsirlərin növləri;

3.4.4. ekoloji risk səviyyəsi, qiymətləndirmənin həcmi və üsulları;

3.4.5. ƏMTQ sənədi hazırlayan şəxslərdən (mütəxəssislərdən) tələb olunan bilik və bacarıq sahələri;

3.4.6. ictimai məlumatlandırma vasitələri barədə təkliflər, həmçinin ictimai dinləmələrin tövsiyə olunan tarixi və yeri.

3.5. Sifarişçinin ərizəsi, ərizəyə əlavə edilən layihə barədə məlumat və qiymətləndirmə həcminə dair sənəd təqdim olunduğu tarixdən 3 (üç) iş günü müddətində ictimai rəyin öyrənilməsi üçün Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.

3.6. İlkin məsləhətləşmələr zamanı ƏMTQ-nin həyata keçirilməsi şərtləri və müddəti müəyyən edilir.

3.7. Sifarişçi tərəfindən ilkin məsləhətləşmələr mərhələsində ƏMTQ-nin həcmi üzrə ictimai dinləmələrin keçirməsi könüllüdür.

3.8. Sifarişçinin ərizəsi üzrə təqdim olunan sənəd və məlumatlar nəzərdən keçirilərkən qiymətləndirmənin həcmində, məzmununda və ya məlumat bazasında müvafiq dəyişikliklərin edilməsinə ehtiyac olduqda, həmin dəyişikliklərin təqdim edilən sənədə daxil edilməsi zərurəti barədə sifarişçiyə məlumat verilir və dəyişikliklər edildikdən sonra sənəd Agentlik tərəfindən təsdiq edilir, Agentliyin və sifarişçinin rəsmi internet səhifələrində yerləşdirilməklə və ya digər vasitələrlə ictimaiyyətə çatdırılır.

4.1. ƏMTQ sənədi asanlıqla başa düşülən üslubda tərtib edilməli, nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitin ilkin vəziyyətini, ətraf mühitə və insan sağlamlığına mümkün potensial təsirləri, onların aradan qaldırılması yollarını və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi üzrə tövsiyələri müəyyən etməli, giriş, təsvir və nəticə hissələrindən ibarət olmalıdır.

4.2. ƏMTQ sənədinə daxil edilən məlumatların hazırlanması və qiymətləndirilməsi ilkin məsləhətləşmələrlə müəyyən edilən ƏMTQ həcminə uyğun həyata keçirilir.

4.3. Strateji ekoloji qiymətləndirmə (bundan sonra – SEQ) aparılmış müvafiq strateji sənədlər çərçivəsində nəzərdə tutulan fəaliyyətə münasibətdə ƏMTQ sənədinin SEQ nəticələrinə uyğunluğu təmin edilməlidir.

4.4. ƏMTQ sənədi sifarişçi ilə ƏMTQ üzrə təşkilat arasında bağlanılmış müqavilə əsasında ƏMTQ üzrə təşkilatda təmsil olunan ƏMTQ üzrə qiymətləndirici tərəfindən Qanunun tələblərinə uyğun hazırlanır.

4.5. ƏMTQ sənədinə Qanunun 4.8-ci və 4.9-cu maddələrində göstərilənlərlə yanaşı aşağıdakılar barədə məlumatlar da daxil edilməlidir:

4.5.1. nəzərdə tutulan fəaliyyətin təsviri, məqsədi, həyata keçirilmə mərhələləri, ətraf mühitə təsirinin növləri və ekoloji risk səviyyəsinin qiymətləndirilmə üsulları;

4.5.2. ƏMTQ sənədinin hazırlanması zamanı istinad edilən normativ hüquqi aktlar;

4.5.3. nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin sosial-iqtisadi inkişaf perspektivləri;

4.5.4. nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin mövcud ekoloji vəziyyətinin və həssaslığının qiymətləndirilməsi;

4.5.5. nəzərdə tutulan fəaliyyət nəticəsində ətraf mühitdə yarana biləcək dəyişikliklərin və onların nəticələrinin proqnozlaşdırılması;

4.5.6. ƏMTQ-nin həcmi müəyyən edilərkən nəzərdə tutulan fəaliyyətin transsərhəd təsiri aşkar edildiyi halda həmin təsirlərin qiymətləndirilməsi;

4.5.7. nəzərdə tutulan fəaliyyətə dair ən azı 2 (iki) alternativ layihə (həmin fəaliyyətdən imtina layihəsi daxil olmaqla), habelə tətbiq olunan ən səmərəli texnoloji alternativlərin ekoloji əsaslandırılması;

4.5.8. fövqəladə və qəza halları üzrə ekoloji risklərin proqnozlaşdırılması;

4.5.9. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsinin bütün mərhələlərində ətraf mühitin mühafizəsi tədbirləri, habelə ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin qarşısının alınması, azaldılması və yumşaldılması tədbirləri;

4.5.10. nəzərdə tutulan fəaliyyətin bütün mərhələləri üzrə ətraf mühitin idarə olunması planı;

4.5.11. ətraf mühitin monitorinqi planı;

4.5.12. istismar müddəti başa çatdıqdan sonra ərazinin reabilitasiya planı;

4.5.13. ictimai dinləmələrə və müzakirələrə dair məlumatlar.

4.6. Nəzərdə tutulan fəaliyyət yerin təkindən istifadə ilə bağlı olduqda geoloji və hidrogeoloji əsaslandırma məlumatları da ƏMTQ sənədinə əlavə edilməlidir.

4.7. ƏMTQ sənədi dövlət ekoloji ekspertizası rəyinin alınması məqsədilə sifarişçi tərəfindən Agentliyə təqdim edilir.

4.8. ƏMTQ sənədində alternativ variantlar ekoloji baxımdan əsaslandırılır və Agentliklə ilkin məsləhətləşmə aparılır (SEQ proseduru aparmaqla planlaşdırma mərhələsində seçimlər müəyyən edilməmişdirsə).

4.9. ƏMTQ sənədinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”na uyğun olaraq Agentlik tərəfindən baxılır, ictimai dinləmələrin nəticələri, transsərhəd təsir olduqda, transsərhəd prosedurun nəticələri nəzərə alınmaqla dövlət ekoloji ekspertizasının rəyi verilir və Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.

4.10. Nəzərdə tutulan fəaliyyətlə bağlı tikintiyə icazə alınması üçün dövlət ekoloji ekspertizası rəyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-1-ci maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqan (qurum) tərəfindən əldə edilir.

5.1. Sifarişçi ƏMTQ-ni həyata keçirərkən nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərlə, həmçinin təsirə məruz qalan və ya təsirə məruz qalma ehtimalı olan ərazidə yerləşən daşınmaz əmlak mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, vətəndaş cəmiyyəti institutları və digər maraqlı tərəflərlə (bundan sonra – ictimaiyyət) “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai dinləmələr keçirir, rəy və təkliflərin bildirilməsinə şərait yaradır.

5.2. ƏMTQ “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlarla və ya qanunla qorunan digər məlumatlarla bağlı olduqda ictimai dinləmələrin keçirilməsinə yol verilmir və bu barədə fiziki və hüquqi şəxslərə, vətəndaş cəmiyyəti institutlarına və digər maraqlı tərəflərə media vasitəsilə məlumat verilir.

5.3. İctimai dinləmə ictimaiyyət nümayəndələri üçün açıq elan olunmalıdır. İctimai dinləmənin elanında onun məqsədi, yeri və tarixi, keçirilmə qaydası, habelə sənədlərin əldə olunma vasitələri qeyd edilməlidir.

5.4. ƏMTQ sənədinin layihəsi Agentliyə təqdim edildikdə, sifarişçi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcək ictimai dinləmənin tarixi, vaxtı və yeri barədə Agentliyi məlumatlandırır. İctimai dinləmənin keçirilməsi sənədlər Agentliyə təqdim edilmədən planlaşdırıldıqda, sifarişçi bu barədə Agentliyi yazılı şəkildə məlumatlandırır və dinləmədə Agentliyin iştirakı təmin edilir.

5.5. Sifarişçi ictimai dinləmə barədə elanı və ƏMTQ sənədinin layihəsini özünün rəsmi internet səhifəsində yerləşdirir və media vasitəsilə dinləməyə ən azı 7 (yeddi) iş günü qalmış ictimaiyyəti məlumatlandırır, habelə həmin elanın Agentliyin rəsmi internet səhifəsində yerləşdirilməsi üçün ona müraciət edir.

5.6. İctimai dinləmə nəzərdə tutulan fəaliyyətin icrasının nəzərdə tutulduğu inzibati ərazidə ƏMTQ üzrə sifarişçinin nümayəndəsinin sədrliyi, müvafiq yerli icra hakimiyyəti orqanının və ya bələdiyyə orqanının nümayəndəsinin, eləcə də Agentliyin, qiymətləndirməni həyata keçirən ƏMTQ üzrə təşkilatın (ƏMTQ üzrə qiymətləndiricilərin), ictimaiyyət nümayəndələrinin və Nazirliyin iştirakı ilə keçirilir.

5.7. İctimai dinləmənin yekun sənədinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

5.8. Sifarişçi ictimaiyyətin rəy və təkliflərinin, ictimaiyyətlə məsləhətləşmələrin və ictimai dinləmənin, habelə keçirildiyi təqdirdə transsərhəd təsirin qiymətləndirilməsi üzrə məsləhətləşmələrinin nəticələrini protokollaşdırır. İctimai dinləmənin protokolu hesabata əlavə edilir və dövlət ekoloji ekspertizası zamanı nəzərə alınır.

6.1. Ətraf mühitə və insan sağlamlığına transsərhəd təsirin qiymətləndirilməsinin məqsədi nəzərdə tutulan fəaliyyətin icrası zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərinin hüdudlarında və ya ondan kənarda ətraf mühitin çirklənməsinin qarşısının alınmasını, azaldılmasını və ətraf mühitə mənfi təsirlərin nəzarətdə saxlanılmasını, habelə bioloji müxtəlifliyin qorunması və təbii sərvətlərdən səmərəli istifadənin təşviqi və insan sağlamlığının mühafizəsi üçün transsərhəd kontekstdə ƏMTQ prosedurunun effektiv və şəffaf həyata keçirilməsini təmin etməkdir.

6.2. Transsərhəd təsirin qiymətləndirilməsi aşağıdakı prinsiplər əsasında aparılır:

6.2.1. ekoloji təhlükəsizliyin milli və beynəlxalq səviyyədə təmini;

6.2.2. regional və qlobal ekoloji problemlər yarada bilən fəaliyyətin təsirinin qarşısının alınmasında birgə fəaliyyət;

6.2.3. ƏMTQ sahəsində informasiya və təcrübə mübadiləsi;

6.2.4. nəzərdə tutulan fəaliyyət nəticəsində transsərhəd təsirə məruz qalan dövlətlərin öz təbii sərvətləri üzərində hüquqlarının qorunması.

6.3. Nəzərdə tutulan fəaliyyətə ƏMTQ aparılarkən həmin fəaliyyətin digər ölkənin ərazisinə potensial transsərhəd təsirə səbəb olma ehtimalı aşkar edildikdə, sifarişçi bu Qaydaya uyğun olaraq ətraf mühitə transsərhəd təsirin qiymətləndirilməsinin aparılmasını təmin edir.

6.4. Transsərhəd təsirlər və onların həcmi Agentliklə ölkə daxilində həyata keçirilən ƏMTQ üzrə məsləhətləşmələrdə müəyyən edilir.

6.5. Agentlik tərəfindən ƏMTQ sənədinin həcmi təsdiq edilərkən digər ölkə ərazisinə transsərhəd təsirlər müəyyən edildiyi təqdirdə, ətraf mühitə transsərhəd təsirin qiymətləndirilməsi proseduruna transsərhəd təsirə məruz qalan ölkənin və ya ölkələrin cəlb edilməsi barədə qərarın verilməsi üçün Nazirlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verilir.

6.6. Transsərhəd təsirə məruz qalan ölkələrin həmin təsirin qiymətləndirilməsi prosesində iştirakının təmin edilməsi və ya Azərbaycan Respublikasının ərazisinə transsərhəd təsir olduqda təsir edən ölkələrin həyata keçirdiyi ƏMTQ prosesində Azərbaycan Respublikasının iştirakı əvvəlcədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.

6.7. Bu Qaydanın 6.6-cı bəndinə uyğun olaraq razılaşdırıldığı təqdirdə transsərhəd təsirə məruz qalan ölkənin və ya ölkələrin məlumatlandırılması ölkədaxili ictimai məsləhətləşmənin keçirildiyi vaxtdan gec olmayaraq başlanılmalıdır.

6.8. Transsərhəd təsir nəzərdə tutulan fəaliyyətin miqyasına, yerləşmə mövqeyinə, təhlükəlilik və təsir dərəcəsinə görə təhlil edilir.

6.9. Transsərhəd təsirin qiymətləndirilməsinin aparılması müddəti təsir edən ölkə tərəfindən təqdim edilən sorğunun müsbət cavablandırıldığı tarixdən başlanılır və transsərhəd məsləhətləşmələrin müddəti təsirə məruz qalan ölkə ilə təsir edən ölkə arasında layihə üzrə iş həcmindən asılı olaraq qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir.

6.10. Nəzərdə tutulan fəaliyyətə dair Agentlik tərəfindən transsərhəd məsləhətləşmələrin nəticələri nəzərə alınmaqla dövlət ekoloji ekspertizası rəyinin verilməsi və təsirə məruz qalan ölkənin bu barədə məlumatlandırılması ilə ətraf mühitə transsərhəd təsirin qiymətləndirilməsi proseduru başa çatır.

7.1. Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudlarında nəzərdə tutulan fəaliyyətin transsərhəd təsiri gözlənildiyi halda təsirə məruz qalan ölkənin ƏMTQ prosesinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi transsərhəd təsirlə bağlı ƏMTQ prosedurunda iştirak etmək niyyətinin olub-olmaması barədə sorğunu 30 (otuz) gün müddətində cavablandırmaq xahişi ilə həmin ölkənin səlahiyyətli orqanına göndərir.

7.2. Azərbaycan Respublikasının ərazisinə transsərhəd təsiri olan ölkələrdən daxil olan müvafiq məlumatlandırma və ya bildiriş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən cavablandırılır.

7.3. Bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulan sorğuya aşağıdakı məlumatlar daxil edilir:

7.3.1. nəzərdə tutulan fəaliyyət və onun transsərhəd təsirinin həcmi barədə məlumat;

7.3.2. nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ proseduru və onun nəticəsində qəbul edilə biləcək mümkün qərarlara dair məlumat, habelə dövlət ekoloji ekspertizasının aparılması və müvafiq rəyin verilməsi müddəti;

7.3.3. sorğu göndərilən zaman mövcud olan məlumat (nəzərdə tutulan fəaliyyət barədə məlumat, ƏMTQ-nin həcminə dair sənəd və ya ƏMTQ hesabatı), habelə həyata keçiriləcək tədbirlər və onların icra müddəti barədə məlumat;

7.3.4. sorğunun cavablandırılması müddəti.

7.4. Sorğu müsbət cavablandırıldığı təqdirdə təsirə məruz qalan ölkədən sorğuya digər məsələlərlə yanaşı həmin ölkədə ictimai məsləhətləşmə proseduru və qaldırılan məsələlər barədə məlumat verilməsi zərurətinə dair qeyd daxil edilir.

7.5. Sorğuda qeyd olunan müddətdə müraciət edilən ölkənin iştirak etmək niyyətinin olub-olmamasına dair cavab olmadığı halda transsərhəd təsirin qiymətləndirilməsi aparılmır.

7.6. Təsirə məruz qalan ölkə nəzərdə tutulan fəaliyyətin ƏMTQ prosedurunda iştirak etmək niyyətində olduğunu bildirdiyi təqdirdə, transsərhəd təsirin qiymətləndirilməsi ilə bağlı məsləhətləşmələrə başlanılır və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ƏMTQ sənədini, habelə təsirə məruz qalan ölkənin cavab məktubunda əvvəlcədən qaldırılan məsələlər barədə müvafiq məlumatı rəy və təkliflərinin bildirilməsi üçün təsirə məruz qalan ölkə tərəfindən müəyyən edilən səlahiyyətli quruma göndərir.

7.7. Ətraf mühitə transsərhəd təsirin qiymətləndirilməsi zamanı tələb olunan sənədlərin hazırlanması qaydası və dili, ictimai dinləmənin tarixi, vaxtı, yeri, müvafiq ölkələr arasında əlaqə vasitələri, transsərhəd təsirin qiymətləndirilməsi prosedurunda iştirak edəcək səlahiyyətli qurumların, habelə sifarişçinin rolu və maliyyələşmə məsələləri əvvəlcədən razılaşdırılır.

7.8. Bu Qaydanın 7.1-ci bəndinə uyğun olaraq sorğu təqdim edilməyən ölkə nəzərdə tutulan fəaliyyət nəticəsində transsərhəd təsirə məruz qalmasını iddia edərək əsaslı mülahizələrini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlandığı halda, onun müraciətinə Nazirlik tərəfindən bu Qaydaya uyğun olaraq baxılır, transsərhəd təsirin olub-olmamasını müəyyən etmək məqsədilə həmin ölkə ilə əsaslandırılmış məlumatla təmin edilməklə məsləhətləşmələr aparılır.

7.9. Transsərhəd təsirə məruz qaldığını iddia edən ölkə ƏMTQ prosedurunun icrasının davam etdiyi müddətdə müraciət göndərdikdə mümkün iştirakla əlaqədar məsləhətləşmələr aparılır və razılıq əldə edildikdə, həmin ölkə ƏMTQ-nin aparılmasına cəlb edilir. ƏMTQ tamamlandıqdan sonra müraciət göndərildikdə, həmin ölkə nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən sonra təhlillərin aparılmasına cəlb edilir.

7.10. Digər ölkədə (ölkələrdə) nəzərdə tutulan fəaliyyətin icrası nəticəsində Azərbaycan Respublikasının ərazisinə transsərhəd təsirlər gözlənildiyi, lakin bu barədə sorğu, eləcə də təsir edən ölkəyə Azərbaycan Respublikası tərəfindən göndərilən müraciətə cavab və müvafiq məlumat təqdim edilmədiyi hallarda, bu Qayda ilə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

8.1. Digər ölkə ərazisində ictimai dinləmənin keçirilməsi və ƏMTQ sənədlərinin tərcüməsi üzrə xərclər, ilkin məsləhətləşmələrdə maliyyələşmə ilə əlaqədar digər razılaşmalar müəyyənləşdirilmədikdə, nəzərdə tutulan fəaliyyəti həyata keçirən sifarişçi tərəfindən ödənilir.

8.2. Bu Qaydanın 7.6-cı bəndlinə uyğun olaraq məsləhətləşmə əsasında razılaşdırılmış qaydada transsərhəd təsirə məruz qalması ehtimal olunan ölkənin müvafiq ərazisində yaşayan şəxslər bu Qaydaya uyğun olaraq məlumatlandırılır, onlara rəy və təkliflərinin bildirilməsi üçün şərait yaradılır.

8.3. Transsərhəd təsirə məruz qalan ölkənin səlahiyyətli qurumunun rəy və təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə əvvəlcədən razılaşdırılmış qaydada və vaxtda təqdim edilir.

8.4. Rəy və təkliflərlə, həmçinin gözlənilən transsərhəd təsirin azaldılması üçün müəyyənləşdirilən tədbirlərlə bağlı məsləhətləşmələr nəzərdə tutulan fəaliyyət üzrə yekun qərar qəbul edilənədək aparılır.

8.5. Nəzərdə tutulan fəaliyyətlə bağlı ekoloji ekspertiza rəyi, o cümlədən yekun qərar sifarişçi tərəfindən razılaşdırılmış dilə tərcümə edilərək Nazirliyə təqdim edilir.

8.6. Nazirlik bu Qaydanın 8.5-ci bəndində nəzərdə tutulan sənədlərin transsərhəd təsirə məruz qalan ölkəyə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərir.

9.1. Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən sonra aparılan təhlillərin məqsədi ƏMTQ sənədində razılaşdırılmış şərtlərin (habelə verilmiş ekoloji ekspertiza rəyinin) icrasının uyğunluğunun monitorinqi, yumşaltma tədbirlərinin səmərəliliyinin öyrənilməsi, onların idarə olunmasına nəzarət və ƏMTQ prosesində verilən proqnozların nəticələrinin təhlili, habelə qarşılıqlı informasiya və təcrübə mübadiləsi, gələcəkdə onların tətbiqidir.

9.2. Əvvəlcədən transsərhəd qiymətləndirilmənin aparılması zəruri hesab edilməyən ƏMTQ həyata keçirilmiş nəzərdə tutulan fəaliyyətin icrası zamanı ərazisinin müəyyən hissəsinə transsərhəd təsir ehtimal edilən ölkənin müraciəti əsasında transsərhəd təsirin olub-olmaması barədə məsləhətləşmə aparılır və transsərhəd təsir aşkarlandığı təqdirdə, tərəflərin razılığı ilə nəzərdə tutulan fəaliyyətinin həyata keçirilməsindən sonra təhlillər aparılmasında təsirə məruz qalan ölkənin iştirakı təmin edilə bilər.

9.3. Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən sonra təhlillərin aparılması zamanı potensial transsərhəd təsirin olduğu barədə qənaətə gəlmək üçün yetərli əsaslar müəyyən edildikdə və ya belə bir təsirlə nəticələnə biləcək hallar aşkarlandıqda tərəflər dərhal məsləhətləşmələr aparır və həmin təsirin aradan qaldırılması və ya azaldılması üçün müvafiq tədbirlər görürlər.

9.4. Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən sonra aparılan təhlillər qiymətləndirmə zamanı proqnozlaşdırılan təsirlərin düzgün idarəetməsinə nəzarət, öyrənilmiş təcrübənin tətbiqi və informasiya mübadiləsi məqsədilə də aparıla bilər.

Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll edilir.

1. 5 sentyabr 2023-cü il tarixli 308 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 7 sentyabr 2023-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1329)

2. 2 aprel 2024-cü il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 441)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver