8.1. SEQ strateji sənəd üzrə potensial təsirlərin həcminin müəyyən olunması, mümkün təsirlərin təhlili və qiymətləndirilməsi, nəticələr üzrə ətraf mühitin mühafizəsi tədbirlərinin müəyyən edilməsi və SEQ sənədinin tərtib olunması, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) ilkin məsləhətləşmələrin aparılması, habelə ictimai dinləmələrin təşkili və planlaşdırıcı orqan tərəfindən nəticələr üzrə müvafiq yekun əsaslandırmanın hazırlanmasından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərarvermə və nəticələrin monitorinqi mərhələlərindən ibarətdir.
8.2. SEQ-in aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
8.3. SEQ strateji sənədlərin hazırlanması mərhələsində planlaşdırıcı orqan tərəfindən aparılır. SEQ-in nəticələrinə dair SEQ sənədi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ekoloji ekspertizasından keçirilməsi üçün planlaşdırıcı orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.
8.4. Planlaşdırıcı orqan bu Qanunun 4.4-cü maddəsində göstərilən məqsədlərə nail olmaq üçün SEQ-lə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) ilkin məsləhətləşmələr aparır.
8.5. SEQ-in həyata keçirilməsi ilə bağlı ictimai dinləmələr bu Qanunun 4.10-cu və 4.11-ci maddələrinin tələbləri nəzərə alınmaqla təşkil olunur.
8.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) planlaşdırıcı orqanın təqdim etdiyi SEQ sənədini “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ekoloji ekspertizasından keçirir, ekspertizanın nəticəsindən asılı olaraq ona dair ekoloji ekspertiza rəyi verir və həmin rəyi rəsmi internet səhifəsində yerləşdirir.
8.7. Planlaşdırıcı orqan SEQ sənədini və SEQ-in nəticələri üzrə verilən dövlət ekoloji ekspertizası rəyini, habelə strateji sənədin layihəsində onun nəzərə alınmayan əsaslandırılmış yekun təkliflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
8.8. SEQ sənədi bu Qanunun 5.1-ci maddəsinə uyğun olaraq hazırlanır. ƏMTQ üzrə qiymətləndirici tərəfindən SEQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.
8.9. SEQ sənədinin hazırlanmasına görə xidmət haqqı planlaşdırıcı orqan tərəfindən bu Qanunun 4.19-cu maddəsinə uyğun olaraq ödənilir.
8.10. SEQ sənədinə aşağıdakılar barədə məlumatlar daxil edilir:
8.10.1. strateji sənədin məzmunu, əsas məqsədləri və onun digər strateji sənədlərlə əlaqəsi;
8.10.2. strateji sənəd və SEQ üzrə istinad edilən normativ hüquqi baza;
8.10.3. strateji sənədin beynəlxalq və milli səviyyədə qəbul edilən ətraf mühit və davamlı inkişaf hədəflərinə uyğunluğu;
8.10.4. strateji sənədin təsir dairəsinə aid edilən ərazidə ətraf mühitin mövcud vəziyyəti;
8.10.5. strateji sənədin icrası ilə əlaqədar potensial təsir mənbələri və onların ətraf mühitə və insan sağlamlığına mümkün təsirləri;
8.10.6. strateji sənəddə nəzərdə tutulan hədəflər və təkliflər üzrə alternativ variantların seçiminin ekoloji səmərəliliyinin əsaslandırılması;
8.10.7. potensial təsirlərin təhlili, onların qarşısının alınması, azaldılması və yumşaldılması tədbirləri;
8.10.8. ictimai dinləmələrin və müzakirələrin nəticələri.