AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinin 1.10-cu bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 22 fevral 2001-ci il
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər ilin iyul ayının 1-dən gec olmayaraq dövlət statistika hesabatlarının formalarını statistik informasiyanın obyektivliyi və onun beynəlxalq statistika ilə müqayisəliliyi əsasında hazırlayır, razılaşdırır və müvafiq qaydada Dövlət Statistika Komitəsinə təqdim edir.
2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ətraf mühitin mühafizəsi sahəsində” təqdim edilən dövlət statistika hesabatlarının dövriliyi, vaxtı, həcmi və forması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilir.
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər il təsdiq edilən “Statistik işlər planında (reqlamentdə)” müəyyənləşdirilmiş vaxta uyğun olaraq yekun məlumatları statistika orqanlarına təqdim edir.
4. Dövlət Statistika Komitəsi öz vəzifə və funksiyalarına uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Statistik işlər planına (reqlamentə)” əsasən yekun məlumatları qəbul edir, ondan ölkə üzrə iqtisadi və sosial vəziyyətə dair materialların hazırlanmasında, külliyyatların nəşr edilməsində istifadə edir.
1. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 01, maddə 49)
2. 28 mart 2012-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 268)