Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydaları” (əlavə olunur) təsdiq edilsin.
2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2003-cü il
1.1. Bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və çıxarılmış faydalı qazıntı ehtiyatlarının, habelə çıxarılma prosesində sənaye əhəmiyyətini itirmiş, sonrakı geoloji öyrənilmə işləri və ya yataqların istismarı zamanı təsdiq olunmayan ehtiyatların faydalı qazıntı ehtiyatlarının dövlət balansında müvafiq dəyişiklik edilməklə, istismar işlərini aparan subyektin hesabından silinməsi qaydalarını müəyyən edir.
1.2. Kəşfiyyatı aparılmış faydalı qazıntı yataqlarının ehtiyatları Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində (bundan sonra – Agentlik) dövlət ekspertizası aparıldıqdan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən təsdiq edilir.
1.3. Kəşf olunmuş faydalı qazıntı ehtiyatlarının təsdiqi onların faydalı qazıntı ehtiyatlarının dövlət balansında qeydiyyata alınmasına və uçotunun aparılmasına, eləcə də istismara cəlb edilməsinə əsas verir.
1.4. Faydalı qazıntı ehtiyatları istismar işlərini aparan subyektin hesabından onun təqdim etdiyi sənədlər əsasında Agentliyin qərarı ilə silinir.
1.5. Faydalı qazıntıların çıxarılmasını həyata keçirən yer təki istifadəçisinin hesabında olan faydalı qazıntı ehtiyatlarına, faydalı qazıntı ehtiyatlarının təsdiqi üzrə müvafiq komissiyalarda təsdiq olunmuş, eləcə də sonrakı geoloji kəşfiyyat işləri və yatağın istismarı prosesində əldə olunmuş və istismar işlərini aparan yer təki istifadəçisinin qərarı ilə əməli olaraq hesaba salınmış ehtiyatlar aiddir.
2. Faydalı qazıntı ehtİyatlarının təsdİqİ
2.1. Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyada faydalı qazıntıların ehtiyatları aşağıdakı hallarda təsdiq edilir:
yerin təkində faydalı qazıntı ehtiyatlarının kəşfiyyatı aparıldıqda;
ehtiyatların təsdiqindən sonrakı müddətdə aparılmış əlavə geoloji kəşfiyyat işləri nəticəsində əldə edilmiş ehtiyatlar yatağın geoloji-sənaye qiymətləndirilməsini əhəmiyyətli dərəcədə dəyişdikdə;
istismarda olan yataqların sənaye kateqoriyaları (A+B+C1) üzrə cəmi balans ehtiyatları onların işlənməsi və əlavə geoloji kəşfiyyat işləri nəticəsində əvvəllər təsdiq edilmiş ehtiyatlarla müqayisədə 50 faizdən çox artdıqda;
istismar prosesində texniki-iqtisadi cəhətdən ehtiyatlar özünü doğrultmadıqda və istismarı məqsədəuyğun sayılmadığından silinmiş və silinməsi nəzərdə tutulan balans ehtiyatlarının cəmi sənaye kateqoriyaları üzrə təsdiq edilmiş ehtiyatlarla müqayisədə 20 faizdən artıq olduqda;
yatağın ehtiyatları təsdiq edildikdən sonra mineral-xammala və istehsal olunan məmulata olan tələbat, dövlət və sahə standartları və yaxud texniki şərtlər, eləcə də mineral-xammalın kondisiya göstəricilərinə əhəmiyyətli təsir edən texnoloji sxem dəyişdikdə.
Yenidən təsdiq üçün Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyaya təqdim edilən ehtiyatların hesablanması, müvafiq qaydada təsdiq edilmiş yeni kondisiyalar və yaxud tətbiqi texniki-iqtisadi hesablamalarla təsdiqlənən və Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyada baxılan əvvəlki kondisiyalar əsasında aparılır.
2.2. Geoloji kəşfiyyat işlərinin nəticələrinə görə ehtiyatların hesablanması üzrə sənədlər yatağın kəşfiyyatını aparan müəssisə və təşkilatın elmi (istehsalat)-texniki şuralarında baxıldıqdan sonra Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyaya təqdim edilir.
İstismar işləri aparılan yataqlar üzrə ehtiyatların hesablanması üçün zəruri sənədlər Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyada baxılmaq üçün yataqda kəşfiyyat işlərini aparan və onun istismarını həyata keçirən təşkilatlar tərəfindən birgə təqdim edilir.
Ehtiyatların hesablanması üzrə sənədlərə baxılmaq üçün təqdim edilməsini planlaşdıran müəssisə və təşkilat hər il yanvar ayının 1-dək Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyaya ehtiyatları baxılacaq yataqların siyahısını təqdim edir.
2.3. Ehtiyatların hesablanması üzrə sənədlər Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyaya 2 nüsxədə təqdim edilir. Eyni zamanda 2 nüsxədə yatağın geoloji quruluşu, aparılmış geoloji kəşfiyyat işlərinin metodikası, həcmi, nəticələri və ehtiyatları barədə müəllif arayışı təqdim edilir. Müəllif arayışı Faydalı Qazıntı Etiyatları üzrə Komissiyanın təsdiq etdiyi formada tərtib edilir.
2.4. Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiya təqdim edilmiş sənədlərə onların qəbul edildiyi gündən bir ay müddətində, iri və mürəkkəb obyektlər üzrə isə iki aydan gec olmayaraq baxır.
2.5. Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyanın ehtiyatların təsdiqi haqqında qərarı bir ay müddətində sənədləri təqdim etmiş müəssisə və təşkilata, eləcə də Dövlət Geoloji İnformasiya Fonduna daxil edilməsi üçün Agentliyə göndərilir. Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyada yatağın (sahənin) ehtiyatları təsdiq edilmədikdə, bütün sənədlər səbəblər göstərilməklə onu təqdim etmiş müəssisə və təşkilata qaytarılır.
3. Faydalı qazıntı ehtİyatlarının sİlİnməsİ
3.1. Faydalı qazıntıların hasilatını həyata keçirən müəssisə və təşkilatların, eləcə də fiziki şəxslərin hesabında olan əsas və yanaşı faydalı qazıntıların aşağıdakı ehtiyatları silinir:
a) yer təkindən çıxarılmış və sifarişçiyə göndərilmiş ehtiyatlar;
b) istismar prosesində itirilmiş, o cümlədən texnoloji və iqtisadi səbəblərdən istismarı mümkün olmadığından yer təkində qalmış, yer təkindən çıxarılmış və süxur anbarında toplanmış ehtiyatlar;
c) sənaye əhəmiyyətini itirmiş, o cümlədən yenidən müəyyən olunmuş kondisiyaya uyğun gəlməyən ehtiyatlar;
ç) hidrogeoloji, mühəndis-geoloji, dağ-texniki və digər təbii şəraitlərin kəskin mürəkkəbləşməsi nəticəsində texniki-iqtisadi səbəblərə görə istismarı məqsədəuyğun olmayan ehtiyatlar;
d) sonrakı geoloji kəşfiyyat işləri və faydalı qazıntı yatağının istismarı prosesində faydalı qazıntıların kəmiyyəti, keyfiyyəti və yatım şəraiti haqqında alınan yeni nəticələrlə təsdiq olunmayan ehtiyatlar;
e) müəyyən olunmuş qaydada faydalı qazıntı hasilatı üzrə digər müəssisəyə verilmiş ehtiyatlar.
3.2. Faydalı qazıntıların balans ehtiyatlarının bu Qaydaların 3.1-ci bəndinin a), b) və e) yarımbəndlərində göstərilən səbəblərə görə silinməsi çıxarılmış, xüsusi anbarlarda toplanmış və ayrıca hesabı aparılmalı olan faydalı qazıntı ehtiyatları istisna olmaqla, hesabdan tam çıxarılması ilə həyata keçirilir.
3.3. Balans ehtiyatlarının bu Qaydaların 3.1-ci bəndinin c), ç) və d) yarımbəndlərində göstərilən səbəblərə görə silinməsi, onların hesabdan tam silinməsi ilə, həm də əgər onların gələcəkdə balans ehtiyatlarına keçirilməsi mümkündürsə, balansdankənar ehtiyatlara keçirmək yolu ilə həyata keçirilə bilər.
3.4. Hasil olunmuş (yer təkindən çıxarılmış) balans və balansdankənar ehtiyatların silinməsi faydalı qazıntının çıxarılmasını həyata keçirən subyekt tərəfindən ildə bir dəfə təqdim etdikləri geoloji-markşeyder sənədlərinin hesabat göstəriciləri əsasında həyata keçirilir.
Yatağın işlənməsi və sonrakı geoloji kəşfiyyat işləri zamanı aşkar olunan hissədən çıxarılan faydalı qazıntı ehtiyatları həmin ehtiyat artımının müəyyən olunmuş qaydada təsdiqindən sonra silinir.
3.5. Faydalı qazıntıların hasilatı üzrə müəssisələrin tikintisində, yenidən qurulmasında və genişləndirilməsində bir qayda olaraq, faydalı qazıntıların balans və balansdankənar ehtiyatlarının silinməsinə və ya balans ehtiyatlarının balansdankənar ehtiyatlara keçirilməsinə yol verilmir.
Faydalı qazıntı hasilatı üzrə müəssisələrin tikintisi, yenidən qurulması və genişləndirilməsinin layihələşdirilməsi zamanı mineral xammalın hasilatı və emalı texnologiyasının, dövlət, sahə standartlarının və texniki şərtlərin dəyişməsi səbəbindən, əgər bu kondisiyanın dəyişilməsini tələb etmirsə, yatağın kəşfiyyatını və layihələşdirilməsini aparan təşkilatların müsbət rəyləri və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin razılığı olduqda, istisna hal kimi Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyanın qərarı ilə balans ehtiyatları silinə və ya balansdankənar ehtiyatlara keçirilə bilər.
3.6. Statistik hesabatlarda nəzərdə tutulan silinmə ilə əlaqədar hər hansı dəyişiklik Agentliyin qərarından sonra həyata keçirilir.
1. 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)
2. 23 aprel 2020-ci il tarixli 999 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2020-ci il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 416)
3. 17 avqust 2026-cı il tarixli 770 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 avqust 2026-cı il, “Xalq” qəzeti, 18 avqust 2026-cı il, № 147) (Bu Fərman müvafiq büdcə təşkilatlarının əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edildiyi gündən qüvvəyə minir.)