Qanunvericilik › “Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.05.2005) › Tam mətn

“Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.05.2005)

“Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.05.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 19 may 2005-ci il

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanına və bu Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq əhali barəsində qanunvericiliklə müəyyən edilmiş məlumat bazasının formalaşdırılması, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin (bundan sonra - Dövlət Reyestri) digər informasiya resursları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi məqsədilə fərdi identifikasiya nömrəsinin verilməsi qaydasını müəyyən edir.

2. Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən Azərbaycan Respublikasının vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində informasiyanı birmənalı tanıdan təkrarolunmaz, dəyişilməz, müvafiq beynəlxalq standartların tələblərinə uyğun təsadüfi seçilmiş müvafiq simvollardan ibarət vahid koddur və həmin şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilir.

3. Fərdi identifikasiya nömrəsi şəxs barədə informasiya DövlətReyestrinə ilk dəfə daxil edilərkən dərhal verilir və xüsusi elektron cədvələ əlavə edilir, eyni şəxs barədə informasiyanın birmənalı fərqləndirilməsini və onun ayrı-ayrı verilənlər bazalarında yerləşən hissələrinin əlaqələndirilməsini təmin edir.

4. Barəsində informasiya daxil edilmiş hər bir şəxsin fərdi identifikasiya nömrəsi Dövlət Reyestrinin bu məqsədlə yaradılmış xüsusi elektron cədvəlində daim saxlanılır.

5. Dövlət Reyestri ilə şəxs barəsində məlumat olan müxtəlif informasiya resursları arasında qarşılıqlı fəaliyyəti təmin etmək üçün həmin informasiya sistemlərində əlaqələndirici elektron cədvəl yaradılır, eyni şəxsin fərdi identifikasiya nömrəsi və həmin sistemlərdəki daxili nömrəsi bu cədvəllərin həmin şəxsə aid sətrinin müvafiq sütunlarında saxlanılır.

6. Şəxslərə verilən fərdi identifikasiya nömrəsinin həmin şəxs barəsində məlumat olan digər informasiya sistemlərinə daxil edilməsi Dövlət Reyestrinin və həmin informasiya sistemlərinin aparıcıları tərəfindən təmin olunur.

7. Dövlət Reyestrinə şəxs barəsində məlumat ötürən informasiya sistemlərinə həmin şəxsin fərdi identifikasiya nömrəsi cari informasiya mübadiləsi başlanan kimi dərhal bildirilir, identifikasiya nömrələri üzrə əlaqələndirici elektron cədvəllərdə informasiyanın aktuallığı təmin edilir, mütəmadi olaraq sinxronlaşdırma həyata keçirilir.

8. Azərbaycan Respublikasının vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs öldükdə, məhkəmə qaydasında ölmüş elan edildikdə və ya Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs başqa ölkədə yaşayış yeri seçməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqda, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir.

9. Azərbaycan Respublikasının vətəndaşının Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, onun fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir. Həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı bərpa edildikdə, onun əvvəlki fərdi identifikasiya nömrəsi bərpa edilir.

1. 22 may 2006-cı il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 470)

2. 13 sentyabr 2006-cı il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 820)

3 dekabr 2014-cü il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 dekabr 2014-cü il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1663)

12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763)

21 sentyabr 2024-cü il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 28 sentyabr 2024-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1100)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver