11.1. Mülkiyyətçi və ya operator subyektdən yalnız işlənilmə məqsədlərinə nail olmaq üçün zəruri olan fərdi məlumatları almaq hüququna malikdir.
11.2. Mülkiyyətçi və ya operator fərdi məlumatları toplayarkən subyektə aşağıdakıları mütləq bildirməlidir:
11.2.1. mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirən məlumatlar;
11.2.2. fərdi məlumatların işlənilmə məqsədi və bu məqsədin hüquqi cəhətdən əsaslandırılması;
11.2.3. toplanılan və işlənilən fərdi məlumatların informasiya sistemində mühafizə səviyyəsi;
11.2.4. informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat;
11.2.5. fərdi məlumatların nəzərdə tutulan istifadəçilərinin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sisteminin dairəsi;
11.2.6. subyektin bu Qanunla müəyyən olunmuş hüquqları barədə məlumatlar.
11.3. Fərdi məlumatların təqdim olunması qanunla müəyyən olunmuşdursa, mülkiyyətçi və ya operator subyektə fərdi məlumatların məcburi şəkildə təqdim edilməsindən imtinanın hüquqi nəticələri barədə məlumat verməlidir.