Qanunvericilik › Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Fərdi məlumatların informasiya sistemlərinin qeydiyyatı

Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

15.2. Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir.

15.3. Aşağıdakı fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatından keçirilməsi tələb olunmur:

15.3.1. dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət sirrinə aid olan fərdi məlumatların informasiya sisteminin;

15.3.2. mülkiyyətçi və ya operatorla əmək münasibətlərində olan subyektlərə aid və ya onların iş ərazisinə buraxılması üçün zəruri olan fərdi məlumatların informasiya sisteminin;

15.3.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş, fərdi məlumatların işlənilmə məqsədindən və subyektlərin sayına qoyulan maksimal həddən asılı olaraq, dövlət qeydiyyatından keçirilməsi tələb olunmayan hallarda yaradılan fərdi məlumatların informasiya sistemlərinin.

15.4. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı mülkiyyətçinin yazılı müraciəti əsasında 1 ay müddətində həyata keçirilir. İnformasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün həmin müraciətdə fərdi məlumatların informasiya sistemi barədə aşağıdakı əsas məlumatlar təqdim edilir:

15.4.1. mülkiyyətçinin kimliyini müəyyənləşdirən məlumatlar;

15.4.2. informasiya sisteminin yaradılmasının hüquqi əsasları;

15.4.3. fərdi məlumatların işlənilmə məqsədi və nəzərdə tutulan üsulları;

15.4.4. informasiya sistemində işlənilən fərdi məlumatların kateqoriyaları;

15.4.5. subyektlərin kateqoriyaları;

15.4.6. informasiya sisteminin istismarı zamanı mülkiyyətçinin fərdi məlumatların mühafizəsi ilə bağlı öhdəsinə götürdüyü tədbirlərin ümumi təsviri;

15.4.7. fərdi məlumatların toplanılmasına və işlənilməsinə başlanıldığı tarix;

15.4.8. fərdi məlumatların istifadəçilərinin dairəsi;

15.4.9. fərdi məlumatların toplanılmasına və işlənilməsinə nəzarət və audit mexanizmləri;

15.4.10. digər əlaqəli informasiya sistemləri, həmin sistemlərlə informasiya mübadiləsi üsulları və mübadilə edilən məlumatların kateqoriyaları;

15.4.11. informasiya sistemlərindən istifadə olunmaqla əhaliyə göstərilə bilən elektron xidmətlərin əhatə dairəsi;

15.4.12. subyektin bu Qanunun 7.1-ci maddəsində göstərilən hüquqlarının təmin edilməsi qaydaları;

15.4.13. digər dövlətlərə, habelə beynəlxalq təşkilatlara transsərhəd ötürülən fərdi məlumatların kateqoriyaları.

15.5. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatından keçirilməsi haqqında müraciətdəki məlumatlarda dəyişiklik olduqda bu barədə 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı surətdə bildirilməlidir.

15.6. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatlara dərhal qadağan qoyulmalı və təxirə salınmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məhv edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver