17.1. Müvafiq icra hakimiyyəti orqanı dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu Qanunun tələblərinə, habelə məlumatların və onların işlənilmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu yoxlayır.
17.2. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hüquqlara malikdir:
17.2.1. bu Qanunla ona həvalə edilmiş vəzifələrin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyətçilərə və ya operatorlara sorğular vermək, habelə dövlət orqanlarından, mülkiyyətçilərdən və ya operatorlardan ödənişsiz olaraq zəruri məlumatlar almaq;
17.2.2. fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilərkən mülkiyyətçinin verdiyi məlumatları, o cümlədən informasiya sistemlərinin layihəyə uyğunluğunu yoxlamaq, müəyyən olunmuş qaydada informasiya sistemlərinin dövlət ekspertizasını təşkil etmək;
17.2.3. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən bu Qanunun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək;
17.2.4. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini pozmuş şəxslərin müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
17.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
17.3. Müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyətini həyata keçirərkən əldə olunan fərdi məlumatların konfidensiallığını təmin etməlidir.
17.4. Müvafiq icra hakimiyyəti orqanının hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada şikayət verilə bilər.