“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Filmlərin yayımı və nümayişi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 6 iyul 2006-cı il
1. Bu Qaydalar mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya birgə istehsal edilən bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin (bundan sonra – film) qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində bütün filmlərin yayımı və nümayiş etdirilməsi qaydalarını müəyyən edir.
1-1. Kino və videofilmlərin yaşa görə təsnifatlaşdırılması ilə bağlı məsələlər “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir.
2. Filmlərin yayımı və onların nümayişi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və bu Qaydalara uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və qurumlar məşğul ola bilərlər.
3. Yayım və retranslyasiya xidmətləri ilə məşğul olan şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.
4. Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir.
5. Beynəlxalq kinofestivallarda, xarici ölkələrin kino günlərində nümayiş etdirmək üçün ölkəyə gətirilən və festivaldan sonra geri qaytarılan filmlər qeydiyyata alınmır.
6. Filmi dövlət reyestrinə daxil etdirmək üçün mülkiyyətçi və ya filmdən istifadə hüququnu həyata keçirən şəxs aşağıdakı sənədləri təqdim edir:
6.2. filmin mülkiyyətçisi və ya filmdən istifadə hüququnun ona məxsus olduğunu təsdiq edən sənəd;
6.3. filmin texniki göstəriciləri (istehsalçı şirkət, ölkə, buraxılış ili, janr, rejissor, prodüser, nümayiş müddəti, təsvir daşıyıcısı, dil, yaş kateqoriyası və s.) haqqında arayış;
6.4. filmin texniki tələblərə cavab verən surəti;
6.5. filmin milli, irqi və ya dini düşmənçiliyin yaradılmasına yönələn, həmçinin pornoqrafiya və zorakılığı təbliğ edən olmadığı barədə məlumat.
6-1. Bu Qaydaların 6-cı hissəsində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mülkiyyətçi və ya filmdən istifadə hüququnu həyata keçirən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mülkiyyətçi və ya filmdən istifadə hüququnu həyata keçirən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və yaxud mülkiyyətçi və ya filmdən istifadə hüququnu həyata keçirən şəxs tərəfindən təmin edilir.
9. Bu Qaydaların 6-cı bəndinə riayət edilmədikdə (bu Qaydaların 6-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla), habelə qeydə alınmaq üçün təqdim olunan milli, irqi və ya dini düşmənçiliyin yaradılmasına yönələn, həmçinin pornoqrafiya və zorakılığı təbliğ edən filmlər dövlət reyestrinə daxil edilmir və bu barədə ərizəçiyə 10 gün müddətində əsaslandırılmış yazılı məlumat verilir.
10. Ərizəçi qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə müraciət edə bilər.
11. Filmlərin Dövlət reyestrinin aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na uyğun həyata keçirilir.
12. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, göstərilən filmlərin mülkiyyətçisi və ya onlardan istifadə hüququnun sahibləri olan fiziki və hüquqi şəxslər bu Qaydaların 4-cü bəndinə uyğun olaraq qeydə alınan və dövlət reyestrinə daxil edilən həmin filmlərin müəyyən olunmuş qaydada kommersiya və qeyri-kommersiya qurumlarına satışını, həmçinin yayımını və nümayişini həyata keçirmək məqsədilə onları çoxaltmaq hüququna malikdirlər və bu halda yeni sahiblər filmləri təkrarən qeydə almırlar.
13. Mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq hər bir film dövlət reyestrinə daxil edilir və bu Qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir.
14. Hər bir yayım vəsiqəsinə dövlət qeydiyyat nömrəsi verilir.
15. Yayım vəsiqəsinə yaş kateqoriyalarının məhdudlaşdırılmasına dair məlumat daxil edilir.
16. Yayım vəsiqəsi ərizənin qəbul edildiyi gündən başlayaraq, 10 gün müddətindən gec olmayaraq ərizəçiyə verilir. Yayım vəsiqəsinin surəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində saxlanılır.
17. Filmlərin yayımı və kütləvi nümayişi ilə məşğul olan fiziki və hüquqi şəxslər:
17.1. bu Qaydalara riayət olunmasını təmin edir və dövlət reyestrində qeydiyyata alınmayan filmlərin yayımına və kütləvi nümayiş etdirilməsinə yol vermirlər;
17.2. filmin ilkin reklamı zamanı onun aid olduğu yaş kateqoriyası haqqında əhalini məlumatlandırır, filmin nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) filmin yaş kateqoriyasına uyğun işarənin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin edirlər.
17.3. kinozallarda, videozallarda film tamaşaçısına kassa vasitəsilə vahid formalı kino bileti satılmasını təmin edirlər;
17.4. filmin yaş kateqoriyasına uyğun işarənin afişaların və biletlərin beş faizindən az olmayan sahəsini tutmasını təmin etməlidirlər.
18. Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır.
Film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində qeydə alınmışdır.
Dövlət qeydiyyat nömrəsi _______________________________________________
Adı __________________________________________________________________
İstehsalı ________________________________ ____________________
Rejissor ____________________________ Prodüser ________________________
Təsnifat ____________________________ Nümayiş müddəti _______________
Janrı _______________________________ Dili ____________________________
Təsvir daşıyıcı _______________________ Rəngi __________________________
Azərbaycan Respublikasının ərazisində filmin mülkiyyətçisi və ya filmdən istifadə hüququnu həyata keçirən şəxsin adı ___________________________________
___________________________________________________________________________
Yayım və nümayiş yaş kateqoriyaları üzrə müəyyən edilmiş aşağıdakı tamaşaçı auditoriyası üçün nəzərdə tutulur:
__________________________________________________________________________
“__________________________________ _____________________________
Bakı şəhəri, “____” ___________200__ il
1. 17 mart 2008-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 239)
2. 1 sentyabr 2016-cı il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2016-cı il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1562)
3. 24 mart 2020-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 aprel 2020-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 370)
4. 26 oktyabr 2020-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1311)
5. 3 oktyabr 2023-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 oktyabr 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1433)
6. 13 sentyabr 2024-cü il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 20 sentyabr 2024-cü il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1083)
7. 24 iyul 2026-cı il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 iyul 2026-cı il, “Xalq” qəzeti, 30 iyul 2026-cı il, № 134)