25.1. Azərbaycan Respublikasında fitosanitar xidməti dövlət və qeyri-dövlət fitosanitar xidmətləri vasitəsilə həyata keçirilir. “Dövlət fitosanitar xidmətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərilir.
25.2. Bu Qanunla müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 2 6. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri
26.1. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada kənd təsərrüfatına aqrokimyəvi xidmət və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, daşınması, saxlanması, satışı və tətbiqi sahəsində sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərdir.
26.2. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri fitosanitar nəzarəti funksiyalarını yerinə yetirə bilməzlər.
Maddə 2 7. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin hüquq və vəzifələri
27.1. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin aşağıdakı hüquqları vardır:
27.1.1. istehsal etdikləri və xaricdən gətirdikləri preparatların qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək;
27.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitar tədbirlərinin nümunəvi uçot və hesabat sənədlərindən və blanklarından istifadə etmək;
27.1.3. dövlət, regional və yerli proqramlar əsasında kənd təsərrüfatına aqrokimyəvi xidmət, bitki mühafizəsi və bitkilərin məhsuldarlığının artırılması tədbirlərinin həyata keçirilməsi məsələlərində tətbiq edilən maliyyə güzəştlərindən istifadə etmək;
27.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
27.2. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin vəzifələri aşağıdakılardır:
27.2.1. fitosanitar nəzarəti qanunvericiliyinə əməl etmək və müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında uçota durmaq;
27.2.2. kənd təsərrüfatı məhsulları istehsalçılarına və bağçılıq təsərrüfatlarına aqrokimyəvi xidmətlər göstərmək;
27.2.3. bitki mühafizə vasitələrinin tətbiqinə dair dövlət standartlarının, fitosanitar və texnoloji normaların, reqlamentlərin və digər normativ sənədlərin tələblərini yerinə yetirmək;
27.2.4. istehsal etdikləri və xaricdən gətirdikləri bitki və bitkiçilik məhsullarının, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin keyfiyyət göstəricilərinə və təhlükəsizliyinə zəmanət vermək və məsuliyyət daşımaq;
27.2.5. istifadəyə yararsız pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin zərərsizləşdirilməsini və ya məhv edilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin etmək;
27.2.6. müvafiq icra hakimiyyəti orqanının qərarlarına əməl etmək;
27.2.7. xidmət etdikləri obyektlərdə zərərli orqanizmlər aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək və onların yayılmasının qarşısını alan ilkin tədbirlər görmək;
27.2.8. fitosanitar tədbirlərin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanına kömək göstərmək və fitosanitar xidməti sahəsində həyata keçirdikləri işlər barədə müvafiq icra hakimiyyəti orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat vermək;
27.2.9. xidmət etdikləri obyektlərdə istehsal edilən bitki və bitkiçilik məhsullarının fitosanitar normalara uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
27.2.10. bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması, elmi tədqiqat işlərinin aparılması, habelə bitki mühafizəsi üzrə dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
27.2.11. qanunvericiliklə müəyyən olunmuş qaydada və formada pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatını aparmaq;
27.2.12. qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 2 8. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələri
28.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
(Çıxarılıb)
28.1.1. bitki mühafizə vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair standartları və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək;
28.1.2. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, dövlət qeydiyyatına alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi qaydalarını müəyyən etmək;
28.1.3. yüksək toksiki-ekoloji təhlükəli pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin siyahısını təsdiq etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada onların tətbiqinə razılıq vermək;
28.1.4. fövqəladə ekoloji şərait zonalarında zəhərli kimyəvi maddələrin tətbiqini məhdudlaşdırmaq;
28.1.5. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək;
28.1.6. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiqini qadağan etmək;
28.1.7. yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz diyetik və tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının, habelə uşaq qida məhsullarının istehsalı üçün əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədilə xüsusi xammal istehsalı bölgələri təşkil etmək, onların hüdudları, hüquqi və texnoloji rejimlərini müəyyən etmək;
28.1.8. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması qaydalarını müəyyən etmək;
28.1.9. bitki və bitkiçilik məhsullarını karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərdən qorumaq üçün lazım olan bitki mühafizə vasitələrinin tədarükünə dövlət sifarişi vermək;
28.1.10. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formasını və təqdim edilməsi qaydasını müəyyən etmək;
28.1.11. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
28.1.12. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı və idxalını lisenziyalaşdırmaq.
28.2. Qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədilə becərilən bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilmir.
28.3. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinin vacibliyi əsaslandırıldıqda, dövlət sanitariya və ekoloji ekspertizasının müsbət rəyi əsasında bu Qanunun 28.1.7-ci maddəsində göstərilən ərazilərdə müvafiq icra hakimiyyəti orqanının ciddi nəzarəti altında onların məhdud çeşidlərinin tətbiqinə qanunvericiliklə müəyyən olunmuş qaydada icazə verilir.
28.4. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, daşınması, saxlanması, tətbiqi, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı işləri bilavasitə yerinə yetirən və bu sahədə nəzarət müayinəsi aparan işçilərə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq güzəştlər tətbiq edilir.
Maddə 2 9. Zəhərli kimyəvi maddələrin istehsalı, satışı və tətbiqi
29.1. Azərbaycan Respublikasında pestisidlərin və bioloji preparatların istehsalı insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən həyata keçirilir.
29.2. Pestisidlər və bioloji preparatlar istehsal edən müəssisə istehsal etdiyi preparatların keyfiyyətinə zəmanət vermək üçün nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir partiya (seriya) preparata dair müvafiq sertifikat alır və onun keyfiyyəti və tətbiqi üçün məsuliyyət daşıyır.
29.3. İstehsal olunan hər hansı preparat qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət sınağından keçirilir və dövlət qeydiyyatına alınır, onun texniki şərtləri və standartlaşdırma üzrə normativ sənədləri hazırlanır.
29.4. Pestisidlərin və bioloji preparatların standartlaşdırılmasını qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
29.4-1. Pestisidlərin və bioloji preparatların sertifikatlaşdırılmasını müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirirlər.
29.4-2. Bu Qanunun 29.4-1-ci maddəsində nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
29.5. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq standartlara uyğun olmayan, habelə dövlət sınağından keçməmiş, dövlət qeydiyyatına alınmamış və istifadəsi qadağan olunmuş zəhərli kimyəvi maddələrin istehsalına, satışına və tətbiqinə yol verilmir.
29.6. Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısının təsdiq edilməsi və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29.7. Fövqəladə ekoloji şərait zonasında pestisidlərin və bioloji preparatların tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır.
Maddə 3 0. Zəhərli kimyəvi maddələrin idxalı və ixracı
30.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatlar idxal və ixrac olunur.
30.2. Mənşəyi və keyfiyyəti barədə sertifikatları olmayan pestisidlərin və bioloji preparatların idxalı, satışı, tətbiqi və reklam edilməsi qadağan edilir.
30.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa şərtlər nəzərdə tutulmamışdırsa, pestisidlərin və bioloji preparatların idxal və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.
30.4. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxal və ixracına aşağıdakı hallarda yol verilir:
30.4.1. elmi tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə nümayiş etdirildikdə;
30.4.2. bitki mühafizə vasitələri ilə işlənmiş toxum və əkin materialları ilə birlikdə idxal və ixrac edildikdə;
30.4.3. fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması məqsədilə onların istehsalçı ölkədə qeydiyyatını və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında.
30.5. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların qanunvericilikdə nəzərdə tutulan qaydada idxalı və tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.
Maddə 3 1. Zəhərli kimyəvi maddələrin qablaşdırılması, saxlanması və daşınması
31.1. Azərbaycan Respublikasında istehsal olunmuş və tətbiqinə icazə verilmiş pestisidlər və bioloji preparatlar müvafiq standartlara və texniki şərtlərə uyğun olaraq qablaşdırılmalı, markalanmalı və müşayiətedici sənədlərində və istifadə təlimatlarında Azərbaycan dilində və ixrac olunduğu ölkələrin dilində hazırlanma tarixi, saxlanma müddəti, şəraiti barədə və digər məlumatlar göstərilməlidir.
31.2. Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması müəyyən olunmuş texniki şərtlərə və tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
Maddə 3 2. Fitosanitar nəzarəti sahəsində Elmi-Texniki Şura
32.1. Fitosanitar nəzarəti sahəsində aparılan elmi tədqiqatların istiqamətləri üzrə məsələlərə baxmaq, müasir elmi-texniki nailiyyətlərin tətbiqinə dair təklif və tövsiyələr hazırlamaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının nəzdində, tərkibi alim və yüksək ixtisaslı mütəxəssislərdən ibarət Elmi-Texniki Şura yaradılır.
32.2. Elmi-Texniki Şura aşağıdakı məsələlərə baxıb rəy verir:
32.2.1. bitki mühafizəsi və karantini sahəsində elmi nailiyyətlərin istehsalatda tətbiqinin yekunlarına;
32.2.2. zərərli orqanizmlərin risk analizinin nəticələrinə;
32.2.3. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin normativ-texniki tələblərə uyğunluğuna;
32.2.4. bitki mühafizəsi və karantini sahəsində hazırlanmış təlimatların, qaydaların, tövsiyələrin və digər normativ sənədlərin elmi cəhətdən əsaslandırılmasına;
32.2.5. bitki mühafizəsi sahəsində elmi və kadr təminatının planlaşdırılmasına və həlli vacib olan digər məsələlərə.
32.3. Fitosanitar nəzarəti sahəsində Elmi-Texniki Şura müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
Maddə 3 3. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsili
33.1. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsili Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
33.2. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin planlaşdırılması və həyata keçirilməsi proqramı müvafiq icra hakimiyyəti orqanı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmalıdır.
Maddə 3 4. Fitosanitar nəzarətinin və dövlət fitosanitar xidmətinin maliyyələşdirilməsi
34.1. Dövlət fitosanitar xidmətlərinin maliyyə mənbəyi dövlət büdcəsindən ayrılan, hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlər, könüllü ödənişlər və donor təşkilatların texniki maliyyə yardımlarından ibarətdir.
34.2. Fitosanitar nəzarəti sahəsində aşağıdakı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir:
34.2.1. müvafiq icra hakimiyyəti orqanının və onun tabeliyində olan təşkilatların saxlanılması xərcləri və maddi-texniki təminatı;
34.2.2. bu Qanuna, sahibkarlara münasibətdə isə həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bitki mühafizəsi və karantini sahəsində tədbirlərin həyata keçirilməsi;
34.2.3. pestisidlərin ehtiyatının yaradılması və saxlanması;
34.2.4. bitki mühafizəsi sahəsində elmi tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması və əlavə təhsili;
34.2.5. məqsədli dövlət və regional proqramlar əsasında fitosanitar və aqrokimyəvi tədbirlərin aparılması;
34.2.6. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi;
34.2.7. qanunvericilikdə nəzərdə tutulmuş digər fitosanitar tədbirlər.
34.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada aşağıdakı fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki şəxslərin vəsaiti, könüllü ödənişlər və donor təşkilatların texniki-maliyyə yardımı hesabına ödənilir:
34.3.1. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı, dövlət qeydiyyatı və ekspertizası;
34.3.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi;
34.3.3. fitosanitar (təkrar ixrac) sertifikatların, vahid uçot və hesabat formalarının və digər fitosanitar sənədlərin verilməsi;
34.3.4. fiziki və hüquqi şəxslərin müraciətləri əsasında fitosanitar karantin baxışının, müayinəsinin və ekspertizasının aparılması;
34.3.5. bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması;
34.3.6. karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri istisna olmaqla, digər bitki mühafizə tədbirlərinin aparılması;
34.3.7. qanunvericilikdə nəzərdə tutulan digər xidmətlər.
34.4. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatların verilməsi üçün dövlət rüsumu ödənilir. Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmur.
34.5. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
34.6. Bu Qanunun 34.3-cü maddəsində nəzərdə tutulmuş tədbirlərə və xidmətlərə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqının məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 3 5. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
35.1. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
35.2. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
Maddə 3 6. Mübahisələrin həlli
Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr inzibati və məhkəmə qaydasında həll edilir.
Maddə 3 7. Fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlıq
Fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
Maddə 3 8. Qanunun qüvvəyə minməsi
38.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
38.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Bitki karantini haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 103; 1998-ci il, № 2, maddə 83; 2002-ci il, № 5, maddə 241, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57), “Bitki mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 274; 2002-ci il, № 5, maddə 241) və “Pestisidlər və aqrokimyəvi maddələr haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 396; 2003-cü il, № 1, maddə 7) qüvvədən düşmüş hesab edilsin.