“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.4-cü, 1.12-ci, 1.15-ci, 1.18-ci və 1.20-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi Qaydaları”, “Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və Qaydası”, “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən hallar”, “Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 dekabr 2006-cı il
1.1. Bu Qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsini, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsini və bitki karantininin tətbiq edilməsini tənzimləyir.
1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər bitki karantini nəzarətində olan bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, emalı, tədarükü, saxlanması, satışı zamanı Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədilə bu Qaydalara riayət etməlidirlər.
2.1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq, karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirir:
2.1.1. ölkə ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkar etmək məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələr aparılması, fitosanitar ekspertizalarının keçirilməsi və profilaktik tədbirlər görülməsi;
2.1.2. bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;
2.1.3. fitosanitar nəzarətində olan zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsini yaradan halları müəyyən etmək və müvafiq bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq;
2.1.4. fitosanitar nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsi, hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməsi, habelə zərərli orqanizmlərlə mübarizə aparılması məqsədilə karantin məhdudiyyətlərinin müəyyən edilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi;
2.1.10. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının əkin sahələrində və çoxillik əkmələrində, meşələrdə, otlaq və biçənəklərdə, toxum və əkin materiallarında zərərverici, xəstəlik və alaq otlarına qarşı aparılan kimyəvi, bioloji və digər bitki mühafizə tədbirlərinin elmi əsaslarla aparılmasına nəzarət etmək;
3.1. Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə, onlarla mübarizə aparmaq məqsədilə Agentlik həmin ərazidə karantin elan olunması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif verir.
3.2. Ərazidə karantin rejiminin tətbiq edilməsi barədə qəbul olunmuş qərarlarda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
3.2.1. karantin elan olunmasının səbəbləri;
3.2.2. karantin elan olunan ərazinin yeri və hüdudları;
3.2.3. karantin məhdudiyyətləri və fitosanitar tədbirlərinin siyahısı.
3.3. Ərazidə karantin rejiminin tətbiq edilməsi barədə məlumat dərhal rəsmi elan olunur və həmin ərazidə olan hüquqi şəxslərə və əhaliyə Agentlik tərəfindən xəbərdarlıq edilir.
3.4. Karantin elan olunan ərazilərdə aşağıdakı məhdudiyyətlər və fitosanitar tədbirlər tətbiq edilir:
3.4.1. zərərli orqanizmlərə qarşı Agentliyin müəyyən etdiyi bitki mühafizə tədbirlərinin həyata keçirilməsi;
3.4.2. karantin elan olunan ərazidən və həmin əraziyə, habelə ərazi daxilində bitki və bitkiçilik məhsullarının daşınmasına məhdudiyyətlərin qoyulması;
3.4.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə qadağa qoyulması.
3.5. Agentlik məqsədəuyğun hesab etdiyi halda karantin elan olunan əraziyə bitişik ərazidə olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə), müəyyən vaxt ərzində, öz ərazisində fitosanitar tədbirlərin həyata keçirilməsi barədə rəsmi bildiriş verir və onun qarşısında qanunvericiliklə nəzərdə tutulmuş tələblər qoyur.
3.6. Torpaq sahəsinin mülkiyyətçisi (istifadəçisi) bu tələblərə əməl etmədiyi halda Agentlik bildirişdə tələb olunan fitosanitar tədbirləri həyata keçirmək məqsədilə bu ərazidə olan bitkilərin, bitkiçilik məhsullarının və zərərli orqanizmlərin məhv edilməsi barədə qərar qəbul edir.
3.7. Karantin elan olunan ərazilərdə məhdudiyyətlərin qoyulması və fitosanitar tədbirlərin aparılması xərcləri qanunvericiliklə müəyyən olunmuş hallarda dövlət büdcəsinin vəsaiti, digər hallarda isə torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) vəsaiti hesabına həyata keçirilir.
3.8. Agentlik karantin elan olunan ərazini müntəzəm olaraq tədqiq edir və karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcudluğunu daim nəzarətdə saxlayır.
3.9. Agentlik fitosanitar tədbirlərin aparılmasından sonra zərərli orqanizmlərlə sirayətlənmiş ərazidə və ya onun bir hissəsində karantin rejiminin götürülməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif verir.
3.10. Agentliyin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti karantin elan olunmuş ərazini zərərli orqanizmlərdən aşağıdakı hallarda azad elan edir:
3.10.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcud olmamasına əmin olduqda;
3.10.2. ərazinin zərərli orqanizmlərdən azad olunması məqsədilə nəzərdə tutulmuş fitosanitar tədbirlər tam həyata keçirildikdə;
3.10.3. zərərli orqanizmlərdən azad ərazinin statusunun saxlanılmasına əmin olmaq məqsədilə müşahidələr keçirildikdə.
3.11. Bitki və bitkiçilik məhsullarının karantin elan olunmuş ərazilərdən daşınmasına yalnız zərərli orqanizmlərdən azad elan olunduqdan sonra yol verilir.
1. Bu Qayda “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi hallarını və qaydasını müəyyən edir.
2. İdxal edilmiş və müəyyən olunmuş qaydada fitosanitar tədbirləri nəticəsində karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmədən azad olunmuş məhsullar (bundan sonra - yük) zərərsizləşdirildikdən sonra sahibi tərəfindən 5 gün müddətində geri götürülməlidir.
3. Yük bu Qaydanın 2-ci bəndində göstərildiyi müddət ərzində sahibi tərəfindən geri götürülmədiyi təqdirdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) müvafiq rayon, şəhər fitosanitar nəzarəti məntəqəsinin rəhbərliyi yükün məhv edilməsi barədə qərar qəbul edir.
4. Yük aşağıdakı hallarda məhv edilir:
4.1. zərərsizləşdirildikdən sonra sahibi tərəfindən müəyyən müddətdə geri götürülmədiyi barədə dövlət fitosanitar müfəttişinin aktı tərtib olunduqda;
4.2. uzun müddət qaldığından yararsız hala düşdükdə.
5. Rayon, şəhər fitosanitar nəzarəti məntəqəsinin rəhbərliyi yükün məhv edilməsi barədə qərar qəbul edərkən müvafiq komissiya yaradır (lazım gəldikdə aidiyyəti təşkilatları cəlb etməklə). Komissiya tərəfindən yükə baxış keçirilir, yükün məhv edilməsi barədə üç nüsxədən ibarət akt tərtib edilir və Agentliyin müəyyən etdiyi və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə məhv edilir. Aktın bir nüsxəsi müvafiq rayon, şəhər fitosanitar nəzarəti məntəqəsinə, ikinci və üçüncü nüsxələri isə müvafiq olaraq məlumat üçün Agentliyə və yük sahibinə (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) göndərilir.
6. Fitosanitar nəzarəti zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti idxal edənin üzərinə düşür.
7. Agentlik yükün məhv edilməsi barədə ixracatçı ölkənin müvafiq bitki karantini və mühafizəsi təşkilatına məlumat verir.
1. Bu hallar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və karantin elan olunan ərazilərdə müvafiq fitosanitar tədbirlərin aparılması xərclərinin dövlət büdcəsi hesabına həyata keçirilməsini müəyyən edir.
2. Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən hallar aşağıdakılardır:
2.1. qanunvericiliklə müəyyən olunmuş qaydada ərazilərdə karantin elan olunması barədə müvafiq qərarlarda göstərilən məhdudiyyətlər və fitosanitar tədbirlər;
2.2. karantin tətbiq edilən zərərli orqanizmlər sayılmayan, lakin karantin elan olunan ərazilərdə və ya ölkə ərazisində ilk dəfə (yeni) aşkar edilmiş və kütləvi yayıldıqda ətraf mühit və ölkə iqtisadiyyatı üçün xüsusi təhlükə yaradan zərərvericilərə (siçanabənzər gəmiricilər, Mərakeş çəyirtkəsi, taxıl böcəyi və s.) qarşı mübarizə;
2.3. zərərli orqanizmlərin kütləvi yayılmasına qarşı ləğvedici tədbirlərin aparılması üçün pestisidlərin alınması və tətbiq edilməsi;
2.4. zərərli orqanizmlərin yayılma zonasında təcrid rejiminin saxlanması məqsədilə karantin nəzarəti postlarının qoyulması;
2.5. zərərli orqanizmlərlə sirayətlənməsindən asılı olaraq bitki və bitkiçilik məhsullarının götürülməsi, məhv edilməsi və ya qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi zərərsizləşdirilməsi;
2.6. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, profilaktikası və qarşısının alınması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsi.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il dövlət büdcəsinin layihəsi hazırlanan zaman dövlət büdcəsi hesabına həyata keçirilən hallar üzrə fitosanitar tədbirlərin aparılmasına dair müvafiq xərclərin hesablamalarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Hesablamalar yoxlanıldıqdan sonra lazım olan vəsaitlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılan vəsaitlər bölməsində nəzərdə tutulur.
1. Bu Qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil
olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsini tənzimləyir.
2. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) xüsusi təlimatlandırılmış, bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi (bundan sonra - fumiqasiya dəstəsi) tərəfindən həyata keçirilir.
3. Qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
4. Fitosanitar nəzarəti nəticəsində karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, bu Qaydalarda nəzərdə tutulan zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı (alğı-satqısı), habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi nəzərdə tutulur.
6. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilə əsasında və onların hesabına aparılır.
Göstərilən fitosanitar xidmətə görə ödənilən vəsaitin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
7. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, lakin zərərsizləşdirilməsi mümkün olmadığı halda yük müəyyən edilmiş qaydada geri qaytarılır.
8. Fumiqasiya dəstəsi bitki və bitkiçilik məhsullarının zərərverici və xəstəlik törədicilərini zəhərli buxar, qaz və ya aerozol vasitəsilə zəhərləyərək məhv etmək üçün maye, bərk və qaz halında olan pestisidlərdən istifadə edir.
9. Fumiqasiya dəstəsi tərəfindən zərərsizləşdirmə zamanı xüsusi geyim formalarından və mühafizə vasitələrindən istifadə olunmalı, təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.
10. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi onların xüsusiyyətlərindən, miqdarından, sirayətlənmənin dərəcəsindən və digər amillərdən asılı olaraq Nazirliyin müvafiq təlimatı əsasında və rayon (şəhər) fitosanitar nəzarəti məntəqəsinin nümayəndəsinin nəzarəti altında aparılır.
11. Zərərsizləşdirmədən sonra fumiqasiya dəstəsi tərəfindən iki nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi zərərsizləşdirilən materialın (yükün) sahibinə (daşıyıcısına və ya digər səlahiyyətli şəxsə) təqdim olunur, ikinci nüsxəsi isə Nazirlikdə saxlanılır.
Aktda aşağıdakılar öz əksini tapmalıdır:
fumiqasiya dəstəsinin nümayəndəsinin soyadı, adı, atasının adı, tutduğu vəzifə;
zərərsizləşdirməyə nəzarət edən Nazirliyin nümayəndəsinin soyadı, adı, atasının adı və tutduğu vəzifə;
karantin nəzarətində olan materialları zərərsizləşdirilməyə təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı (hüquqi şəxs üçün - təşkilatın adı və hüquqi ünvanı);
zərərsizləşdirmənin yeri, ekspozisiyası (saat, dəqiqə);
pestisidin adı, tətbiq norması;
zərərsizləşdirilən materialın (yükün) deqazasiyası (saat);
digər zəruri məlumatlar.
12. Bu Qaydalara uyğun zərərsizləşdirilmiş karantin nəzarətində olan materialları müşayiət edən sənədlərdə (fitosanitar sertifikatı, təkrar ixracat sertifikatı, daxili karantin sertifikatı) aparılan əməliyyatlar öz əksini tapmalıdır.
1. 16 yanvar 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39)
2. 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)
3. 8 fevral 2010-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 150)
4. 4 dekabr 2014-cü il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1664)
5. 05 fevral 2015-ci il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 fevral 2015-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 218)
6. 16 noyabr 2016-cı il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2016-cı il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1947)
7. 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2162)
8. 28 dekabr 2019-cu il tarixli 510 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2091)
9. 30 dekabr 2022-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 30 dekabr 2022-ci il, “Xalq” qəzeti, 1 yanvar 2023-cü il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1564)