Qanunvericilik › Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Xüsusi rütbələrin verilməsi qaydası

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Fövqəladə hallar orqanlarının əməkdaşlarına xüsusi rütbələr fərdi qaydada, olduqları xüsusi rütbədə xidmət müddəti, tutduqları vəzifədə xüsusi rütbə hədləri və bu Qanunda nəzərdə tutulmuş digər şərtlər nəzərə alınmaqla verilir. Bu Qanunun 21.16-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xüsusi rütbələr ardıcıl olaraq verilir.

21.2. Fövqəladə hallar orqanları əməkdaşlarının xüsusi rütbələrdə xidmət müddəti aşağıdakı kimi müəyyən olunur:

21.2.1. daxili xidmət kiçik çavuşu, tibb xidməti kiçik çavuşu - 1 il;

21.2.2. daxili xidmət çavuşu, tibb xidməti çavuşu - 2 il;

21.2.3. daxili xidmət baş çavuşu, tibb xidməti baş çavuşu - 3 il;

21.2.4. daxili xidmət kiçik giziri, tibb xidməti kiçik giziri - 3 il;

21.2.5. daxili xidmət giziri, tibb xidməti giziri - 3 il;

21.2.6. daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı - 1 il;

21.2.7. daxili xidmət leytenantı, tibb xidməti leytenantı - 2 il;

21.2.8. daxili xidmət baş leytenantı, tibb xidməti baş leytenantı - 3 il;

21.2.9. daxili xidmət kapitanı, tibb xidməti kapitanı - 3 il;

21.2.10. daxili xidmət mayoru, tibb xidməti mayoru - 4 il;

21.2.11. daxili xidmət polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 5 il.

21.3. Ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələrdə, habelə daxili xidmət polkovniki, tibb xidməti polkovniki, daxili xidmət baş giziri, tibb xidməti baş giziri, daxili xidmət sıravisi və tibb xidməti sıravisi xüsusi rütbələrində xidmət müddəti müəyyən edilmir.

21.4. Ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Fövqəladə hallar orqanlarında müvafiq vəzifələrin və bu vəzifələrə uyğun ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21.5. Bu Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı rəhbərinin təsdiq etdiyi vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısına uyğun olaraq verilir.

21.6. Xüsusi rütbələr verilmə ardıcıllığından asılı olaraq ilk və növbəti olur. Bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəti xüsusi rütbələr bu Qanuna uyğun olaraq müvafiq vəzifə üzrə nəzərdə tutulan xüsusi rütbələrdə xidmət müddəti başa çatdıqda verilir.

21.7. Böyük və orta rəis heyəti vəzifələri üçün xüsusi rütbələr müvafiq təqdimatlar əsasında aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:

21.7.1. müvafiq icra hakimiyyəti orqanının aparatının və tabeliyində olan qurumların əməkdaşlarına - müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən;

21.7.2. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən fövqəladə hallar orqanlarının əməkdaşlarına - müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən. Bu halda daxili xidmət polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı, daxili xidmət polkovniki və tibb xidməti polkovniki xüsusi rütbələrinin verilməsi müvafiq icra hakimiyyəti orqanının rəhbəri ilə razılaşdırılır.

21.8. Sıravi heyət və kiçik rəis heyəti vəzifələri üçün xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən verilir.

21.9. Xüsusi rütbələrin verilməsinə dair təqdimatın forması müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən olunur.

21.10. Daxili xidmət sıravisi, tibb xidməti sıravisi ilk xüsusi rütbəsi, sıravi heyət və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları bitirmiş şəxslərə verilir.

21.11. Daxili xidmət kiçik çavuşu və tibb xidməti kiçik çavuşu növbəti xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları müvəffəqiyyətlə başa vurmuş daxili xidmət sıravisi, tibb xidməti sıravisi xüsusi rütbələri daşıyan əməkdaşlara verilir.

21.12. Daxili xidmət kiçik leytenantı və tibb xidməti kiçik leytenantı növbəti xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları bitirmiş, eləcə də xüsusi təyinatlı orta-ixtisas təhsili müəssisələrini bitirib orta rəis heyəti vəzifələrinə təyin edilən sıravi heyət və ya kiçik rəis heyəti rütbələrində olan fövqəladə hallar orqanları əməkdaşlarına verilir.

21.13. Daxili xidmət leytenantı və tibb xidməti leytenantı xüsusi rütbələri aşağıdakı şəxslərə verilir:

21.13.1. xüsusi rütbədə xidmət müddəti başa çatmış daxili xidmət kiçik leytenantına və tibb xidməti kiçik leytenantına;

21.13.2. sıravi heyət və kiçik rəis heyətinin xüsusi rütbələrini daşıyan müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş və orta rəis heyəti vəzifələrinə təyin edilən fövqəladə hallar orqanları əməkdaşlarına;

21.13.3. orta və böyük rəis heyəti vəzifələrinə qəbul edilən ali təhsili olan şəxslərə (ilk xüsusi rütbə kimi).

21.14. Fövqəladə hallar orqanlarının əməkdaşlarına növbəti xüsusi rütbə verilərkən tutduğu vəzifə və xidməti keyfiyyətləri nəzərə alınır.

21.15. Fövqəladə hallar orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların fövqəladə hallar orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər fövqəladə hallar orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir.

21.16. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər, vəzifələrini nümunəvi icra etdiyinə və xidməti nailiyyətlərinə görə fövqəladə hallar orqanları əməkdaşlarına mükafatlandırma qaydasında bu Qanunda nəzərdə tutulmuş müvafiq rütbədə xidmət müddəti başa çatmamış və ya tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yüksək xüsusi rütbə verə bilərlər.

21.17. Fövqəladə hallar orqanları əməkdaşına bu Qanunun 21.16-cı maddəsində nəzərdə tutulmuş hallarda növbəti xüsusi rütbə, onun daşıdığı xüsusi rütbədə xidmət müddətinin ən azı yarısı keçdikdən sonra, vəzifə ştatları ilə nəzərdə tutulan rütbələr həddində verilə bilər. Rütbədə xidmət müddəti başa çatmamış növbəti xüsusi rütbə və vaxtından əvvəl tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yüksək xüsusi rütbənin verilməsinə əməkdaşın fövqəladə hallar orqanlarında xidmət keçdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

21.18. Vəzifədə irəli çəkilərkən fövqəladə hallar orqanları əməkdaşına bu Qanunun 21.17-ci maddəsinin tələbləri nəzərə alınmadan daşıdığı xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.

21.19. Ehtiyatda olan zabitlər fövqəladə hallar orqanlarında xüsusi rütbələr üzrə vəzifələrə təyin olunduqda həmin şəxslərə ilk xüsusi rütbə, onların hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə, bir pillə yüksək verilə bilər.

21.20. Fövqəladə hallar orqanlarının elmi dərəcəsi olan əməkdaşlarına onların vəzifələri üzrə nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.

21.21. Fövqəladə hallar orqanlarında orta və böyük rəis heyəti vəzifələri üçün ilk və ya attestasiya qaydasında xüsusi rütbələr əməkdaşın təyin olunduğu vəzifənin rütbə həddi daxilində müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir.

21.22. Fövqəladə hallar orqanlarının sıravi heyət və ya kiçik rəis heyəti vəzifələrində olan əməkdaşları orta və ya böyük rəis heyəti vəzifələrinə təyin olunduqda, müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən onlara mövcud xüsusi rütbədə xidmət müddətindən asılı olmayaraq vəzifəyə təyin olunduqları rəis heyətinin ilk xüsusi rütbəsi verilir.

21.23. Fövqəladə hallar orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən əməkdaşlar vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud barələrində xidməti yoxlama qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.

21.24. Xüsusi rütbədə xidmət müddəti həmin xüsusi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.

21.25. Fövqəladə hallar orqanları əməkdaşlarına növbəti xüsusi rütbənin verilməsi əsassız olaraq gecikdirildikdə onların növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan hesablanır.

21.25-1. Fövqəladə hallar orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.

21.26. Fövqəladə hallar orqanları əməkdaşlarının intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət müddətinə daxil edilmir.

21.27. Xüsusi rütbə fövqəladə hallar orqanları əməkdaşlarına ömürlük verilir və onlar yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rütbədən məhrum oluna bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver