33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir:
33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə;
33.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;
33.1.2-1. sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə;
33.1.3. qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə, habelə hərbi və ya hüquq mühafizə orqanlarına xidmətə keçdikdə;
33.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar;
33.1.5. uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə xüsusi-həkim ekspertiza komissiyasının rəyi olduqda;
33.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda;
33.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;
33.1.8. müvafiq icra hakimiyyəti orqanının tələbi ilə tibbi müayinədən keçməkdən imtina etdikdə;
33.1.9. bu Qanunla fövqəladə hallar orqanlarında xidmətə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;
33.1.10. bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə;
33.1.11. xidmətdə olmanın son yaş həddinə çatdıqda;
33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə;
33.1.13. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
33.2. Bu Qanunun 33.1.2-ci, 33.1.4-cü və 33.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə əməkdaşın fövqəladə hallar orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya əməkdaş digər vəzifəyə keçirilmədən imtina etdikdə, xidmətkeçməyə xitam verilir.
33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
33.4. Fövqəladə hallar orqanlarının əməkdaşı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (bu Qanunun 33.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), habelə məzuniyyətdə və ya ezamiyyətdə olduğu vaxt ərzində fövqəladə hallar orqanının rəhbərinin təşəbbüsü ilə onun xidmətkeçməsinə xitam verilə bilməz.