Qanunvericilik › Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Fövqəladə hallar orqanlarına xidmətə qəbulun qaydaları və şərtləri

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının fövqəladə hallar orqanlarında xidmət keçmək hüququ vardır.

4.2. Fövqəladə hallar orqanlarına xidmətə qəbul könüllülük əsasında həyata keçirilir.

4.3. Fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmək üçün təqdim olunan ərizənin forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4.4. Fövqəladə hallar orqanlarına xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.

4.5. Fövqəladə hallar orqanlarına xidmətə qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin xidmətə qəbul olunmaması və ya xidmət keçməsinə xitam verilməsi üçün əsasdır.

4.6. Fövqəladə hallar orqanlarında xidmət keçən şəxslər arasında xidməti münasibətlərin tənzimlənməsi, onların ixtisas keyfiyyətlərinin müəyyən olunması məqsədi ilə bu orqanlarda sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələri, habelə həmin vəzifələrə uyğun bu Qanunda nəzərdə tutulmuş xüsusi rütbələr müəyyən edilir.

4.7. Fövqəladə hallar orqanlarında sıravi heyət və kiçik rəis heyəti vəzifələri bir qayda olaraq, tam orta və ya orta ixtisas təhsilli şəxslər hesabına müsahibə əsasında müqavilə (kontrakt) yolu ilə komplektləşdirilir. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında müqavilənin (kontraktın) forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4.8. Fövqəladə hallar orqanlarında orta rəis heyəti vəzifələri ali və ya orta ixtisas təhsilli, böyük rəis heyəti vəzifələri isə bir qayda olaraq, ali təhsilli şəxslər hesabına müsahibə yolu ilə komplektləşdirilir.

4.9. Fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmaq üçün müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4.10. Fövqəladə hallar orqanlarına xidmətə qəbul müvafiq icra hakimiyyəti orqanı rəhbərinin və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmri ilə rəsmiləşdirilir.

4.11. İkili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və ya əqli pozuntularına görə fövqəladə hallar orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidmətlə bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edil­miş şəxslər fövqəladə hallar orqanlarına xidmətə qəbul edilə bilməzlər.

4.12. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar, habelə, bir qayda olaraq, yaşı otuzu keçmiş şəxslər fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

4.13. Bu Qanunun 4.12-ci maddəsində nəzərdə tutulmuş yaş məhdudiyyəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən böyük və ali rəis heyəti vəzifələrinə xidmətə qəbul edilən şəxslərə, habelə zəruri hallarda fövqəladə hallar orqanlarında maliyyə, təsərrüfat, tibb, təhsil və digər spesifik sahələr üzrə sıravi heyət, kiçik və orta rəis heyəti vəzifələrinə qəbul edilən yaşı qırxadək olan şəxslərə şamil edilmir.

4.14. Fövqəladə hallar orqanlarına xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin fiziki hazırlığı və sağlamlıq vəziyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yoxlanılır.

4.15. Fövqəladə hallar orqanlarının əməkdaşları hərbi qeydiyyatdan çıxarılaraq müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver