“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və 16-cı maddələrinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 15 fevral 2012-ci il
1.1. Bu Qaydalar “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında”, “Poçt haqqında”, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 231 nömrəli Fərmanına əsasən hazırlanmışdır və fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə şəbəkələrinin və vasitələrinin ilk növbədə səlahiyyətli dövlət orqanlarının istifadəsinə verilməsi, rabitə şəbəkələrinin mərkəzləşdirilmiş qaydada idarə olunması, abunəçilərə və istifadəçilərə rabitə xidmətlərinin göstərilməsi istiqamətlərini müəyyən edir.
1.2. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutulduqda, bu Qaydalarla müəyyən edilmiş rabitədən istifadə üçün xüsusi tələblərə riayət olunmalıdır.
1.3. Bu Qaydalar fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə mülkiyyət formasından asılı olmayaraq, bütün telekommunikasiya və poçt rabitəsi operatorlarının fəaliyyətini tənzimləyir.
1.4. Fövqəladə vəziyyət şəraitində mülkiyyət formasından asılı olmayaraq bütün rabitə operatorlarının və müəssisələrinin hüquqlarının və qanuni mənafelərinin, rabitə xidmətlərindən istifadə edən abunəçilərin və istifadəçilərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu tədbirlər ayrı-ayrı şəxslərin və əhalinin ayrı-ayrı qruplarının ayrı-seçkiliyinə səbəb olmamalıdır.
1.5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fövqəladə vəziyyət şəraitində qarşılıqlı əlaqədə olan ümumistifadəli rabitə şəbəkələrinin dayanıqlı işinin və səlahiyyətli dövlət orqanlarının rabitə xidmətlərinə yarana bilən ehtiyaclarının ödənilməsi üçün fövqəladə vəziyyət şəraitinə qədər aşağıdakıları təmin edirlər:
1.5.1. material ehtiyatlarının (xüsusi səyyar telekommunikasiya vasitələri, qurğuları, sonlama avadanlıqları, nəqliyyat vasitələri və digər zəruri texnika) yaradılmasını;
1.5.2. istismar müddəti başa çatmış rabitə avadanlığı və vasitələrinin vaxtaşırı yeniləri ilə əvəz edilməsini;
1.5.3. material ehtiyatlarının saxlanılması üçün yerlərin (anbar və bu kimi digər saxlanc yerlərinin (o cümlədən ümumistifadəli telekommunikasiya operatorlarında) müəyyən edilməsini;
1.5.4. material ehtiyatlarının saxlanıldığı yerlərdən zəruri avadanlıq və digər texnikanın aidiyyəti üzrə buraxılması barədə sərəncam verilməsini.
1.6. Ümumistifadəli telekommunikasiya operatoru onun ərazisində yerləşdirilmiş material ehtiyatlarının etibarlı mühafizəsini təmin etməlidir.
2.1. Fövqəladə vəziyyət şəraitində ümumistifadəli telekommunikasiya şəbəkələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur.
2.2. Fövqəladə vəziyyət şəraitində digər ümumistifadəli rabitə şəbəkələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olan şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları, habelə xüsusi rabitə şəbəkəsi olan digər subyektlər ilə əlaqəli şəkildə idarə olunur.
2.3. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yerləşən ümumistifadəli telekommunikasiya şəbəkələrində (o cümlədən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin strukturuna daxil olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” İstehsalat Birliyinin yayım obyektlərində) və poçt rabitəsinin milli operatorunun (“Azərpoçt” MMC-nin) poçt rabitəsi obyektlərində fövqəladə iş rejimi tətbiq olunur, rabitə birlik və müəssisələri tərəfindən rəhbər və mütəxəssis heyətindən ibarət növbətçi dispetçer xidməti, onun nəzdində təmir-bərpa qrupları təşkil olunur.
2.4. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yerləşən poçt rabitəsinin milli operatorunun obyektlərində növbətçi qruplar yaradılır.
2.5. Fövqəladə vəziyyət şəraitində telekommunikasiya operatorları və provayderləri ilk növbədə dövlət hakimiyyəti, o cümlədən müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və daxili işlər orqanlarının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılmasını, etibarlılığını təmin etməli, zədələnmiş telekommunikasiya kanallarının dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlər görməli, həmin orqanların telekommunikasiya xidmətlərinə tələbatının ödənilməsinə zəruri şərait yaratmalıdırlar.
2.6. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru tərəfindən aidiyyəti üzrə etibarlı rabitənin təmin edilməsi üçün görülən zəruri işlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
2.7. Fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrinin dayanıqlı işləməsinin təmin edilməsi, müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər dövlət orqanlarının (o cümlədən fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı) ehtiyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən telekommunikasiya operatorlarının şəbəkələri arasında qarşılıqlı arabağlantının və səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmaqla trafikin istiqamətləndirilməsinin xüsusi şərtləri müəyyən edilir.
2.8. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələrinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmasına Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məhdudiyyət qoyula bilər.
2.9. Rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru öz funksiyalarını bu Qaydalara uyğun yerinə yetirmədikdə, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə belə rabitə müəssisələrinin ümumistifadəli telekommunikasiya şəbəkələri və poçt rabitəsinin milli operatorunun obyektləri üzərində birbaşa idarəetmə müvəqqəti olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən (tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi vasitəsilə) həyata keçirilə bilər.
3.1. Fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə qanunvericiliyə uyğun olaraq digər səlahiyyətli dövlət orqanları təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, zəruri rabitə şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər.
3.2. Fövqəladə vəziyyət şəraitində zəruri rabitə şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə qanunvericiliyə uyğun olaraq digər səlahiyyətli dövlət orqanları tərəfindən müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.
3.3. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sərəncamı ilə ümumistifadəli telekommunikasiya xidmətləri göstərən rabitə müəssisələri tərəfindən ilk növbədə müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər dövlət orqanlarının (o cümlədən fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantının) istifadəsinə aşağıdakılar verilir:
3.3.1. rabitə xətləri, ayrılmış rabitə kanalları, o cümlədən sellülar, simsiz və texniki cəhətdən ayrılması mümkün olan digər telekommunikasiya kanalları;
3.3.2. telefon rabitə şəbəkəsində abunə (nömrə) tutumu;
3.3.3. sellülar, simsiz, peycinq, radiotrank və digər telekommunikasiya şəbəkələrində abunə (nömrə) tutumu;
3.3.4. internetə, teleqraf şəbəkəsinə qoşulma;
3.3.5. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə istifadə olunan radiorabitə kanalları;
3.3.6. bu Qaydaların 3.3.2-3.3.3-cü yarımbəndlərində göstərilmiş ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmuş sonuncu avadanlıq və qurğular (aidiyyəti rabitə müəssisələri ilə abunə müqaviləsi bağlamaq şərtilə);
3.3.7. rabitə müəssisələrinə ayrılmış nömrə resursları (ilk növbədə abunəçilərin istifadəsinə verilməmiş (boş) nömrə resursları, zərurət olduqda isə, ilk növbəli abunəçilər istisna olmaqla, digər abunəçilərin istifadəsində olan nömrə resursları);
3.3.8. digər rabitə vasitələri və qurğuları.
3.4. Fövqəladə vəziyyət şəraitində hüquqi rejimi təmin etmək vəzifələrini yerinə yetirən Azərbaycan Respublikasının Daxili Qoşunlarına və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə öz hərbi hissələrini, bölmələrini və qurumlarını idarə etmək üçün qanunvericiliyə əsasən rabitə xətləri və kanalları ilk növbədə və haqqı ödənilmədən istifadəyə verilir.
3.5. Fövqəladə vəziyyət şəraitində vəzifələri icra edərkən Azərbaycan Respublikasının Daxili Qoşunlarına, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara (diplomatik immuniteti olanlardan başqa), ictimai birliklərə məxsus rabitə vasitələrindən xidməti məqsədlər üçün istifadə etmək hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada verilə bilər.
3.6. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə müəssisələri tərəfindən müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər orqanlarına, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və digər dövlət orqanlarına (o cümlədən fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantına), fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən dövlət hakimiyyəti orqanları tərəfindən təqdim edilmiş siyahı üzrə abunəçilərə rabitə xidmətlərinin göstərilməsinin həmin orqanların və ya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin razılığı olmadan dayandırılmasına yol verilmir.
3.7. Qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə bu Qaydaların 3.3-cü bəndində göstərilmiş dövlət orqanlarının ehtiyaclarını təmin etmək məqsədi ilə rabitə şəbəkələrinin və vasitələrinin fəaliyyətinin (o cümlədən abunəçilərə, ilk növbəli abunəçilər istisna olmaqla, telekommunikasiya xidmətlərinin göstərilməsinin) müvəqqəti məhdudlaşdırılmasına və ya dayandırılmasına aşağıdakı hallarda yol verilir:
3.7.1. ümumistifadəli telekommunikasiya şəbəkələri və kanallarında (xətlərində) boş tutum olmadıqda;
3.7.2. ümumistifadəli telekommunikasiya şəbəkələrinin təhlükəli dərəcədə artıq yüklənməsinin qarşısının alınması tələb olunduqda;
3.7.3. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə istifadə olunan radioelektron vasitələrinin elektromaqnit uzlaşmasının təmin edilməsi tələb olunduqda.
3.8. Telekommunikasiya şəbəkələrinin və vasitələrinin ilk növbədə aidiyyəti dövlət orqanlarının istifadəsinə verilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması barədə qərar fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə rabitə şəbəkələrinin və vasitələrinin mövcud vəziyyətinin təhlili əsasında bu Qaydaların 3.2-ci bəndində göstərilmiş səlahiyyətli dövlət orqanları tərəfindən qəbul edilir. Qəbul edilmiş qərarda telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin (o cümlədən abunəçilərə, ilk növbəli abunəçilər istisna olmaqla, telekommunikasiya xidmətlərinin göstərilməsinin) məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti göstərilir.
3.9. Telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin (o cümlədən abunəçilərə, ilk növbəli abunəçilər istisna olmaqla, telekommunikasiya xidmətlərinin göstərilməsinin) məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti fövqəladə vəziyyətin qüvvədə olma müddətindən artıq ola bilməz.
3.10. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının dövlət hakimiyyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və hüquq mühafizə orqanlarının ehtiyacları üçün ayrılan kanallara və göstərilən rabitə xidmətlərinə görə qabaqcadan ödənişin tələb olunmasına yol verilmir.
4.1. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini əvvəlcədən məlumatlandırmaqla, bu Qaydaların 3.7.1-3.7.3-cü yarımbəndlərində göstərilmiş hallarda (abunəçinin və istifadəçinin razılığı olmadan) telefon xidmətləri göstərən rabitə müəssisələrinin abunəçilər üçün müəssisə və mənzillərdə qoyulmuş telefonlarının xətdən müvəqqəti açılmasına qərar vermək, internet provayderlərinin internet xidmətlərinin göstərilməsini dayandırmaq səlahiyyətləri vardır.
4.2. Fövqəladə vəziyyət şəraitində rabitə xidmətlərindən ilk növbədə istifadəyə şərait yaradılması üçün Xüsusi kartoteka abunəçilərinin siyahısı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ildə iki dəfədən az olmayaraq, səlahiyyətli dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib edilərək icra üçün aidiyyəti rabitə müəssisələrinə və poçt rabitəsinin milli operatoruna göndərilir.
4.3. Abunəçiyə telefon rabitə xidmətinin göstərilməsi (abunəçi üçün qoyulmuş telefon xəttindən açılmadan) məhdudlaşdırıldığı halda, onun telefon vasitəsilə ixtisaslaşdırılmış təcili yardım xidmətləri (yanğından mühafizə, polis, təcili tibbi yardım, fövqəladə hallar, qaz və elektrik qəza xidmətləri və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) ilə əlaqəsi mümkün həddədək təmin edilir.
4.4. Abunəçilər və istifadəçilər (diplomatik immuniteti olanlardan başqa) fövqəladə vəziyyətdə polis, təcili tibbi yardım və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları işçilərinin telefondan maneəsiz istifadə etmələrinə şərait yaratmalıdırlar.
4.5. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əhali və ərazilərin fövqəladə hal və fövqəladə vəziyyət barədə xəbərdar edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dövlət orqanlarını bu fəaliyyəti həyata keçirmək məqsədi ilə ehtiyac yarandıqda, əlavə resurslarla təmin edir.
5.1. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən poçt operatorlarının fəaliyyəti mərkəzləşdirilmiş şəkildə koordinasiya edilərək əhalinin poçt xidmətlərinə olan ehtiyaclarının ödənilməsi təmin edilir, zərurət yarandıqda, xaricdən daxil olan humanitar yardımların poçt vasitəsilə daşınması təşkil edilir.
5.2. Fövqəladə vəziyyət şəraitində polis, təcili tibbi yardım və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanlarının telekommunikasiyadan istifadə imkanları məhdudlaşdığı halda, onlara Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sərəncamı ilə poçt rabitəsinin milli operatoru tərəfindən kuryer xidmətlərindən istifadə imkanları yaradılır.
6.1. Bu Qaydaların tələblərinin pozulması hallarında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət tədbirləri tətbiq edilir.
1. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
2. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
3. 21 yanvar 2019-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 163)
4. 15 iyul 2019-cu il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1333)
5. 4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386)
6. 2 dekabr 2023-cü il tarixli 432 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 dekabr 2023-cü il, “Xalq” qəzeti, 5 dekabr 2023-cü il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1767)
7. 29 yanvar 2026-cı il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2026-cı il, “Xalq” qəzeti, 6 fevral 2026-cı il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 98)