8.0. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
8.0.1. müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də yerli özünüidarə orqanlarının səlahiyyətlərinin tam və ya qismən dayandırılması;
8.0.2. vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;
8.0.3. ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;
8.0.4. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;
8.0.5. gündəlik tələbat mallarının və qida məhsullarının əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;
8.0.6. yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağan və ya məhdudiyyət qoyulması;
8.0.7. müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsi;
8.0.8. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması;
8.0.9. partlayıcı, radioaktiv, eləcə də təhlükəli kimyəvi və bioloji məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin tam və ya qismən dayandırılması;
8.0.10. fövqəladə hallarla əlaqədar olaraq maddi və mədəni sərvətlərin məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında təhlükəsiz rayonlara köçürülməsi;
8.0.11. komendant saatının tətbiqi, yəni vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlər və xüsusi icazə vərəqələri olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;
8.0.12. şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə ilkin senzuranın tətbiqi vasitəsilə media subyektlərinin azadlığının məhdudlaşdırılması, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti götürülməsi, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilməsi;
8.0.13. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;
8.0.14. vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərin, onların şəxsi əşyalarının və mənzillərinin yoxlanılması;
8.0.15. silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatlarının, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların dövriyyəsi üzrə xüsusi rejimin yaradılması; müstəsna hallarda fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti götürülməsinə yol verilməsi;
8.0.16. fövqəladə vəziyyət rejimini pozan və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin onların öz hesabına, maddi imkanları olmadıqda isə dövlət büdcəsinin vəsaiti hesabına (bu vəsaitin sonradan qaytarılması şərtilə) həmin ərazinin hüdudlarından çıxarılması;
8.0.17. stasionar və ya müvəqqəti yaşayış yerləri ilə mütləq şəkildə təmin olunması şərtilə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi;
8.0.18. karantin tətbiq edilməsi, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin həyata keçirilməsi;
8.0.19. dövlətin maddi ehtiyatlarının cəlb edilməsi, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin resurslarının səfərbər olunması, onların iş rejiminin dəyişdirilməsi, göstərilən təşkilatların istehsalının fövqəladə rejim şəraitinə uyğunlaşdırılması və fövqəladə rejim şəraitində istehsal-təsərrüfat fəaliyyətinin münasib surətdə dəyişdirilməsi;
8.0.20. fövqəladə vəziyyətin qüvvədə olduğu dövr ərzində öz vəzifələrini layiqincə yerinə yetirməyən dövlət təsisatlarına rəhbərlik edən şəxslərin vəzifədən azad edilməsi və vəzifələrin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması;
8.0.21. əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə qəzaxilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müstəsna hallarda əmək qabiliyyətli əhalinin səfərbər olunması və vətəndaşların nəqliyyat vasitələrinin cəlb edilməsi;
8.0.22. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara riayət olunması;
8.0.23. fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi.