Qanunvericilik › “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.02.2005) › Tam mətn

“Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.02.2005)

“Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.02.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 fevral 2005-ci il

1.1. Bu Qayda “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun olaraq fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində bütün hüquqi və fiziki şəxslərin əmlak və sosial hüquqlarını təmin etmək məqsədilə hazırlanmışdır.

1.2. Bu Qayda fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsini, dəymiş maddi zərərin ödənilməsini, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsini (bundan sonra - zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi) tənzimləyir.

1.3. Bu Qaydanın 1.2-ci bəndində göstərilmiş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.

1.4. Bu Qaydanın 1.2-ci bəndində göstərilmiş tədbirlər fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması tam başa çatanadək həyata keçirilir.

2.1. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantının (bundan sonra - komendant) əmri ilə həmin ərazi üzrə yerli icra hakimiyyəti orqanının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, bələdiyyələrin nümayəndələrindən ibarət komissiya yaradılır və onun reqlamenti təsdiq edilir.

Zərurət yarandıqda, komissiyanın tərkibinə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən dövlət təşkilatlarının, hüquqi şəxslərin nümayəndələri, habelə həmin ərazidə yaşayan fiziki şəxslər daxil edilə bilər.

2.2. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə komissiya aşağıdakıları həyata keçirir:

a) fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ziyan dəymiş yaşayış yerlərinin (yaşayış evlərinin, yaşayış binalarının və digər yaşayış sahələrinin) siyahısını tərtib edir, onlara dəymiş ziyanın dərəcəsini müəyyənləşdirir;

b) fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlaka (bu bəndin a) yarımbəndində göstərilən əmlak istisna olmaqla) dəymiş ziyanı müəyyən edir;

c) fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində ölən və yaralananların sayını müəyyənləşdirir;

ç) fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində iş yerlərindən məhrum olmuş şəxslərin sayını müəyyənləşdirir;

d) fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində çıxarılmalı olan əhalinin və əmlakın sayı barədə ətraflı məlumat hazırlayır;

e) çıxarılmalı olan əhalinin və əmlakın yerləşdirilməsi ilə bağlı təkliflər verir;

f) zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə komendant tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.

2.3. Komissiya bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini müvafiq aktlarla rəsmiləşdirir və həmin aktların tərtib edildiyi andan bir gün müddətində komendanta təqdim edir. Aktda dəymiş zərərin müəyyən edilməsi üçün komissiya tərəfindən əsas kimi hesab edilən əsaslandırılmış şərtlər və zərərin məbləği göstərilməlidir.

3.1. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə (yaşayış evlərinə, yaşayış binalarına və digər yaşayış sahələrinə), habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan digər əmlaka dəymiş ziyan komendantlıq tərəfindən ümumiləşdirilir və bununla bağlı müvafiq sənədlər ziyanın ödənilməsinə dair təkliflərlə iki gün müddətində Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına təqdim edilir.

Fövqəladə Hallar üzrə Dövlət Komissiyası təqdim edilən məlumatları araşdırıb təsdiq etdikdən sonra İki gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə (yaşayış evlərinə, yaşayış binalarına və digər yaşayış sahələrinə), habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan digər əmlaka dəymiş ziyanın ödənilməsi barədə sərəncam qəbul edir. Sərəncamda ziyanın ödənilməsi qaydası, vaxtı, yeri, habelə bu işləri həyata keçirəcək icraçı təşkilatlar göstərilir.

Zərərin əvəzi natura və ya pul formasında ödənilə bilər. İlkin olaraq, minimum yaşayış üçün zəruri olan ərzaq məhsulları, məişət avadanlıqları, tibbi və s. natura formasında olan ləvazimat təxirəsalınmadan verilməlidir. Pul formasında yardımın göstərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcədən ayrılmış vəsaiti müəyyən edilmiş qaydada rayon (şəhər) yerli maliyyə orqanlarına köçürür. Yerli maliyyə orqanları həmin vəsaitin zərər çəkmiş şəxsin adına yaşadığı və ya qeydiyyatda olduğu ərazi üzrə açılmış bank hesablarına müəyyən edilmiş qaydada köçürülməsini təmin edirlər. Dəymiş zərərin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilir. Komendant sərəncamın icrasına nəzarət edir.

3.2. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində ölənlərin dəfn edilməsi və yaralananlara yardım göstərilməsi komendantın göstərişi əsasında müvafiq ərazinin aidiyyəti təşkilatları tərəfindən həyata keçirilir. Zərər çəkmiş şəxslərə tibbi xidmət respublikanın tibb müəssisələri tərəfindən göstərilir.

Zərurət olduqda, bu prosesə komendantın müraciətinə əsasən qonşu ərazinin aidiyyəti təşkilatları cəlb edilir.

Ölənlərin dəfn edilməsi və yaralananlara yardım göstərilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılması bu Qaydanın 3.1-ci bəndinə uyğun həyata keçirilir.

3.3. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində iş yerlərindən məhrum olmuş şəxslərin müvafiq işlə təmin olunması məqsədilə komendant həmin şəxslərin işə düzəldilməsi və ya işlə təmin etmək mümkün olmadıqda, çatışmayan iş yerlərinin yaradılması barədə müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət edir.

Müəssisə, idarə və təşkilatlarda zərər çəkmiş şəxslərin işə düzəldilməsi üçün müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kvotalar müəyyən edilə bilər.

Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün bərpa, qəza-xilasetmə və digər haqqı ödənilən ictimai işlər təşkil olunarkən bu işlərə ilk növbədə ixtisası və peşəsi uyğun gələn zərər çəkmiş şəxslərin cəlb olunmaq hüququ vardır.

Fövqəladə hallar şəraitində müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülmüş zərər çəkmiş şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən müvafiq işlə təmin edilirlər, bu mümkün olmadıqda isə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə tədbirlər həyata keçirilir.

3.4. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində çıxarılmalı olan əhali və əmlak komendantın göstərişi əsasında müvafiq ərazi daxilində, bu mümkün olmadıqda isə komendantın müraciəti ilə qonşu ərazidə müvəqqəti yerləşdirilir.

Əhalinin və əmlakın yerləşdirilməsi müvafiq ərazinin aidiyyəti təşkilatla-n tərəfindən həyata keçirilir.

Əhalinin və əmlakın yerləşdirilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılması bu Qaydanın 3.1-ci bəndinə uyğun həyata keçirilir.

Fövqəladə vəziyyətin tətbiqi nəticəsində zərər çəkmiş şəxslərə yaşayış yerləri verilərkən ailə üzvlərinin sayı və sosial tərkibi nəzərə alınmalıdır.

Zərər çəkmiş şəxslərin yaşayış yeri ilə təmin olunması başqa şəxslərin hüquqlarının pozulması ilə həyata keçirilməli deyil.

Zərər çəkmiş şəxsləri yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan binalarda yerləşdirmək mümkün olmadıqda, onlar xüsusi təşkil edilmiş düşərgələrdə yerləşdirilir.

3.5. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər.

1. 30 noyabr 2020-ci il tarixli 472 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1415)

2. 5 mart 2021-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 274)

3. 2 dekabr 2023-cü il tarixli 432 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 dekabr 2023-cü il, “Xalq” qəzeti, 5 dekabr 2023-cü il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1767)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver